Cümə axşamı, 23 İyun 2016 22:00

"Müxtəlif federasiyalara məmur-oliqarxlar rəhbərlik etdikcə, idmanın inkişafından söhbət gedə bilməz”

Əli Əliyev: “Nə qədər ki, Prezident Əliyev müxtəlif federasiyaları məmur-oliqarxlara bağlayıb, idmanın inkişafından söhbət gedə bilməz”

Vətəndaş və İnkişaf  Partiyasının  (VİP)  sədri Əli Əliyev özünün “Facebook” səhifəsində futbol üzrə Avropa Çempionatı fonunda Azərbaycan hakimiyyətinin idman siyasətinin yarıtmazlığına dair yazı yerləşdirib. Həmin yazını təqdim edirik:

“Futbol üzrə Avropa çempionatının daha bir maraqlı detalı üzərində Azərbaycanımızın vəziyyətini qiymətləndirmək istəyirəm.

Çempionatın play-off mərhələsinə İslandiya millisi çıxa bildi. Turnirin əvvəlində bu yığmanı heç kəs ciddiyə almırdı. Qrupda rəqibləri olan Portuqaliya, Avstriya və Macarıstanın şansları daha yüksək qiymətləndirilirdi. Elə ilk oyunda heç-heçəyə qalan portuqallar elə qəzəblənmişdilər ki, ənənəvi mayka dəyişikliyindən imtina etmişdilər. Avstriyalalılar da məğlub olacaqlarını düşünmürdülər. Lakin sensasiya sayıla biləcək bu nəticələr artıq reallıqdır.

Müasir idman nəzəriyyələrində komanda idman növləri böyük və iqtisadi baxımdan güclü dövlətlərin ünvanına aid edilir. Lakin İslandiya nümunəsi belə nəzəri yanaşmaları alt-üst edir. Sayı 300 min civarında olan bu ada dövlətin əhalisi futbol vurğunudur. İdmanın populyarlığı hökümətin gənclərin pis vərdişlərdən çəkindirilməsi üçün tətbiq etdiyi proqramlardan sonra yüksəlib. Yığmanın bütün oyunçuları legionerdirlər, yəni Avropanın başqa çempionatlarında oynayırlar.

İslandiya həm də o dövlətdir ki, onun Baş naziri vəzifəyə gələnə qədər offşor bölgədə malik olduğu əmlakını həyat yoldaşına rəmzi məbləğə satdığına və ümumiyyətcə oraya pul yatırdığına görə Panama sənədləri aşkarlandıqda, ictimaiyyətin təzyiqi altında dərhal postundan istefa verdi. İslandiya həm də o kiçik ada dövlətdir ki, 2008-ci ildəki böhran zamanı bank sektoru çökdükdə, Azərbaycana məxsus xeyli vəsait də o banklarda batdı. Çünki bizim başbilənlər Bakının bir rayonu qədər əhalisi olan bir dövlətin bank sektoruna etibar etmişdilər. Axı biz özümüz neft satmaqdan başqa heç nə bacarmırıq.

Əminəm ki, İslandiyada Olimpiya mərkəzləri mövcud deyil. Onlarda da Prezident lap çoxdan, 1996-cı ildən idarə edir. Lakin o seçkilərdə demokratik yolla seçilir. Uzunmüddətli idarəçiliyinin səbəbi isə onun personasına xalqın həqiqi olaraq alternativ görməməsidir. 4 ildən bir keçirilən seçkilərin bəzilərində həqiqətən namizəd irəli sürmək fikrinə düşən vətəndaş olmayıb. Nonsens olsa da, real vəziyyətdir.

İslandiyada 9 iqlim qurşağı yoxdur və təbii ehtiyatlar heç səviyyəsindədir. Əsas sahələr balıqçılıq və kənd təsərrüfatıdır. Bununla belə, 2007-ci ildə BMT-nin qiymətləndirməsinə görə ada-dövlət yaşayış üçün dünyanın ən yaxşı dövləti elan edilib. Fransaya 30 minə yaxın azarkeş gəlib, təxminən əhalinin 10%-i. Bir anlığa düşünək ki, fantastik görünsə də Azərbaycan yığması final mərhələyə vəsiqə qazanıb. Azərbaycan əhalisinin neçə faizi komandasına azarkeşlik imkanına malik olardı. Yaxud İslandiya nümunəsində, 1 milyon azərbaycanlının Fransa şəhərlərinə voyajını necə təsəvvür edirsiniz? Fransa bir yana dursun, hakimiyyətimizin yürütdüyü belə siyasət davam etsə, ev sahibliyi edəcəyimiz 2020-ci il Avropa birinciliyində Bakı stadionlarına getmək üçün əhalimizin 1%-nin bilet almaq imkanı olmayacaq.

Gətirdiyim bu nümunə hakimiyyətin ən çox qürrələndiyi idman və iqtisadiyyatın nə vəziyyətdə olduğunun göstəricisidir. Nə qədər ki, Prezident Əliyev müxtəlif federasiyaları məmur-oliqarxlara bağlayıb, idmanın inkişafından söhbət gedə bilməz. Ola bilər ki, adı rüşvətə bulaşmış federasiyalardan(UEFA, İOC və s.) ev sahibliyi hüququ əldə edək, rüşvətxorlarla dil tapmaq məharimizin yüksək olduğuna qətiyyən şübhə etmirəm. Lakin idman sahələri peşəkarlara həvalə edilməyənə qədər, oliqarxlar milliləşdirilən legionerlərlə gözə kül üfürməkdə davam edəcəklər. İdman isə geriləyəcək. Çünki başı xəzinə oğurluğuna qarışan şəxslərin idmanı qaldırmaq kimi istəyi ola bilməz. Onlar bu oğurluğa şərait yaradan və göz yuman İnstansiyanın xoşuna gəlmək üçün, bu halda formal nəticələr uğrunda çalışırlar”.

Oxunuş sayı 1448 dəfə
Şərh vermək üçün giriş edin
Top