Çərşənbə, 08 Oktyabr 2014 21:00

“QHT-lərin müstəqil fəaliyyət göstərməsi üçün ciddi maneələr yaradılıb”

Taryel Bayramov: “Hökumət siyasi iradə nümayiş etdirərək problemlərin həlli üçün qanunvericilikdə düzəlişlər edə bilər”

“Çox təəssüflə qeyd etmək lazımdır ki, vəziyyət əvvəlkindən daha kritikdir. Faktiki olaraq hökumət vətəndaş cəmiyyətinə, xüsusilə Qeyri-Hökumət Təşkilatlarına siyasi rəqib kimi baxır”. Bu sözləri “Demokratik Dəyərlərə Dəstək” İctimai Birliyinin sədri Taryel Bayramov ölkədə QHT sektorunun vəziyyətini izah edərkən “Doğru xəbər”ə bildirib. T.Bayramov vətəndaş cəmiyyətinin acınacaqlı durumda olduğunu vurğulayıb: “Bütün dünya ictimaiyyətinə məlumdur ki, Azərbaycanda siyasi müxalifət sıradan çıxarılmış vəziyyətdədir. Buna görə də hökumət Vətəndaş Cəmiyyəti İnstitutlarının güclənməsindən qorxaraq, onları zəiflətmək üçün öz rıçaqlarından istifadə etməyə qərar vermişdir. 2014-cü ildən başlayan vergi yoxlamaları, açılan cinayət işləri, həbslər və sair təşkilatları bir anda mat vəziyyətinə saldı və QHT-lər sanki seytnot vəziyyətindədirlər. Bakıda keçirilən 42-ci Şahmat olimpiadasında “bayrağı düşmüş” şahmatçılar vətəndaş cəmiyyəti nümayəndələri ilə eyni vəziyyətdədirlər. Buna görə də QHT-lər sözün əsl mənasında müstəqil fəaliyyət göstərməkdə çətinlik çəkirlər. Hökumət isə Azərbaycan Respublikasının Prezidenti Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının kiçik layihələri vasitəsilə ictimai təşkilatları təsir altında saxlamağa çalışır. Burada isə ictimai maraqların müdafiə edilməsi özlüyündə şübhə doğurur”.

T.Bayramov QHT-lərə qarşı təzyiqdən söz açıb: “Normal fəaliyyət göstərən QHT-lərin əlindən alınmış hüquqlarının kiçik bir qismi müxtəlif vasitələrlə geri qaytarılır. Sanki uşağın özünə aid olan oyuncağı ağlamayacağı hesabına ona geri qaytarırsan və şərt kəsirsən ki, bir də şuluq eləmə. Digər tərəfdən vaxtilə təsdiq olunmuş layihələrin bir qismi qeydiyyata alınmışdır. Yeni layihələrin qeydiyyata alınmasından isə söhbət belə getmir. Çünki, qanunların imkan verdiyi şərtlərlə hal-hazırda yeni layihənin yazılması qeyri-mümkündür. Siyasi fəalyyətlə məşğul olan QHT–lərə görə digərlərini cəzalandırmaq nə dərəcədə düzgündür? Yəni, bu sıxışdırma ayrı-ayrı şəxslərlə yekunlaşmamış, bütövlkdə vətəndaş cəmiyyəti nümayəndələrinin fəaliyyətini iflic etmişdir.  Hökumət öz iddiasında əslində özünü gücsüz göstərir. Hansısa “siyasi fəaliyyətin” qarşısını almaq məqsədilə dövlət lazımi şəxsləri cəzalandırmaq əvəzinə bütün vətəndaş cəmiyyətini sıradan çıxarır. Əgər vəziyyət yaxşılaşıbsa, mənim rəhbəri olduğum “Demokratik Dəyərlərə Dəstək İctimai Birliyi” niyə qeydiyyata alınmayıb?

Vətəndaş cəmiyyətinin fəaliyyətində vəziyyətin müsbətə dəyişilməsi üçün hansı addımlar atılmalıdır – sualına T.Bayramov belə cavab verdi: “Sədri olduğum “Demokratik Dəyərlərə Dəstək” İctimai Birliyi qeydiyyatla bağlı Ədliyyə Nazirliyindən imtina cavabı aldıqdan sonra məhkəməyə müraciət etmişik. Bilirsiniz ki, ölkədə QHT-lərin qeydiyyatı neçə illərdir ki, davam edir. Biz təşkilatımızın qeydiyyatı üçün artıq Ali Məhkəməyə müraciət etmişik. Fikrimiz isə imtina cavabı alacağımız təqdirdə Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət etməkdir. Amma hökumət siyasi iradə nümayiş etdirərək problemlərin həlli üçün qanunvericilikdə düzəlişlər edə bilər. Biz isə hüquqi müstəvidə öz mübarizəmizdən əl çəkməməliyik.

Cavad Bədəlov

Oxunuş sayı 880 dəfə
Şərh vermək üçün giriş edin
Top