Bazar, 14 Fevral 2016 21:00

"Hökumət yanlışından bir an öncə qayıtmalıdır..."

Kəmalə Seyidova: "... yoxsa fəlakət qaçılmazdır”

Azərbaycanda hər gün insan haqları və demokratik dəyərlərlə bağlı vəziyyət pisləşir. Hakimiyyət Kütləvi İnformasiya Vasitələrini və siyasi partiyalari proseslərdən uzaqlaşdıra bilib. Nisbətən vətəndaş cəmiyyətinin üzvləri, bəzi QHT-lər mübarizə apara bilirdi. İnsan Haqlarının pozulması ilə bağlı əsas ciddi problemlər (Sərbəst toplaşma, Söz Azadlığı və s.) ölkədə fəaliyyəti olan QHT-lərə qarşı da təzyiqlərin artmasına gətirib çıxardı”. Bu sözləri Demokratik Qadınlar Birliyinin sədri Kamalə Seyidova Xeber.İnfo-a deyib.

K.Seyidova hesab edir ki, siyasi hakimiyyətin təzyiqləri 2013-cü ildən daha da intensivləşib: “Təzyiqlər həm də QHT-lər haqqında qanuna dəyişikliklər edilməsi, şərtlərin sərtləşdirilməsi ilə də müşahidə olunub. Belə ki, 2013-cü il dekbarın 17-də vətəndaş cəmiyyəti isntitutlarının fəaliyyətini tənzimləyən qanunlara Milli Məclis dəyişiliklər etdi. 17 oktyabr 2014-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti bu dəyişikləri imzaladı. Bu dəyişikliklər QHT-lərin fəaliyyətini ciddi şəkildə məhdudlaşdırdı, xarici donorlardan qrant almaga faktiki qadaga olunub. Bundan başqa total şəkildə həbslər başladı, Baş Prokurorluq yanında Ağır Cinayətlərə dair idarədə qeyri-hökumət təşkilatlarına qarşı açılan cinayət işi əsas gətirilərək ölkənin demək olar ki, bütün aktiv QHT-ləri istintaqa cəlb olundu. Qrant ala bilməyən, hər gün hüquq mühafizə orqanları tərəfindən sorğularda incidilən, təhdid və təhqir olunan vətəndaş cəmiyyəti üzvlərinin işi tamamilə iflic oldu. Bu hökümətin ölkəyə vurduğu ən böyük zərbələrdən biri idi. Yanlış siyasətin nəticələri özünü çox gözlətmədi, hökümətin mətbuata və siyasi partiyalara qarşı aqressiv repressiyası vətəndaş cəmiyyətinə qarşı yönələndə ilk olaraq elə hökümətin özünü vurdu.

K.Seyidova QHT-lərə basqının həm də yüzlərlə insanın işsiz qalması ilə nəticələndiyini qeyd edib: “QHT-lərin fəaliyyətinin dayandırılması ölkədə onlarla yox, yüzlərlə insanı işsiz qoydu. Bu azmış kimi, ölkəyə gələn pul axınının da qarşısını aldı. Amma bütün bunlar işin texniki tərəfidir. Vətəndaş cəmiyyətinin iflic edilməsi ölkənin dünyadakı reputasiyasını tamamilə mənfiyə endirdi. Qeyri hökümət təşkilatları ilə əməkdaşlıq edən xarici tərəfdaşları Azərbaycanın adının ən aşağı reytinqli, ən qeyri-tolerant, anti demokratik siyahılara salınmasına nail oldular. İllərlə birgə fəaliyyət göstərdikləri tərəfdaşlarının qanunsuz, şərlənərək həbs olunmasını, ağır sorğular altında əzilərək tamamilə fəaliyyətsiz vəziyyətə gətirilməsini bütün dünyaya çatdırdılar.

Digər tərəfdən, ən böyük zərbə ölkə içində QHT-lərin fəaliyyətinin aşağı düşməsi cəmiyyətə böyük zərbə idi. Çünki, vətəndaş cəmiyyəti tək insan haqları sahəsində fəaliyyət göstərmirdi, eyni zamanda sosial sferada, mədəni, maarifləndirici sahələrdə də öz müsbət rolunu ortaya qoyurdu. Siz bu bir ildə ölkədə cinayətkarlığın nə qədər artıdğını bilirsinizmi? Bəs əhalinin arasında hökümətə və cəmiyyətə qarşı aqressiyanının artmasını necə?

Axı Vətəndaş cəmiyyəti bütün bu prosesdə əhali ilə hökümətin arasında yer alaraq münasibətləri yumuşaltmağa, aqresiyanı azaltmağa, yükü öz üzərinə götürməyə çalışırdı. Siz bunun mənfi nəticələrini daha çox zaman kecdikcə görəcəksiniz.

Hökumət yanlışından bir an öncə qayıtmalı, Azərbaycanın xaricdəki nüfuzunu düzəltmək üçün, həm də baş verəcək böhran zamanı əhalinin aqressiyasını azaltmaq, müəyyən yükü öz üzərinə götürmək məqsədilə Vətəndaş Cəmiyyətinin fəlaiyyətinə yaradılmış əngəlləri anında aradan qaldırmalı, QHT-lərin işinin normallaşması üçün əlindən gələni etməlidir. Yoxsa fəlakət qaçılmazdır”.

Oxunuş sayı 1344 dəfə
Şərh vermək üçün giriş edin
Top