Şənbə, 26 Yanvar 2013 21:00

DİN saxlanılan şəxslərə işgəncə verilməsini təkzib etdi

İsmayıllı olaylarının qarşısını almaq üçün Daxili Qoşunların, Çevik Polis Alayının, Zaqatala rayon Polis Şöbəsinin əməkdaşları rayonda səfərbər oldular. Məlumat var idi ki, qonşu rayondakı polis şöbələrindən də əraziyə ezam olunan işçilər var. Mitinqdən sonra etirazçıların tələbləri ilə birlikdə polisin özünü necə aparması da müzakirə olunur. 

Sabiq polis rəisi, polkovnik, Elmi-Praktik Hüquq Mərkəzinin əməkdaşı Mahmud Hacıyev deyir ki, polis işçiləri mitinq zamanı qanun pozuntularına yol veriblər. "Su şırnaqlarından, rezin güllələrdən, gözyaşardıcı qazlardan son məqamda istifadə olunmalıdır. Bu tədbir lüzum olmadan edilirsə, qanun pozuntusudur. Mən düşünürəm ki, bu tədbirlərə ehtiyac yox idi. Polisin daxili təimatı, hüquqi aktları var, ona əməl olunmalıdır. Su şırnaqlarından, gözyaşardıcı qazdan ən son halda istifadə olunmalıdırsa, bizim polis ilk fürsətdə bunlardan istifadə etdi". 

Ekspert deyir ki, rayona Çevik Polis Alayının göndərilməsinə ehtiyac yox idi. Bu hadisənin qarşısını almaqda rayonun polis şöbələri və qonşu rayonun polis əməkdaşları kifayət edirdilər.  

O bildirir ki, saxlanılan şəxslər haqqında onun valideynlərinə və ictimaiyyətə məlumat verilməməyi qanun pozuntusudur. "İnsanlar istintaqa cəlb olunursa, bu barədə onların valideynlərinə, vətəndaşlara məlumat verilməlidir. Bir çox etirazçı tutulandan bir neçə gün sonra onun valideynlərinə məlumat verilməyib. Burada qanun pozuntusu var. Hüquqi dövlətdə buna insan oğurluğu kimi baxırlar. Valideynin xəbəri yoxdur, amma oğlunun başına torba keçirib Bakıya gətiriblər". 
Sabiq polis rəisi, mitinq zamanı polis işçilərinin ictimai iaşə obyektlərinə keçərək obyektləri bağlamaq haqqında təlimat verməsinə etiraz edir. "Bu komendant vaxtı təyin olunanda olur. Ərazidə komendant saatı elan edilir, o zaman ictimai iaşə obyektlərinin bağlanılmasına qərar verilir. İsmayıllıda müharibə şəraiti, fövqəladə hadisə yoxdur. Polis ictimai iaşə obyektlərinə hücum edir ki, "bağla, işləmə". Bunlar bilərəkdən edilir. Onlar rayon camaatı arasında xof yaratmaq istəyirlər. Bu cür metodlar Stalinin dövründə müharibədən sonra tətbiq olunub. İndi bu metodlar keçmir. Bu hüquq-mühafizə orqanlarını nüfuzdan salır". 

M. Hacıyev Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılan şəxslərin fiziki və psixoloji təzyiqlərə məruz qalmasını istisna etmir. O deyir ki, bu barədə məlumatsızlıq təmin olunduğuna görə istənilən qanunsuzluq edilə bilər. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Orxan Mansurzadə "Bizimyolinfo.com" a deyir ki, İsmayıllı olayında təqsirləndirilən 12 nəfər az bir müddətdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılıblar. Onlar hazırda istintaq təcridxanasına göndəriliblər. "Bu gün Ombudman Aparatının əməkdaşları saxlanılan 12 nəfərlə görüşüblər. Onlar Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanma şəraitindən və onlara edilən rəftardan şikayət etməyiblər. Daxili İşlər Nazirliyi, Baş Prokurorluq, Qeyri-hökumət təşkilatları saxlanılan şəxslərə qarşı qeyri-insani rəftar olunmamasına nəzarət edirlər".  

Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində İsmayıllı hadisələrində saxlanılanlarla 10 nəfərlə bağlı Cinayət Məcəlləsinin 186.2.1, 233 və 315.2-ci maddələri üzrə, 2 nəfərlə bağlı 221.2.1-ci maddəsi ilə cinayət işi başlanıb.

İlqar Sadıqov

Oxunuş sayı 1433 dəfə
Şərh vermək üçün giriş edin
Top