Cümə, 26 İyul 2013 21:00

“Abonentlərin adına yalançı borclar yazaraq pul tələb edirlər”

Göyçay rayon Potu kənd sakini Elvin Ziyafəddin oğlu Məmmədov “Azəriqaz”ın Ağsu Regional İdarəsinin əməkdaşlarının qanunsuz əməlləri ilə bağlı redaksiyamıza şikayət edib.

E.Məmmədov bildirir ki, oktyabrın 26-da günorta saatlarında “Azəriqaz”ın Ağsu Regional İdarəsinin əməkdaşları Göyçay Qaz İdarəsinin Səlim adlı işçisi ilə birlikdə Potu kəndi ərazisində qaz xətlərini kütləvi şəkildə kəsməyə başlayıblar: “Onlar bizim də qapımıza gələrək, guya 160 manat debitor borcumuz olduğunu bildirərək, onun təcili ödənməsini tələb ediblər. Evdə atam olub, o, qaz pulunu vaxtı-vaxtında ödədiklərini, borcu olmadığını, bütün ödəniş çeklərinin əlində olduğunu bildirib. Lakin onlar hədə-qorxu gələrək, pul verməyəcəyi təqdirdə, qazı kəsəcəklərini bildiriblər. Atam iki dəfə infarkt keçirmiş adamdır, özünü əsəbiləşdirməmək üçün üzərində olan 70 manatı onlara verib və bildirib ki, ödənişə görə çek versinlər, oğlanlarım sonra məsələni araşdırar. Amma onlar çek vermədən çıxıb gediblər. Bununla bağlı Göyçay Qaz İdarəsinə məlumat verdik, bundan sonra oktyabrın 27-də qonşularımızdan birinə qaz işçisi 70 manatlıq çek yazıb verib ki, aparın bunu Elvingilə verin. Bu açıq-aşkar qanunsuzluqdur, qaz işçisinin vətəndaşdan pul alıb qaçıb getməsi, şikayətdən sonra çek verməsi heç bir qanunda yoxdur. Bir qədər sonra qaz idarəsinin işçiləri gəlib, yenə 90 manat tələb ediblər. Onlara dedik ki, bütün çeklər əlimizdədir, dedilər bizə dəxli yoxdur, biz çek araşdıran deyilik, qaz xəttini kəsib getdilər. Prezidentimiz dəfələrlə göstəriş verib ki, məmurlar vətəndaşlarla qanunsuz davranmamalıdır, bunu da onlara xatırlatdıq, amma bu adamlar heç bir qanun, prezident göstərişinə məhəl qoymadılar. Göyçay Qaz İdarəsinə də şikayət etdik. Lakin heç kim bu qanunsuzluğu aradan qaldırmır, elə deyirlər ki, borc var, vəssalam. Axı bizim də əlimizdə çeklər var. Qaz idarəsinin işçiləri deyir ki, ola bilsin keçmiş qaz pulu yığan adam sizdən ödənişi alıb, çek verib, amma pulu dövlət büdcəsinə ödəməyib. Bu, artıq cinayət əməlidir”.

İlqar Sadıqov

Oxunuş sayı 1045 dəfə
Şərh vermək üçün giriş edin
Top