Çərşənbə axşamı, 26 Fevral 2013 21:00

Vəkil: "Ali Məhkəmənin tövsiyyələrinə əməl edilmir"

Gəncədə həbs olunmuş ruhanilərə qarşı qanunsuzluqlar davam edir. Ruhanilərin vəkili Elçin Namazov FaktXeber.com-a açıqlamasında bildirib ki, Gəncədə baş verənlər həyasızlıq mərhələsinə qədəm qoyub. "Fəxri İlyasov və Azər Cəbiyevin barəsində seçilmiş həbsin deyişdirilməsi barədə verdiyim vəsatət məhkəmə tərəfindən kobud qanunsuzluğa yol verilərək geri qaytarılıb. Məhkəmə çıxardığı qərarda göstərib ki, vəkillik səlahiyyətimi təsdiqləyən sənədlər əlavə edilmədiyinə görə vəsatətim baxılmadan geri qaytarılır"-deyə vəkil Elçin Namazov bildirib. 
Ruhanilərin vəkili həmçinin bildirib ki, prosessual qanunvericilikdə həbsin dəyişdirilməsi barədə vəsatətə vəkillik səlahiyyətini təsdiqləyən hər hansı sənədin əlavə edilməsi zərurəti göstərilməyib: "Qanunda qeyd olunur ki, məhkəmə bu kimi vəsatətlərə baxarkən cinayət işinin materiallarını nəzərdən keçirərək qərar qebul edir. Vəkil səlahiyyətlərini təsdiqləyən sənəd isə yalnız bir dəfə, istintaq aparan orqana təqdim olunur. Məhkəmə vəkilin səlahiyyətli olub-olmadığını da cinayət işinin materiallarına baxaraq müəyyən edir".

Vəkil bundan əlavə bildirib ki, bu barədə Ali Məhkəmənin həbs qəti-imkan tədbirinin seçilməsi barədə tövsiyyələrində də qeyd olunub. E.Namazov həmçinin qeyd edib ki, məhkəmənin qərarından şikayət verməklə yanaşı vaxt amili nəzərə alınaraq, həbsin dəyişdirilməsi barədə təkrar vəsatət vermişdir: "Problemin sifrarişlə yaradıldığını bildiyimizdən qərarda göstərilən tələbləri tam yerinə yetirib həbsin dəyişdirilməsi barədə təkrar müraciət etmişəm. Ümid edirik ki, məhkəmə növbəti dəfə qanunsuz addım atmaqdan çəkinərək, həbsin dəyişdirilməsinə qərar verəcək".

E.Namazov daha sonra bildirib ki, hüquqlarını müdafiə etdiyi Azər Cəbiyevlə bağlı ümumiyyətlə ləyaqətsiz yol tutulmuşdur: "26 yanvar 2011-ci il tarixdə A.Cəbiyevlə Kəpəz Payon Polis Şöbəsinin Müvəqqəti Saxlama Məntəqəsində görüşdüm. Mən məntəqəni tərk etdikdən sonra məntəqənin rəisi Nizami Mehdiyev qəsdən mübahisə yaratmış, A.Cəbiyevə qarşı ləyaqətsiz sözlər işlətmiş, heç bir zərurət olmadığı halda Heydər və İlham Əliyevlər barədə yaltaqcasına sözlər deyərək, A.Cəbiyevi hədələmişdir. Bununla da sakitləşməyərək, A.Cəbiyevi karserə salaraq, onu 1 saata yaxın cəza kamerasında saxlamışdır. Hazırda tərəfimdən bu qanunsuzluğa görə N.Mehdiyevin cəzalandırılması barədə də məhkəməyə müraciət etmişəm". E.Namazov qeyd etmişdir ki, məntəqənin otaqlarında  kameraların olmasından yararlanıb, özbaşınalığı sübut etmək və məntəqə rəisinin cəzalandırılmasını təmin etmək niyyətindədir.

İlqar Sadıqov

Oxunuş sayı 1119 dəfə
Şərh vermək üçün giriş edin
Top