Bazar, 20 Noyabr 2016 21:00

Kəmaləddin Heydərovun əmisi vətəndaşı evsiz qoydu – ŞOK TƏFƏRRÜAT

Ölkənin ən nüfuzlu oliqarxlarından sayılan Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərovun, daha doğrusu ona yaxın şəxslərin adı hallanan bir qanunsuzluqla bağlı redaksiyamıza ilginc məlumatlar daxil olub. Belə ki, cumhuriyyet.az-a müraciət edən Raquf Hidayətov Xosrov oğlu özünü “fövqəlnazir”in əmisi kimi təqdim edən Bağır Muradovla arasında olan insident və bu insident nəticəsində yaşadığı problemlərdən bəhs edib. Raquf Hidayətovun müraciətini ixtisarla təqdim edirik:

“2007-ci ilin sentyabrında 20 ilə yaxın dostluq etdiyim, özünü Kəmaləddin Heydərovun ögey əmisi kimi qələmə verən Bağır Muradov mənə dedi ki, Ağdamın Quzanlı qəsəbəsində bina tikdirməliyəm. O, mənə kömək etməyi xahiş etdi. Mən az müddətdə bir dost kimi onu Ağdamın icra başçısı Həsən Sarıyevlə görüşdürdüm. Ona iş icraçısı, fəhlələrdən tutmuş yaxın dost-tanışlardan nisyə şəkildə tikinti materialları da tapıb verdim. Qardaşıma, oğlanlarıma tapşırdım ki, tikintiyə kömək etsinlər. Bir ay keçməmiş iş icraçısı mənə zəng edərək dedi ki, Bağır Muradov işçilərin və nisyə götürülən materialların pulunu ödəməyib, bizə kömək edin. Bağır Muradovla görüşəndə o mənə dedi ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Hazirliyi hələ də pulu ödəmədiyi üçün bu iş yubanır və iki-üç günə məsələni həll edəcəyini söylədi. Üç gündən sonra o mənimlə görüşərək 20 min manat pul verdi və nazirliyin hələ pul vermədiyini, bu pulu da Şəkidə tikdirdiyi körpünün pulundan ödədiyini söylədi. Bağır Muradov həmin pulu yoldaşlara çatdırmağımı və qalanını da tezliklə ödəyəcəyini bildirdi. Həmin pulu iş icraçısına göndərdim. 15 gündən sonra mənə təkrar zəng olunanda Bağır Muradovla görüşüb vəziyyəti ona izah etdim. O, əvvəl dediklərini təkrar edib mənə Gəncədə tikdirdiyi binanın, Saatlıda çəkdirdiyi kanalın hesabından pul verib hər şeyin yaxşı olacağını söylədi. Aradan 4 aya yaxın vaxt keçəndən sonra iş icraçısı mövcud vəziyyətdən bezib işdən çıxdı. Bağır Muradov dedi ki, 4 aylıq əməkhaqqı cədvəliylə işçilərin maaşlarını verim və yeni iş icraçısı tapım. Bundan sonra isə tikintidə etdiyim köməyə görə məni xəbərim olmadan sahə rəisi təyin etdiyini, adımı isə nazirliyiə maddi məsul şəxs kimi göndərdiyini dedi. Mən etiraz edəndə isə o etdiyim köməyə görə belə addım atdığını söylədi. Bərdəyə zəng edərək Tofiq adlı bir mühəndisdən işə başlamasını xahiş etdim. Tofiq bir ay işləyəndən sonra giley-güzar etməyə başladı. 7 ay davam edən giley-güzardan sonra mən nazirliyiə gedib görülən işlərin pulunu tələb etdim. Mənə dedilər ki, görmədiyiniz işlərə “forma 2″də şişirtmələr yazıb pulu artıqlamasıyla almısınız.
İşləri yoluna qoymaq üçün 5 iyul 2008-ci il tarixdə Kəmaləddin Heydərovun qəbuluna getsəm də qəbula düşə bilmədim. 6 iyulda “Aqrotikinti” şirkətinin prezidenti A.Vəliyevin qəbuluna getdim. Görüş vaxtı o, Bağırın çox dəyişdiyini dedi. Həmin şəxs bizə kömək edəcəyini dedi. Qəbuldan çıxandan sonra ona və Kəmaləddin Heydərova teleqram etdim. Bu teleqramların heç bir nəticəsi olmadı. 19 iyulda vəkil tutaraq pulları qanuni yolla almaq istədim. 21 iyulda işə gələndə Bağır Muradov məni iş yerinə çağırtdırdı. Elə bildim pulu vermək üçün çağırır. Liftin qarşısında rastlaşanda o mənim salamımı almadı. Əsəbi halda nazirlikdə olmağımı, teleqramlar verməyimi, vəkil tutmağımı nalayiq ifadələrdə söylədi. Sonra da smeta-layihə dəyərinin 20 faizdən çoxunu onlara verdiyini deyəndə ona cavab qaytardım. Ədəbli danışmağı bildirdim və bunun əvəzində yenidən söyüş eşidəndə sinəsindən liftə sarı itələdim. Bağır Muradov əl sumkasından bıçaq çıxarıb məni vurmaq istəyəndə biləyindən tutdum. Sağ əlimin barmaqları yaralansa da biləyini buraxmadım. Biləyini burub əlini sinəsinə tərəf itələdim. Bıçaq onun sinəsini yaralayıb yerə düşdü. Bıçağı əyilib ondan qabaq götürmək istəyəndə Bağır Muradov boynuma tullanaraq məni qalxmağa qoymadı. Bıçağı yüngülvarı onun qarnına vurdum. Bağır müəllim otağına getdi, mən isə keyimişdim, özümdə deyildim, şəkərim qalxmışdı. Bu vaxt Ilham adında bir işçi yaxınlaşıb Bağır müəllimi xəstəxanaya yola salandan sonra mənə kömək edəcəyini söylədi. Bağır Muradov öz ayağı ilə maşınına minib xəstəxanaya getdi. İlhamdan Bağır müəllimin vəziyyətini soruşanda o, heç bir qorxusu olmadığını dedi. Hadisədən üç saat sonra 29-cu polis bölməsinə getdim. Həbsdə olduğum dörd ay müddətində məndən bircə dəfə izahat alındı, istintaqın gedişi Bağır Muradovun xeyrinə aparıldı və barəmdə 11 il 3 ay azadlıqdan məhrum etmə cəzası çıxarıldı. Ölkə rəhbərinin humanizmi nəticəsində ötən ilin sonunda əfv olunmuşam”.
R.Hidayətov bu gün azadlıqda olsa da “fövqəlnazir”in yaxın adamı kimi tanınan B.Muradovun dələduzluğunun hələ də zərbəsini dadmaqdadır. Belə ki, Bağır Muradovun yuxarıda sadalanan əməlləri nəticəsində R.Hidayətov bu gün ayrı-ayrı şəxslərə 30 min manat borclu durumdadır, üstəlik borclarının bir hissəsini ödəmək üçün evini banka girov qoyan vətəndaş bu gün evsiz qalmaq təhlükəsi ilə üz-üzədir. Bağır Muradovun Kəmaləddin Heydərovun əmisi olub-olmadığını dəqiq söyləyə bilməsək də, araşdırmalarımız zamanı bəlli olub ki, o, “fövqəlnazir”ə məxsus “Gilan Holdinq”in prezidentinin qardaşıdır.
Mövzunu diqqətdə saxlayacağıq… 

Oxunuş sayı 1193 dəfə
Şərh vermək üçün giriş edin
Top