Cümə, 27 Fevral 2015 21:00

28 fevral aksiyasi dağidilib

Fevralın 28-də Fəvvarələr meydanında qiymət artımına qarşı etiraz aksiyası keçirildi.

Hələ aksiyadan öncə əraziyə yetərincə polis qüvvəsi yeridilmişdi. Xüsusi xidmət orqanı əməkdaşları olduğu şübhə doğurmayan mülki geyimlilər də hər zaman olduğu kimi sadə vətəndaşlar kimi dolaşır, ətrafa nəzarət edirdilər.

Saat 15:00-da xeyli şəxs fəvvarələr meydanına toplanmağa blamışdı. Aksiyaçılar arasında 75-80 yaşlarında olan Safura Nağıyeva öz şikayətini səsləndirməyə başladı: "Aylıq təqaüdüm 180 manatdır. Bu mənə 15 gün belə bəs etmir. İşləyə də bilmirəm. Çünki işə götürmürlər. Deyirlər ki, yaşlıyam. Bəs mən nə edim? Hər şey yuxarıda oturanlar üçündür? Onlar tox olsun, camaat ac? Daha bezmişəm. Yaşamaq istəmirəm!".

Digər iştirakçılar da Səfura xanıma dəstək verdi. Onlar da mövcud vəziyyətdən, manatın ucuzlaşmasından, qiymət artımından şikayətlənməyə başladılar. Camaatın getdikcə çoxaldığını görən polis əməkdaşları, yaşlı qadını qolundan tutaraq ərazi üzrə polis bölməsinə apardılar

Getdikcə saxlanılanların sayı artmağa başladı. Ərazidəki polis alayı əksəriyyəti gənclər olan12 nəfəri saxlayaraq, polis bölməsinə apardı. Saxlanılanlar arasında Səfurə Nağıyevadan başqa 3 xanım var idi. Bunlardan biri Mingəçevir sakini Leyli Hacıyevadır. Ana-qız olan digər iki qadının şəxsiyyətini hələlik müəyyən edə bilməmişik. Saxlanılan gənclərdən ikisinin isə kimliyini öyrənə bildik. Onlardan biri Vətəndaş Həmrəyliyi Partiyasının üzvü İnqilab Nəsirov digəri isə Şəki müxalifətçisi Etibar Sarıyevdir. Saxlananların əksəriyyəti Nəsimi rayon Polis İdarəsinin 22-ci polis bölməsinə aparılıblar. Digər saxlananların kimliyini dəqiqləşdirməyə çalışacağıq.

Oxunuş sayı 1177 dəfə
Şərh vermək üçün giriş edin
Top