Çərşənbə axşamı, 01 Mart 2016 21:00

Taleh Bağırzadənin məhkəməsi zamanı aksiya keçirilib: həbs olunanlar var

“Müsəlman Birliyi” Hərəkatının həbsdə olan sədri Taleh Bağırzadənin məhkəməsi zamanı aksiya keçirmək istəyən bir qrup şəxs saxlanılıb. Musavat.com-un əldə etdiyi məlumata görə, fevralın 19-da Nəsimi Rayon Məhkəməsində Taleh Bağırzadənin məhkəmə prosesi zamanı 15-20 nəfər şəxs məhkəmənin inzibati binasının qarşısında aksiya keçirməyə cəhd göstərib. Aksiyaya təşəbbüs zamanı 9 nəfərin saxlanılaraq Nəsimi Rayon Polis İdarəsinin 20-ci polis bölməsinə aparıldığı, barələrində müvafiq sənədləşmə aparılaraq qərar qəbul edilməsi üçün rayon məhkəməsinə göndərildiyi deyilir. Saxlanılanların ad-soyadları barədə də musavat.com-a məlumat daxil olub. Onlardan Bakı şəhər sakinləri 1988-ci il təvəllüdlü Murad Şahin oğlu Qurbanov, 1993-cü il təvəllüdlü Lətif Xalid oğlu Cəfərli və əvvəllər CM-nin 234.1-ci maddəsi ilə məhkum olunmuş 1986-cı il təvəllüdlü Rəvan İlham oğlu İsmayılov inzibati qaydada həbs edilib. Digər saxlanılanlar 1969-cu il təvəllüdlü Səbuhi Yurik oğlu Səlimov, 1978-ci il təvəllüdlü Elnurə Rafiq qızı Zeynalova, 1964-cü il təvəllüdlü Həsən Abbas oğlu Mustafayev, əvvəllər CM-nin 234.1-ci maddəsi ilə məhkum olmuş 1970-ci il təvəllüdlü Rövşən İsib oğlu Məhərrəmli, 1986-cı il təvəllüdlü Rail Xanlar oglu Behbudov, 1992-ci il təvəllüdlü Səxavət Ədalət oğlu Hüseynov və 1985-ci il təvəllüdlü Elçin Eldar oğlu Ağayev xəbərdarlıq edilərək sərbəst buraxılıblar. Xatırladaq ki, “Müsəlman Birliyi” Hərəkatının rəhbəri Taleh Bağırzadə 2015-ci ilin noyabr ayının 26-da Nardaran qəsəbəsində polisin keçirdiyi xüsusi əməliyyat zamanı saxlanılıb.

Oxunuş sayı 992 dəfə
Şərh vermək üçün giriş edin
Top