Bazar ertəsi, 25 Dekabr 2017 21:00

Taleh Bağırzadəyə yeni cinayət işi açıldı

“Nə olursa olsun, məni yenidən şərləmək üçün bunu elədilər…”

Həbsdə olan ilahiyyatçı Taleh Bağırzadə barəsində yenidən cinayət işi başlanıb. İlahiyyatçı Cinayət Məcəlləsinin 317-2 maddəsilə ittiham olunur. İttihama görə, ilahiyyatçının üzərindən qadağan olunmuş əşya tapılıb.
Bu haqda “Azadliq.info”ya Taleh Bağırzadənin yaxınları məlumat verərək bildirib ki, ittiham saxtadır. Yaxınlarının sözlərinə görə, ittihamda ilahiyyatçının üzərindən kəsici-deşici əşya tapıldığı iddia olunur, bu da yalandır.
Taleh Bağırzadə iyul ayında Qobustandakı qapalı həbsxanaya gətirilən gün orada onun üzərində axtarış aparılıb. İlahiyyatçının üzərində işində dini musiqilər olan mini kartlar tapılıb. Həmin kartlar ekspertizaya göndərilib. Ekspertiza da rəy verib ki, kartlarda heç bir qanunsuz material aşkarlanmayıb. Buna baxmayaraq, Taleh Bağırzadə haqqında cinayət işi başlanıb.
Yaxınlarının sözlərinə görə, ilahiyyatçı bu gün ailə üzvləri ilə telefon danışığında haqqındakı yeni cinayət işinə münasibət bildirib. Deyib ki, nə yolla olursa olsun, onu yenidən şərləmək üçün mini-kartlarıi kəsici, deşici alət kimi qələmə verib, yeni cinayət işi açıblar: “İslam həmrəyliyi ilinin əvvəlində şərləyib, məhkum etdikləri kimi, sonunda da şərləməyə davam edirlər”.
Xatırladaq ki, Taleh Bağırzadə 2015-ci il noyabrın 26-da Nardaranda 6 nəfərin ölümünə səbəb olmuş polis əçəliyyatı nəticəsində həbs olunub. Daha sonra DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində dəhşətli işgəncələrə məruz qalan ilahiyyatçı Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 20 il azadlıqdan məhrum edilib.
Taleh Bağırzadə ona verilən ittihamları rədd edir, əməliyyat zamanı dünyasını dəyişmiş altı nəfərin, o cümlədən iki polisin elə əməliyyatı keçirənlərin özləri tərəfindən qətlə yetirildiyini, saxlanılan dindarların heç birində silah olmadığını, namaz qıldıqları yerdə polislərin hücumuna məruz qaldıqlarını bildirir.

Oxunuş sayı 1027 dəfə
Şərh vermək üçün giriş edin
Top