Bazar, 23 Dekabr 2018 11:29

Gülağa İslamov işdən çıxarıldığı gün məhkəmə onun əleyhinə qərar verib

Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Gülağa İslamov 23 il sonra vəzifədən çıxarıldığı gün - dekabrın 21-də onunla bağlı məhkəmə qərarı da çıxarılıb. 
Həm də özünün uzun illər rəhbərlik etdiyi rayonun məhkəməsi tərəfindən. Xəzər Rayon Məhkəməsində hakim Əkrəm Qəhrəmanov keçmiş icra başçısının Mərdəkanda bağ evinin həyətyanı sahəsində 300-ə qədər it saxlayan Eldar Mansurova qarşı iddiası üzrə yekun qərarını açıqlayıb. Qərar sabiq məmurun əleyhinə olub, onun iddiası təmin edilməyib.
 E.Mansurov keçmiş polis zabitidir. Ondan məhkəməyə şikayət edən G.İslamov iddia ərizəsində yazırdı ki, Mərdəkan sakini olan bir qrup şəxs icra hakimiyyətinə E.Mansurovun qəsəbədə, R.Cəfərov küçəsi, ev 2 ünvanında 300-ə yaxın sahibsiz it saxlaması haqda məlumat verib. 
 İcra başçısının sözlərinə görə, sakinlərin şikayəti araşdırılıb, Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi, Bakı şəhər Baş Polis İdarəsi, Mərdəkan bələdiyyəsi və s. 10-a qədər orqanın əməkdaşları E.Mansurovun həyətinə baxış keçirib. 
 G.İslamov iddia edir ki, baxış zamanı həmin ərazidə kəskin qoxu və səs-küy gəldiyi məlum olub. Araşdırmalardan sonra E.Mansurova barəsində inzibati xəta protokolu tərtib olunub, ondan sahibsiz itlərin yaşayış sahəsindən köçürülməsi tələb olunub.
 "Xahiş edirik, araşdırma aparılıb, qeyri-qanuni saxlanılan sahibsiz itlərin yaşayış sahəsindən çıxarılması və Eldar Mansurovun ev heyvanı saxlamaq hüququndan məhrum edilməsi barədə qərar qəbul edəsiniz”, - icra başçısının iddia ərizəsində tələb belə idi.
 Bakı Şəhər İcra Hakimiyyəti də bu məhkəmə prosesinə tərəf kimi qoşulmuşdu. E.Mansurov məhkəmədə bildirmişdi ki, sahibsiz itlər üçün sığınacaq ayrılması məqsədiylə dəfələrlə Bakı Şəhər İcra Hakimiyyətinə, Nazirlər Kabinetinə müraciət edib. Lakin müsbət cavab almayıb.
 Noyabrda Bakı Şəhər İcra Hakimiyyətinin nümayəndəsi məhkəmədə bildirdi ki, təmsil etdiyi qurum Qala qəsəbəsində sahibsiz heyvanlara sığınacaq yaradılması məqsədiylə 30 sot torpaq ayırıb.
 1995-ci ildən icra başçısı olan G.İslamov 21 dekabr 2018-ci ildə prezidentin sərəncamı ilə vəzifəsindən azad edilib.(Meydan.tv)
Oxunuş sayı 478 dəfə
Şərh vermək üçün giriş edin
Top