Bazar, 13 Yanvar 2019 18:30

İllərə ad vermək kimə və nəyə görə lazımdır? - VİDEO

Mehman Hüseynov dövrümüzün „öz simasında təcəlla“ edən nəsimisidir

Soyun, ey murdar sallaxlar, Nəsiminin tənin,
Bunca namərdi görün bir ər qıyarlar, ağrımaz

Zahidin əfsanəsindən soydular nahaq məni,
Həq bilir səndən, şəha, sahib nəzərlər ağrımaz.

Bu misaralar Azərbaycanın klassik şairlərindən biri olan İmadəddin Nəsimiyə məxsusdur. O Nəsimi ki, dövrünün zalımları ilə barışmadı, yaxud dövrün zalım və qəddar cahilləri onu anlamayıb kafir elan etdilər. Onu soyanda belə həqiqəti zalım dövrün sifətinə sillə kimi elə çırpıb ki, şappıltısı qiyamət gününə qədər qulaqları cingildədəcək. sön söz olaraq, dediyi

Zahidin bir barmağın kəssən, dönüb həqdən qaçar,
Gör bu gerçək aşiqi sarpa soyarlar, heç ağlamaz.

Bu misra isə haqqın hər zaman batil üzərində qələbə çalacağına zəmanətdir.

nəsimiBu gün Nəsimidən söz açmağım təsadüf deyil. Şanlı hökumətimiz 2019-cu ili Nəsimi ili ealn edib. Keçən ilin adını Cümhuriyyət qoymuşdu. İl ərzində Cümhuriyyətlə bağlı bir dəfə də tədbir keçirilmədi. Əslində bir, iki istisna oldu. Onda da ancaq Heydər Əliyevdən danışıldı.

İlham Əliyevin dədəqorqudluğu, illərə ad verməsi kimə və niyə lazımdır? Belə bir ənənənin başqa hansısa ölkədə olduğunu xatırlamıram. Hər ilə bir ad verib ilboyu ondan danışmaq, inkişaf kimi təqdim etmək axmaqlıqdır. Ad qoymaq yerin dibinə, bunlar hansı sahənin adını verirlərsə, həmin sahəni tam iflic edirlər. Məsələn, ilə islam həmrəylik adını verib, islamçıları həbsxanaya doldurmaq, yaxud çılpaq qızların gimnastik hərəkətləriylə İslamın həmrəyliyini zorla bir-birinə pərçəmləmək üçün gərək ki, xüsusi istedada sahib olasan. İlham Əliyevin belə bir xüsusi bacarığı kənd təsərrüfat ili elan edəndə nümayiş olunub. Kəndçilər əkin biçindən məhz kənd təsərrüfat ilindən sonra ümidlərini üzdülər. Cümhuriyyət ilində də bir iki milli dəyərimiz qalmışdı, İlham onları da gözdən salmağa çalışdı.

Amma bu Nəsimi ilindən heç nə anlamaq olmur. Axı ölkədə Yazıçılar ittifaqı başqa Anar olmaqla bütövlüklə İlhamın xidmətindədir. Nəsimi ruhunda olan ədib v yazıçılarımız da əli-qolu bağı sükuta qərq ediliblər. Nəsiminin üsyankar misraları da heç eşidilmir. Ruhu göylərdə cəsədi Hələbdə olan bir şairinin adı bu rejimin nəyinə lazımdır? Xalqın böyük əksəriyyəti də Nəsimi yaxşı tanımır ki, deyək, İlham müəllim xalqın dəyər veridyi bir ədibi əbədiləşdirməklə aclığını unutdurmağa çalışır.

Əlqərəz, hər ilə ad qoymaq inkişaf filan deyil, heç xüsusi istedad göstəricisi də ola bilməz. Düşünürəm ki, bu adqoyma mərasimindən iki nəticə çıxarmaq olar. Birincisi, xalqın dəyər kimi tanıdıqlarını bir bir sıradan çıxarmaq məqsədiylə rejim belə bir addım atır. Ikincisi, insanlara mesaj verir ki, kim nəsimilik eşqinə düşsə, dərisi boğazından çıxarılacaq. Əslində həbsxanaya doldurulan 150-də çox siyasi düstağın hər biri bir nəsimidir. Mehman Hüseynov dövrümüzün „öz simasında təcəlla“ edən nəsimisidir. Fəramiz Abbasov, Şeyx Sərdar, hacı Zülfüqar və digər məhbuslar Nəsiminin dediklərindən zəif fikirlər demirlər. Onlar daha açıq şəkildə zülmün qarşısında „ənəl həq“ hayqırırlar. Təəssüf ki, şeyximiz də çex qadın şəriki xanım Şpişakovanın müşayiətiylə həqq söyləyənlərin edam fətvasını verib.

Mənsur: “Ənəlhəq!” söylədi,

“Mürtəddir!”–Elan etdilər.

Mənsur “mənəm həqq” söylədi,

Bağdadda edam etdilər.

Nəsimi ilində neçə haqq söyləyənlərin qanına qəltan edildiyini görəcəyik, bilmirəm. Bildiyim odur ki, bu il -2019 nəsim küləyi heç dayanmayacaq. Indidən burnumuza tünd və qorxulu qoxular gətirir.

«Soydular, çıxardılar başdan ayağa pustumu,

Aşiqəm, ah eyləməm, qurbanə xoşdur, yaxşıdır.

Həm soyan, həm soyduran zahid mənəm, səndən deyil,

Cümlədə ayinəyəm pünhanə, xoşdur yaxşıdır.

Mənsur oldum, çün bu gün aləmdə faş oldum sizə

Mən ənəlhəq söylərəm, ürfanə xoşdur, yaxşıdır».

Cavid Cabbarlı, Xeberinfo.de-in redaktoru

Oxunuş sayı 547 dəfə
Şərh vermək üçün giriş edin
Top