Bazar ertəsi, 25 Fevral 2019 16:21

Vəkil Elçin Sadıqova töhmət verilib

Vəkillər Kollegiyasının (VK) Rəyasət Heyətinin qərarı ilə bu gün, fevralın 25-də vəkil Elçin Sadıqova töhmət verildiyi bildirilir.

Bu barədə Elçin Sadıqov özü Facebook səhifəsində məlumat paylaşıb. Elçin Sadıqov hazırda ölkə xaricindədir. O yazıb ki, Rəyasət Heyəti məsələsinə onun iştirakı olmadan baxıb:

“Özü də iştirak etmək barədə xahişimi nəzərə almadan iclası təxirə salmayıblar və qərarı mənim iştirakım olmadan qəbul ediblər. Vəkillər Kollegiyası bu işdə məni müdafiə etmədi. Verdiyim vəsatətlərin heç birini təmin etmədi”

Ancaq bu açıqlamaya, hələlik, Vəkillər Kollegiyasından münasibət almaq mümkün olmayıb.

Bir müddət öncə barəsində açılmış intizam icraatının məzmunu ilə razılaşmadığını bildirən vəkil həmçinin, peşəsini qaydalarına uyğun şəkildə icra etdiyini, hər hansı pozuntuya yol vermədiyini vurğulamışdı.

Elçin Sadıqov həmin vaxt demişdi ki, müdafiə etdiyi şəxslə konfidensial olan görüşü dinlənilib və bununla əlaqədar olaraq onun barəsində intizam icraatı başlanılıb.

Həmin vaxt Vəkillər Kollegiyasının sədri Anar Bağırov da rəhbərlik etdiyi qurumda Elçin Sadıqovla bağlı başladılmış intizam icraatına toxunmuş, Baş Prokurorluğun vəkil barəsində intizam tədbiri görülməsi barədə məktubunu araşdırdıqlarını bildirmişdi.

Elçin Sadıqov Gəncə Şəhər İcra Hakimiyyətinin keçmiş başçısı Elmar Vəliyevə sui-qəsdə görə həbs edilmiş Yunis Səfərovun vəkili idi.

Ötən il sentyabrın 5-də Baş Prokurorluğun Elçin Sadıqovun onun müdafiəsindən kənarlaşdırılması barədə qərar qəbul etdiyi bildirilir. Həmin qərarın surəti olduğu bildirilən mətnin fotosunu Yunis Səfərovun anası Leylaxanım İsmayılova açıqlayıb:

“5 sentyabr 2018-ci ildə baş prokurorun birinci müavininin imzaladığı qərar 6 sentyabr 2018-ci il tarixdə oğluma təqdim edilib. Həmin qərarda göstərilir ki, Baş Prokurorluq Bakı İstintaq Təcridxanasında oğlumla vəkilinin qanunla konfidensial olmalı olan görüşlərini izləyib. Vəkilin oğluma məsləhətlərini dinləyib və onun oğluma məsləhətləri xoş gəlmədiyi üçün vəkili cinayət işindən kənarlaşdırıb”.

Baş Prokurorluğun Elçin Sadıqovla bağlı qeyd edilən qərarı Vəkillər Kollegiyasına göndərdiyi və vəkil barəsində intizam icraatı başlandığı bildirilirdi.

Baş verənlərlə bağlı Baş Prokurorluqdan münasibət almaq mümkün olmayıb.

Xatırlatma

Ötən il iyulun 3-də Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə silahlı sui-qəsd olub. Sui-qəsdi törətdiyi bildirilən Yunis Səfərov həbs edilib.

Hüquq-mühafizə qurumları baş verənləri terror sayır. Onlar iddia edirlər ki, Yunis Səfərovun terror aktını törətməkdə əsas məqsədi Azərbaycanda şəriət qanunları ilə idarə olunan islam dövləti qurmaq olub. Yunis Səfərov bu iddialarla bağlı münasibətini açıqlamayıb.

Baş Prokurorluğun, eləcə də əlaqəli başqa dövlət qurumlarının vəkillərdən kollegiyaya şikayət etməsi halları Azərbaycanda bundan öncə də baş verib. Vəkillər Kollegiyası son illər bir çox vəkilin fəaliyyətini belə şikayətlərin əsasında dayandırıb. Onların arasında Yalçın İmanov, Əsabəli Mustafayev və başqaları var.

Vəkillər fəaliyyətlərinin dayandırılmasını siyasi məhbus sayılan şəxsləri müdafiə etmələri ilə əsaslandırırlar. Vəkillər Kollegiyası rəhbərliyi isə bununla razılaşmır, onları qanun pozuntularına yol verməkdə təqsirləndirir.

Oxunuş sayı 597 dəfə
Şərh vermək üçün giriş edin
Top