Çərşənbə axşamı, 30 İyul 2019 23:07

Ağzımızdakı "suyu", əlimizdəki daşı...

Kod adı "Gəncə işi" olan hadisəyə görə həbs olunan bir gəncin məktubu ölkə gündəmində zəlzələ yaradıb. Gəncin yazdıqları film ssenarisi deyil, çox balaca, az qala hamının bir-birini tanıdığı ölkədə - Azərbaycanda baş verən real hadisədir. Təəssüf ki, biz belə hadisələri film kimi seyr edirik, yuxu kimi yozuruq. 
Təqribən 3 ili istisna etməklə, son 50 ildə belə hadisənin neçəsinə şahid olmuşuq?! Heç birində ictimai reaksiya olmayıb, məhz ona görə də rejim daha "maraqlı" ssenarilərə tamaşaya dəvət edib bizi. 
Əziz azərbaycanlılar, biz bu amansızlığa məruz qalmağı haqq eləmirik, bu yaşayışa heç haqq eləmədik. Nədən haqq eləmədiyimiz yaşayışı, işgəncəni rahatlıqla qəbul edir, qəsbkar rejimin əxlaqsız idarəçiliyinə susqunuq?! 
Yadınızdadırsa, 4 il əvvəl eyni məzmunlu məktubları "Nardalan işi"nə görə həbs edilənlər yazırdılar. Taleh Bağırzadənin cinsiyyət orqanını ayaqlamaq, xəbəri çoxunu şoka salmışdı. Amma və lakin... 4 il sonra polisin təpiyi nəticəsində gənc jurnalist xanımın özünü batırması, məlumatı damarımızda qanımızı dondurur, az qala. 
Bu hadisələr və daha betərləri bizim ölkədə, eyni dildə danışdığımız və eyni dəyərləri bölüşdüyümüz polislər tərəfindən edilir. Sükutumuzu pozmaq üçün bu rejim daha nələr etməlidir?! 
Məncə, daha betəri digər rayonlarımızda baş tutacaq. Məsələn, "Gəncə işi"nin məhkəmə prosesi başa çatandan sonra, eyni ssenari Lənkəranda niyə baş verməsin? Necə ki, Nardalandan sonra Gəncədə dindar ovuna şahid olduq. Sıralamada yanlış edə bilərəm, lakin rejim dindar ovunu mütləq davam edəcək. Çünki hökumətin yaşaması üçün dindar ovu və dinə basqı əsas amil hesab olunur. Cəmiyyət, xalq, lap elə dindarlar susqunluq sərgiləyirsə, rejim ömrünü uzadacaq amildən niyə imtina etsin?
Düşünürəm ki, qardaşımızın cinsiyyət orqanı polis ayaqaltısı olmasın, bacımız polisin bir təpiyinə döşəməni bulamasın deyə, ağzımızdakı "suyu", əlimizdəki daşı rejimin sifətinə çırpmalıyıq. Necə, hansı formada? Bax, bunu etmək üçün əvvəl cəsarətimizi və fədakarlığımızı bərpa etməliyik.

Cavid Cabbarlı

Oxunuş sayı 760 dəfə
Şərh vermək üçün giriş edin
Top