Cümə axşamı, 19 Sentyabr 2019 12:06

Prokuror “Quska”ya 8 il həbs istədi, anasının ürəyi getdi

Bakı Hərbi Məhkəməsində 2018-ci ilin aprel ayında Türkiyədə saxlanılaraq Azərbaycana təhvil verilən, qanunsuz sahibkarlıq, dələduzluq, hədə-qorxu ilə tələb etmə və vergidən yayınma kimi əməllərdə ittiham olunan sabiq deputat Hüseyn Abdullayev və anası Zeynəb Abdullayevanın cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edərək Hüseyn Abdullayevin 8 il, Namiq Babayevin 8 il, İntiqam Süleymanovun 6 il, Nazim Əliyevin 6 il azadlıqdan məhrum edilməsini istəyib. Dövlət ittihamçısı keçmiş DSX əməkdaşlarına 4 il sınaq müddəti olmaqla şərti cəza istəyib. Dövlət ittihamçısı H.Abdullayevin anası Zeynəb Abdullayevanın 5 min manat cərimələnməsini istəyib. Dövlət ittihamçısı həmçinin iş üzrə Vergilər Nazirliyinin qaldırdığı mülki iddianın təmin olunmasını da istəyib. Təqsirləndirilən şəxlərin müdafiəçiləri çıxış üçün vaxt istəyiblər. Proses sentyabrın 26-da davam edəcək.

 Xatırladaq ki, Almaniyada sığınacaq almış H.Abdullayev 2018-ci ilin aprelində Türkiyədə saxlanılaraq, Azərbaycana təhvil verilib. İttihamda yazılıb ki, müxtəlif şəxslərin şikayətləri əsasında 14 fevral 2018-ci ildə cinayət işi başlanıb. 2006-cı ildən H.Abdullayevin nəzarətində olan "Araz-İnşaat” ASC ilə bağlı araşdırma aprılıb, səhmdarlara yalan məlumat verilməklə, 1 milyon 374 min manatlıq gəlir mənimsənilib. İstintaq materiallarında qeyd edilib ki, “Araz-İnşaat” ASC-nin səhmlərinin 99,03 faizi H. Abdullayevin anası Zeynəb Abdullayevaya məxsusdur. “Araz İNC” MMC-nin təsisçisi H. Abdullayevin atası Abbas Abdullayev, faktiki idarəçi isə sabiq deputatın özü olub. İttihama görə, Z.Abdullayevanın ölkədən çıxışına qadağa olmasına baxmayaraq, o, bacısının pasportu ilə bir neçə dəfə ölkədən çıxıb və bir müddət sonra geri qayıdıb. İş üzrə zərərçəkmiş şəxs qismində 28 nəfər tanınır. H.Abdullayev özünü təqsirli bilmir və siyasi sifarişlə həbs olunduğunu deyir.

Oxunuş sayı 920 dəfə
Şərh vermək üçün giriş edin
Top