Şənbə, 28 Dekabr 2019 08:03

... heç olmasa Allahdan qorxun! - Qadir İbrahimli yazır

Xalqdan qorxmursunuzsa, heç olmasa Allahdan qorxun!
YAP-ın siyahısı açıqlandı – yenə nifrət obyekti olan deputatlar namizəd oldular. Hadı Rəcəblidən tutmuş Eldar İbrahimova qədər, hətta, şərqdə ilk cumhitiyyət yaradıcısı Məmməd Əmin Rəsulzadəni təhqir edən Naqifə də siyahıda yer tapılıb. Hələ gerçək siyahımı demirəm, böyük ehtimalla gerçək siyahıda Araz Əlizadə, Fərəc Quliyev və bu kimi seçicilərindən xəbərsiz və ikrah doğuran adlar da var.
Hakimiyyətdən demokratik seçki tələb etmək niyyətim yoxdur, çünki demokratik seçki olmayacağına öz varlığıma inanan kimi inanıram – deputatlar gerçək siyahı üzrə təyin olunacaqlar. Zibil daşımaq səlahiyyəti olmayan bələdiyyələrin belə təyinatlı olduğu ölkədə ona baxanda babat səlahiyyəti olan parlamentin demokratik yolla formalaşmasına ancaq dəlilər inanar. Şükür Allaha ki, ruhi dispanserdə qeydiyyatda deyiləm.
Niyə Azərbaycan insanını təhqir edirsiniz, alçaldırsınız? Lənkəranda 4 seçki dairəsi var. Ancaq lənkəranlılar yalnız Hadı Rəcəblini söyürlər, çünki o birilərini heç tanımırlar da. Və tanmadıqları deputatlardan biri də Milli Məclisin vitse-spikeri Ziyafət Əsgərovdur. Təsəvvür edin ki, parlamentin vitse-sipikerini seçiciləri tanımır. Nifrət obyekti olan və heç kimin tanımadığı deputatlar! İnsanları niyə bu qədər təhqir edirsiniz? Başqa regionlarda da eyni vəziyyətdir.
Heç olmasa normal adamları təyin edin. İddia edirsiniz ki, YAP-ın 750 min üzvü var. Yəni 750 min arasından 75 nəfər normal, nüfuzlu adam tapmaq mümkün deyil ki, onları təyin edəsinz? Yəni hər 10 min üzv arasında 1 abırlı namizəd tapmaq o qədərmi çətindir? Mümkündür, ancaq siz Azərbaycan insanını təhqir etmək yolunu seçdiniz.
Təbii ki, ən böyük təhqir səslərin oğulanmasıdır. Nifrət obyekti olan şəxslərin təyinatı isə 2 qat təhqirdir. İnsanları şərləyib həbs edirsiniz, döyürsünüz, qanunsuz işdən çıxarırsınız, övladları ilə təhdid edirsiniz, sürgünə yollayırsınız. Azərbaycan xalqından qorxmursunuz, heç olmasa Allahdan qorxun. Vallah bütün əməllərin bir bədəli olur və mütləq olur.

Qadir İbrahimli

Oxunuş sayı 799 dəfə
Şərh vermək üçün giriş edin
Top