Cümə axşamı, 02 Yanvar 2020 18:52

Bakıda “Aristokrat” tibb mərkəzinin gözətçisi döyülərək, öldürülüb

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən “Report”a verilən məlumata görə, yanvarın 1-də Nərimanov rayonu ərazisində yerləşən tibb mərkəzində gözətçi işləyən Muraz Nəbiyevin infarktdan ölməsi barədə “102 Zəng Mərkəzi” Xidmətinə məlumat daxil olub.

“Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində onun infarktdan deyil, həmin gün paytaxt sakini Həsən Rəhimli tərəfindən döyülməsi və aldığı xəsarətlərdən ölməsi müəyyən edilib. Həsən Rəhimlinin klinikanın sahibinin oğlu olduğu müəyyən edilib. Məlum olub ki, M.Nəbiyevin halı pisləşəndən sonra o, həkimə aparılıb. Həkimə isə M.Nəbiyevin “infarkt keçirdiyi” deyilib. Həkim müayinəsi zamanı gözətçinin öldüyü məlum olub”, - “Report” yazıb.

Həsən Rəhimli polis əməkdaşları tərəfindən tutulub və hadisə ilə bağlı Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Oxunuş sayı 1016 dəfə
Şərh vermək üçün giriş edin
Top