Çərşənbə axşamı, 17 Mart 2020 19:44

Mübariz Mənsimov barəsində həbs qətimkan tədbiri seçilib

İş adamının meneceri isə sərbəst buraxılıb

Türkiyədə FETÖ ittihamı ilə saxlanılan Mübariz Mənsimov barəsində həbs qətimkan tədbiri seçilib.

Hürriyet” yazır ki, Mübariz Mənsimov və meneceri Nuray Nurcihan Peker ötən axşam İstanbul Ədalət Sarayına aparılıb.

Məhkəmə qərarı ilə Mübariz Mənsimov barəsində həbs qətimkan tədbiri seçilib. Nuray Nurcihan Peker isə sərbəst buraxılıb.

Hələ ötən ay Mübariz Mənsimov barəsində araşdırma aparıldığı bildirilirdi.

Həmin vaxt Mübariz Mənsimov sosial şəbəkələrdəki hesabında bu barədə yazıb:

“Məni terrorla, FETÖ terror qruplaşması ilə əlaqədə və casusluqda yalandan ittiham edərək üzərimə suç atmaq istəyirlər. Sizin etdiyiniz bu şərəfsizliyi düşmən belə etməzdi. Bu, məni dərindən yaraladı. Mənə FETÖ-çu deməkdənsə, özünüzə, keçmişimizə və uşaqlarınızın harada təhsil aldığına baxın”.

İş adamının Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevlə münasibətlərinin kəskinləşdiyi deyilirdi. Həbsin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfərindən sonra baş tutması bu barədə Azərbaycan rəhbərliyi ilə razılaşdırma ehtimalını artırıb.

Mübariz Mənsimov 1968-ci ildə Bakıda doğulub. Bakı hərbi məktəbini bitirib.

Hazırda illik dövriyyəsi 3 milyard dollar olan "Palmali" Şirkətlər Qrupunu 1998-ci ildə Türkiyəyə gətirib. Bu şirkətin hazırda 21 ölkədə ofisi var.

Dövlət Neft Şirkəti ilə ortaq olan "Palmali" bir müddət əvvəl "Tekfen İnşaat"ın 50 faiz hissəsini 520 milyon dollara satın alıb. Razılaşma qarşılığında "Palmali" və "SOCAR" ortaqlığı 5 il ərzində "Tekfen İnşaat"a 37 milyard dollarlıq iş verəcək. Amma 2 il əvvəl “Palmali” Şirkətlər Qrupu SOCAR-la əlaqələrini dayandırıb və məhkəməyə verəcəyi haqqında məlumat yayılmışdı.

Oxunuş sayı 886 dəfə
Şərh vermək üçün giriş edin
Top