Şənbə, 21 Mart 2020 23:36

Bu gün İslam dünyasında “Məbəs” bayramı qeyd edilir

Hicri-qəməri tarixinə əsasən, bu gün müqəddəs "Məbəs" və ya “Besət” günüdür.

Bu gün hicri-qəməri tarixi ilə rəcəb ayının 27-sinə təsadüf edir. Bu gün islam tarixində islam peyğəmbəri Həzrət Məhəmməd ibni Abdullaha (s) ilk dəfə ilahi vəhyin nazil olduğu və onun peyğəmbərliyə seçildiyi gündür.

Məhz, Həzrəti Məhəmməd (s) Hira mağarasında ibadətlə məşğul olarkən Allahın əmrləri və qanunları vəhy formasında ona bugünkü tarixdə nazil olub. Tarixi hədislərə görə, islam peyğəmbərinə ilk vəhy nazil olan gün onun 40 yaşı olub.

“Məbəs” günü ilə bağlı ən maraqlı məqamlardan biri budur ki, yazmağı, oxumağı bacarmayan, müəyyən bir məktəbə, mədrəsəyə getməyən, heç bir şairin, kahinin, keşişin, alimin yanında təlim-təhsil görməyən, ümumiyyətlə, heç bir orta və ali təhsili olmayan bir insan Qurani-kərim kimi qeyb aləmindən, keçmişdən, tarixi hadisələrdən, faktlardan, gələcəkdən, şeirin, ədəbiyyatın, nəzmin incəliklərindən, ictimai qanunlardan, hüquqi vəzifələrdən, məhkəmə sistemindən, ictimai ədalətdən və kamil dünyəvi baxışdan, zülmə qarşı mübarizə hərəkatından, yerin-göyün sirlərindən və aləmlərin rəbbindən və onun sifətləri barədə xəbər verən kitabı bəşəriyyətə təqdim edib.

Məhz, buna görədir ki, müsəlmanlar “Məbəs” gününü bayram etməyi özlərinə borc bilirlər.

Hazırda islam dünyasında bir çox ölkələrdə baş verən ikitirəliyin səbəbini də, əslində "Məbəs" gününün dəyərlərindən uzaqlaşmasında görmək olar. "Məbəs" günü müsəlman dünyasını Məhəmməd (s) peyğəmbər ətrafında birləşməyə çağırarkən, islam dünyasında fikir ayrılıqlarının gündən günə dərinləşdiyinin şahidi oluruq.

Bu gün "Məbəs" və Həzrət Məhəmməd (s) peyğəmbər əslində islam dünyasını birləşdirən əsas amildir. Məhz buna görə, Həzrət Məhəmməd ibni Abdullaha (s) vəhyin gəlməsi və onun peyğəmbər olması müsəlmanlara birlik, firavanlıq və səadət bəxş etməlidir.

Oxunuş sayı 300 dəfə
Şərh vermək üçün giriş edin
Top