Çərşənbə, 25 Mart 2020 19:05

"Kölgə" iş adamının həbsini pisləyir - BƏYANAT

"Kölgə" Yardım Birliyi Mübariz Mənsimovun həbsilə bağlı bəyanat yaydı. Bu barədə "Kölgə"nin sözçüsü, siyasi mühacir Röya Rəfili Xeberinfo.de-ə məlumat verib. 

Almaniyada yaşayan mühacir azərbaycanlılar tərəfindən yaradılan “Kölgə” Yardım Birliyi iş adamı Mübariz Mənsimovun həbsilə bağlı etiraz bəyanatı yayıb.
Bəyanatda Türkiyədə yaşayan azərbaycanlı iş adamı, “Palmali” Şirkətlər Qrupunun rəhbəri Mübariz Mənsimovun martın 15-də gerçəkləşən həbsinin siyasi sifariş olduğu vurğulanır və səbəb kimi də Azərbaycan hakimiyyəti göstərilir.
Bəyanatda bildirilir: “Azərbaycanlı iş adamı Mübariz Mənsimovun FETO ilə əlaqədə ittiham edilərək Türkiyədə həbs edilməsi siyasi məzmun daşıyır. Azərbaycan hakimiyyətinin, konkret İlham Əliyevin bu işin içində olduğu şübhəsizdir. Saxlanıldıqdan sonra Mübariz Mənsimov ictimaiyyətə iki məktubla müraciət edərək, bir çox məsələlərə aydınlıq gətirib. O, həbsinin siyasi sifariş olduğunu qeyd edib. Həmçinin həbsində SOCAR prezidenti Rövnəq Abdullayevi, Anar Əlizadə adlı şəxsi və Azərbaycan dövlətinin içərisindəki adını çəkmədiyi bəzi şəxsləri günahlandırıb. O, bir neçə il öncə Rövnəq Abdullayevlə işbirliyindən imtina etməsini həbsinin əsas səbəbi kimi göstərib. Mənsimov son illər SOCAR-ı və onun simasında Azərbaycan hakimiyyətini sərt tənqid edirdi. İş adamı vurğulayıb ki, Türkiyə də Azərbaycan kimi artıq hüquq dövləti deyil. Hər hansı örgütə, terror təşkilatına üzv olmadığını bildirən Mənsimov, həbsinə etiraz olaraq aclıq aksiyasına başladığını da qeyd edib.
Mübariz Mənsimov birbaşa vurğu ilə deməsə də, onun həbsinin sifarişçisi Əliyev rejimi və konkret dövlət olaraq İlham Əliyevdir. Bu həbsi siyasi qərardır. Türkiyə hakimiyyətinin bu təşəbbüsü dəstəkləməsi, sifarişi yerinə yetirməsi təəssüfedicidir. Biz “Kölgə” təşkilatı olaraq Mübariz Mənsimovun dərhal həbsdən azad olunmasının vacibliyini bildirməklə yanaşı, Azərbaycan hakimiyyətindən iş adamlarına qarşı təzyiqlərə son qoymasını tələb edirik".
Birlik həmçinin iş adamının həbsi ilə bağlı Türkiyənin Almaniyadakı səfirliyinə də məktub ünvanlayıb. Məktubda Mübariz Mənsimovun həbsinin əsassız olduğu vurğulanır və bildirilir ki, Türkiyə hakimiyyəti siyasi qərar deyil, hüquqa əsaslanan qərar verməli, Mübariz Mənsimovu həbsdən azad etməlidir”.

Oxunuş sayı 1188 dəfə
Şərh vermək üçün giriş edin
Top