Çərşənbə axşamı, 21 Aprel 2020 18:28

İmdadıma harayladım özümü - Jalə Cəfərova yazır

 Son günlər ardı-arası kəsilməyən "ziyalı" zümrəsinin bir-birindən eybəcər, ikrahdoğurucu "möhtəşəm" təkliflərini oxuduqca az qala özündən diksinirsən. Bilmirəm, 70-ci illərdə ekranlara çıxan "Kölgələr günorta yox olur" bədii filmini xatırlayan varmı? Filmdə çox zəngin rejissor tapıntıları var. Birini deyəcəm. 41-ci il müharibəsi başlayır. Eyni vaxtda dörd ailənin müharibənin onların həyatında nələrin dəyişəcəyini düşünüb-daşındıqlarını ailə daxilindəki müzakirələrini təsvir edir. Bir ailə başlanan müharibəni acı göz yaşlarıyla qarşılayır. Əllərini göyə açaraq, uca TANRIDAN imdad istəyir. İkinci ailə başlanan müharibəni ələdüşmüş fürsət kimi dəyərləndirib, "indi hamının başı öz hayına qarışıb. Biz fürsətdən istifadə edib, düşmənlərimizdən qisas almalıyıq" düşüncəsiylə plan qurur. Üçüncü ailə də bu fürsəti əldən verməyib, sakitcə oğurluq planlarını necə həyata keçirməyin qayğısında və nəhayət dördüncü ailə müharibənin insanlara fəlakət gətirəcəyinin nəinki ağrısını duymaq belə istəmir, belə bir şansın əldən verilməsini ən böyük axmaqlıq hesab edərək, yekdikliklə qərara gəlirlər ki, indi yuxarıda əyləşən vəzifəlılərə yarınaraq balıq nədir, əsil balina ovlamağın məqamıdır. Bax belə. Əminəm, nə ki demək istədiklərimi (lərinizi) artıq anladınız. Minlərlə ailələrin bir qarın çörəklə imtahana çəkildiyi dönəmdə illərlə sifətinə maska taxıb yarınanlar zümrəsinə bu günə qədər leksikonumuzda rast gəldiyim ən ağır sözü deməyi az bilirəm. Artistindən akademikinə qədər cərgəyə düzülüblər. Tükürpədici "möhtəşəm təklif" lərlə kimisi deputat kürsüsünü qucaqlamaq istəyir, kimisi beş-altı mənzili olsa da nəfsinin qulu olduğu üçün yeddincisini istəyir, nəvə-nəticəsinə də ehtiyatını əldən vermir, vəzifə, fəxri ad, sadalamaqla bitmir ki. Hara bitir? Necə bitsin? Ölkə çevrilib dəllal bazarına. Pəh, şadlığından çiçəyi vaxtından tez açan DYP-nın xırsquldurbasanları lap keyfdədilər. Karantin tətbiq edənlərə gündə azı yüz dəfə rəhmət oxuyub qaydaları “pozan”ları “cərimələyən” kim, hədə-qorxu gələn kim. “Dədə bax 100 manat yazmıram 50 ver keç get” təklifi sürücüdə qıcıq yaratsa da, ürəyində “itaparan olsun“ deyib, “şəstlə” pulu uzadır. Necə deyərlər, bazar qaynayıb daşır. Bazar demişkən, halalca icazə yazıb evdən çıxıb bazara, dükana gedən “xalq düşmənləri” olan müxalifətçiləri günün günorta çağı başına torba keçirib oğurlayan kim. Gecənin bir aləmi “məhkəmə” quran kim. “Karantin qaydalarını pozduqları üçün” deyib öz dediyinə özləri gülən üzlərində insanlıqdan əsər-əlamət olmayan “hakim”lərə biz yetimlər nə deyək, necə deyək?

 PS. Bütün bu sadaladıqlarımdan “xəbəri olmayan ziyalılara” səslənirəm: Fil boyda kürsüdə oturtdu bu xalaq sizi, qarışqa qədər hörmətiniz yox.

Jalə Cəfərova

Oxunuş sayı 1506 dəfə
Şərh vermək üçün giriş edin
Top