Bazar ertəsi, 27 Aprel 2020 23:59

DTX icra nümayəndəsini həbs edib - VİDEO

İsmayıllı rayon icra hakimiyyəti başçısının İsmayıllı şəhəri üzrə icra nümayəndəsi Məhərrəm Əhmədovun həbs edildiyi deyilir.
Bu barədə Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun birgə yaydığı məlumatda bildirilir. 
Məlumatda bildirilir ki, aparılmış tədbirlərlə Məhərrəm Əhmədov tərəfindən qanunsuz ödənişlər müqabilində "Koronavirus (COVID-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında” Nazirlər Kabinetinin 2 aprel 2020-ci il tarixli 124 nömrəli Qərarına zidd olaraq rayon ərazisində hüquqi şəxs və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə, eləcə də müvafiq kateqoriyalara aidiyyəti olmayan digər fiziki şəxslərə işləmələri barədə icazə.e-gov.az portalında qeydiyyatdan keçməyən arayışların verilməsi, habelə aztəminatlı ailələr üçün dövlət tərəfindən ayrılmış ərzaq sovqatlarının mənimsənilməsinə dair əsaslı şübhələr müəyyən edilib.  
"Şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyin inzibati binasına və Məhərrəm Əhmədovun rayonun Mican kəndində yerləşən yaşadığı evə baxış keçirilərək müxtəlif fiziki şəxslərə məxsus plastik bank kartları aşkar edilmiş və müəyyən edilmişdir ki, sonuncu öz yaxın qohumlarının adlarına formal olaraq rəsmiləşdirməklə müxtəlif sayda plastik bank kartlarının alınmasına nail olmuş, bu yolla ümumilikdə 2016-2020-ci illər ərzində 12.400 manat məbləğində vəsaiti qanunsuz olaraq mənimsəmişdir. Bununla yanaşı, baxış zamanı nağd pul, ayrı-ayrı şəxslərin adlarına guya işləmələri barədə verilmiş qanunsuz arayışlar və onlara dair qeydlər, habelə aztəminatlı ailələrə yardım məqsədilə nəzərdə tutulmuş ərzaq bağlamaları və digər əhəmiyyətli sənəd və əşyalar aşkar edilərək götürülmüşdür.", - rəsmi məlumatda qeyd olunur. 
Bildirilir ki, istintaq zamanı toplanmış ilkin sübutlar əsasında fakta görə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 311.1-ci (rüşvət alma) maddəsi ilə cinayət işi başlanmış, M.Əhmədov şübhəli şəxs qismində tutulub: "Hazırda cinayət işi üzrə qeyd olunan qanunsuz halların, o cümlədən Nazirlər Kabinetinin müvafiq qərarına zidd olaraq fiziki şəxslərə işləmələri barədə icazə.e-gov.az portalında qeydiyyatdan keçməyən arayışların verilməsi və aztəminatlı ailələr üçün dövlət tərəfindən ayrılmış ərzaq sovqatlarının mənimsənilməsi faktları hərtərəfli araşdırılmaqla təqsirli şəxslərin və həmin şəxslərin qanuni mənafelərini pozmuş olduqları vətəndaşların dairəsinin tam müəyyənləşdirilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir".  
"Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluq bu qəbildən olan qanunazidd hallarla üzləşən vətəndaşlara müraciət edərək Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 161 saylı "Qaynar xətt” əlaqə mərkəzinə məlumat vermələrini xahiş edir", - birgə açıqlamada deyilir.
 
 
Oxunuş sayı 1096 dəfə
Şərh vermək üçün giriş edin
Top