Çərşənbə axşamı, 28 Aprel 2020 14:30

Mənə bəraət verib, dərhal azad etmək hüququn aliliyi olardı - MÜRACİƏT

Siyasi məhbus, 2-ci qrup əlil Rufullah Axundzadə Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinə (Ombudsman) müraciət ünvanlayıb. Bu barədə Xeberinfo.de-ə Axundzadənin ailəsindən məlumat daxil olub. Həmin müraciəti təqdim edirik: 

"Mehriban Allahın adıyla!

Mən Rufullah Höccət oğlu Axundzadə Ramazanın ayının başlanması münasibətilə müsəlmanları təbrik edirəm!

 Bu gün (25.04.2020) cəza çəkdiyim müəssisənin məsul işçisinin qəbulunda oldum. Covid 19-la əlaqədar əfv olunmaq üçün təqdim edilən 65 yaşından yuxarı məhkumların siyahısını göstərdi, mənim də adım var idi və tələb olunan bütün qaydalara əməl olunmuşdu.

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin Əfv məsələləri sektorunun müdiri Kəmalə İsmayilovanın imzasıyla mənə təqdim olunan sənəddə yazılır ki, guya mən cinayətkaram və islah olunmamışam.

Kəmalə xanım, mən azərbaycanlıyam, 9 övladım, 18 nəvəm var. Heç zaman cinayət işlətməmiş, silah gəzdirməmişəm. 21.01.2020 tarixində 65 yaşım tamam olub. Anadan gəlmə remakardit olmaqla, həbs müddətində ürəyin arxa divarının 3 çat verməsi ilə infakt və insult keçirmiş, miokard nəticəsində 2-ci qrup əlil olmuşam. Haqqımda verilmiş 11 il 6 ay cəza hökmu heç bir halda təsdiqini tapmayıb. Hətta məhkəməyə gətirilən şahidlər “biz Rufullanı tanımır və onun haqqında heç bir ifadə verməmişik“ dedilər. Lakin həbsim siyasi sifariş olduğu üçün şahidlərin etirafı heç nəyi dəyişmədi.

Dəyərli ruhani Fəramiz Abbasovla eyni gündə, eyni maddələrlə həbs olunmuşuq. İkimiz də 9 ildən çox cəza çəkmişik və 65 yaşımız tamam olub. F.Abbasov haqq etdiyi azadlığa çıxır, əfv olunur, mən bütün qaydalara əməl etdiyim halda niyə əfv olunmuram? Niyə cinayətkar və qatil Akif Çovdarov, Vidadi Zeynalov virusdan qorunmaq məqsədilə əfv olunur, xalqını və dövlətini sevən Rufullah Axundzadə ölümə təhrik edilir?

 Kəmalə xanım və ölkənin hüquq sistemindən məsul olan şəxslər, mən gənc yaşlarımdan islah edən olmuşam. Mənə bəraət verib, dərhal azad etmək hüququn aliliyi olardı.

Heydər Əliyevin bu sözünü unutmayın: "Dövlət iki şeydən sarsılar, günahsız cəza alanda, günahkar cəzasız qalanda“.

Siyasi məhbus Rufullah Axundzadə"

Oxunuş sayı 1230 dəfə
Şərh vermək üçün giriş edin
Top