Bazar ertəsi, 18 May 2020 12:20

Jurnalisti bu yazısına görə həbs etdilər

Mayın 13-də Azel.tv saytının rəhbəri Əfqan Sadıqov Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs edilib.

Jurnalist Əfqan Sadıqov həbsindən öncə bu yazını paylaşıb.

"Taxtakörpüdə gizlədilmiş cinayət hadisəsi

Taxtakörpüdə (Laçın rayonu, Ağcabədi rayon ərazisi) qapatılmağa cəhd edilən dəhşətli namus cinayətinin istintaqı

Əslən Zəngilan rayonundan olan Zabit adlı şəxsin ailəsinə Ağcabədi rayonunun Taxtakörpü ərazisində məcburi köçkünlər üçün salınmış 552-saylı qəsəbədə 196 saylı ev verilmişdir. Zabit və həyat yoldaşı Bənövşə əqli cəhətdən qüsurludurlar, ikisi də oliqofreniya xəstəsidir.

Onların 2 qız övladları var. Ailə nəzarətsiz olduğu üçün onların böyük qızlarına bir neçə il bundan öncə naməlum şəxslər tərəfindən təcavüz edilmişdır. Hər gecə onların yaşadıqları evə müxtəlif adamların gəlməsi qonşuları ciddi narahat etdiyindən dəfələrlə Laçın rayon İcra Hakimiyyətinə və hüquq mühafizə orqanlarına müraciət etsələr də heç bir tədbir görülməmişdir. Mövcud qanunvericiliyə görə hər iki valideyni əqli cəhətdən qüsurlu olan uşaqlar ailədən alınaraq dövlət himayəsinə verilməli idi.

Nəhayət, növbəti cinayət xakterli biabırçı hadisə baş vermişdir. Həmin ailənin 2006 -cı il təvəllüdlü, 14 yaşı tamam olmayan Səlimova Aysel adlı qızı 29.04.2020 -ci il tarixdə bir neçə şəxs tərəfindən evdən aparılaraq təcavüz edilmiş, sonra isə onu möhkəm döyərək paltarı soyundurub çılpaq şəkildə yaşadığı evin yaxınlığına atmışlar. Zorlanaraq döyülmüş Aysel Səlimova gecə saat 3 radələrində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 Məlumat Mərkəzinə zəng edib hadisə barədə xəbər verərək Laçın rayon Mərkəzi Xəstəxanasına gəlmiş və ilkin tibbi yardım almışdır. Şikayətlə bağlı Laçın rayon Polis şöbəsində araşdırma aparılarkən məlum olmuşdur ki, müxtəlif vaxtlarda 60 dan çox şəxslər onu zorlamışlar.

Ona təcavüz edən şəxslərin içərisində Laçın rayon polis şöbəsinin əməkdaşları, dövlət idarələrinin məmurları, Taxtakörpü ərazisində yerləşən hərbi hissənin hərbçiləri, taksi sürücüləri, qəsəbə sakinləri və Ağcabədi rayonunun sakinlərinin də olduğu bildirilir.

Laçın rayon Polis şöbəsində obyektiv araşdırmalara başlansa da rayon İcra Hakimiyyətinin Başçısı Aqil Nəzərli və Laçın rayon Prokrorunun səlahiyyətlərini icra edən Ceyhun Almasovun göstərişi ilə istintaq işi qapanıb. Sadəcə olaraq hərbçilərdən 5000 manat və digər şəxslərdən isə 1000 manatdan 3000 manata qədər rüşvət alaraq baş verən cinayət hadisəsini ört - basdır edildiyi deyilir. Aysel Səlimovanın özündən böyük bacısı da eyni taleyi yaşamışdır.

P.S. Bu ölkədə insanların hüquqları hansı meyarlarla qorunur? Laçın rayon İcra Hakimiyyətindən, rayon Prokurorluğundan və Polis şöbəsindən baş verən cinayət hadisəsinə görə açıqlama gözləyirik".

Qeyd edək ki, jurnalist Əfqan Sadıqov bu yazını paylaşdıqdan sonra oğurlanıb. Mayın 14-də o, evindən ərzaq almaq məqsədi ilə çıxıb və geri qayıtmayıb. Onun həyat yoldaşı jurnalist Sevinc Sadıqova bildirib ki, axşamüstü evinin qapısını döyüb deyiblər ki, 190 manata görə gəlmişik. Sevinc qapını açanda 6 nəfərlik bir dəstə içəri girib və evdə axtarış aparıblar. 

Mayın 13-də Azel.tv saytının rəhbəri Əfqan Sadıqov Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin 182.2.1 və 182.2.4-cü (qabaqcadan əlbir olan bir qrup şəxs halında xeyli miqdarda əmlakı hədə-qorxu ilə tələb etmə) maddələri ilə cinayət işi başlanıb.

Əfqan Sadıqov bundan öncə Laçın rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli tərəfindən Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə xüsusi İttiham qaydasında məhkəməyə verilib. Mayın 15-də Cəlilabad rayon Məhkəməsində hakim Elxan Əmirəliyevin sədrliyi ilə məhkəmə baxışı təyin edilib.

Əfqan Sadıqov kəskin tənqidi yazıları və araşdırmaları ilə tanınıb.

Jurnalist 2016-cı il noyabrın 22-də həbs edilib. O, Cinayət Məcəlləsinin 127.2.3-cü (xuliqanlıq niyyəti ilə təhlükəli üsulla sağlamlığa qəsdən az ağır ziyan vurma) maddəsi ilə ittiham olunuraq 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Sonradan jurnalistin cəzası 1 il azaldılıb.

O sonradan bir neçə dəfə müxtəlif müddətlərdə inzibati qaydada həbs edilib.

Sadıqov bütün hallarda ittihamları qəbul etməyib və jurnalist fəaliyyətinin məhdudlaşdırılmasına yönəldiyini bildirib.

Sadıqov yerli hüquq müdafiəçiləri tərəfindən əvvəlki həbsi zamanı siyasi məhbus kimi tanınıb.

Oxunuş sayı 869 dəfə
Şərh vermək üçün giriş edin
Top