Çərşənbə axşamı, 19 May 2020 12:26

Lənkəranda "Umar Ali" ləqəbi ilə tanınan ictimai fəal həbs edilib

Sosial şəbəkələrdə "Umar Ali" ləqəbi ilə tanınan ictimai fəal İrşadov Elvin Lənkəran polis tərəfindən saxlanılıb. 
Bu barədə arqument.az-a bacısı Aynur İrşadova məlumat verib.
O bildirib ki, qardaşı şərlənib: "Elvin günorta saat 13:00 radələrində 190 manat məbləğində sosial yardımı almaq üçün evdən çıxıb. Lənkəran şəhərindəki "Kapital bank" bankomatına gedib və orada növbə gözləyərkən polislər onu tutaraq polis bölməsinə aparıb. Bildiriblər ki, guya o polisə kəllə atıb, sonra da onları döyüb. İndi də deyirlər ki, məhkəməsi olacaq və polisə müqavimətlə bağlı ona cəza kəsəcəklər”, – deyə bacısı İ.Aynur şikayətlənib.
Ailəsi bildirir ki, bütün bu ittihamlar yalandır: "Bilirik ki, bütün bunlar yalandır. Əvvəllər də Elvinlə bağlı ailəmizə təzyiqlər olub, problemlərlə üzləşmişik. Belə bir şey də gözləyirdik. Məncə, gözləyirdilər ki, o, küçəyə çıxsın və həbs etsinlər. Onun özü kimisə döyəcək biri deyil. Bu da yalandır. İfadəsində də qeyd edib ki, heç kimi döyməyib. Bundan əvvəl də dəfələrlə bizə polis tərəfindən təziq olmuşdu. Deyirdilər ki, ya Elvinin qabağını alın, ya da onu tutacağıq. Həm üzümüzə deyirdilər, həm də zəng edib qorxudurdular. Dəfələrlə olub ki, sahə müvəkkili və icra nümayəndəsi həm zəng edib, həm də evimizin qabağına gəliblər. Deyiblər ki, qardaşınızı yığışdırın, qabağını tutun. Bizimlə bağlı məsələləri sosial şəbəkələrdə ictimailəşdirməsin”.
Arqument.az fəalın saxlanması ilə bağlı Lənkəran Polis İdarəsi ilə əlaqə saxlasa da, oradan faktı nə təsdiq, nə təkizb ediblər. 
İrşadov Elvin bir ay öncə feybuk səhifəsində "Talış, yoxsa Lənkəran xanlığı?” adlı videosundan sonra məşhurlaşıb. O, bu videoda 1995-ci ildə nəşr edilmiş tarix dərsliyindən nümunələr gətirib və Talış xanlığının adının müasir dərsliklərdə silindiyini bildirib. 
Hadisədən 2 gün əvvəl son paylaşımında Elvin İrşadov qeyd edib ki, sosial şəbəkələrdə trollar onun haqqında yalan informasiyalar yayırlar: "O, feysbukda ölkədəki sosial və siyasi məsələlər barədə də öz fikirlərini yazıb". 
Qeyd edək ki, "Talış, yoxsa Lənkəran xanlığı?” müzakirəsini ilk dəfə sosial şəbəkələrdə tarixçi alim, Milli Şuranın sədri Cəmil Həsənli açıb.
O, "Ata yurdu" dərsliyinin müəllifi, AMEA-nın Tarix İnstitutunun rəhbəri Yaqub Mahmudovu tarixi faktları təhrif etməkdə günahlandırıb. Bu məsələ sosial şəbəkə və mediada uzun müddət müzakirə olunub. 
Oxunuş sayı 1037 dəfə
Şərh vermək üçün giriş edin
Top