Çərşənbə, 20 May 2020 00:59

"Adam kişi olar" demirəm... - Rüfət Səfərovdan keçmiş həmkarına sillə kimi yazı

Bunun barəsində bir neçə ay öncə yazmışdım. Bilməyənlər üçün təkrarlayım:

Demək, Zərdab rayon prokurorluğunun müstəntiqi vəzifəsinə yenicə təyin olunmuşdum. Günün birində qapı döyüldü, ədəb-ərkanla tanımadığım prokurorluq əməkdaşı daxil olub, özünü təqdim etdi:

-Salam, müstəntiq. Adım Orxan, soyadım Babayevdir. Zona üzrə yeni prokuror-kriminalist təyin olunmuşam. Tanış olaq.

Mən ayaq üstə onu qarşılayıb, nəzakətlə çay və ya su təklif etdim.

Məlum oldu ki, eyni rayondanıq-Qərbi Azərbaycanın Zəngibasar mahalı.

O da məlum oldu ki, elimizin-obamızın məşhur seyidi Mirkərim ağanın nəvəsidir.

İlk ünsiyyətimiz növbəti xidməti və şəxsi münasibətlərimizə körpü saldı. Hərçənd ki, rayon prokurorluğunda prokuror köməkçisi ilə birinci təması zamanı özünü yekəxana aparmışdı.

Bir qədər sonra Orxan savadlı, etibarlı, təcrübəli, ən əsası, alicənab biri kimi mənə təsir bağışladı.

Hadisə yerinin müayinəsindən tutmuş cinayət işləri üzrə müxtəlif ekspertizaların təyin edilməsi haqqında qərarlaradək, ayrı-ayrı mürəkkəb istintaq hərəkətlərinin icra edilməsinədək dəstək və tövsiyə verdi.

Xeyli çörək kəsdik.

Tez-tez Kürün qırağında dərdləşərdik.

Daha sonra onu Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinə mühüm işlər üzrə müstəntiq təyin etdilər.

Qudurdu və dəyişdi.

Bir müddət sonra prokurorluqdan ayrıldım.

Orxan Azərbaycanın ən qansız cinayət işlərini, xüsusilə, siyasi təqibləri şövqlə icra etməyə başladı.

Ki, tezliklə üzQARAsının gözünə girə bilsin.

Girdi də.

Ən qondarma və uydurma siyasi işlər üzrə məharətlə "RYUMİN" lik etdi.

Səhv etmirəmsə, ilk canfəşanlığı Xədicə İsmayıl barədə başlanmış geydirmə cinayət işində nümayiş etdirdi.

Hətta eşitdiyimə görə müxalifətçiləri xidməti kabinetində belə əzişdirməkdən çəkinmir.

İndi oxuyuram ki, Niyaməddini də bu gədə "mühakimə" edəcək.

Əminəm ki, ciddi surətdə "yarıdacaq"

Nə isə.

Orxan, inanıram ki, bu yazını oxuyacaqsan.

Eşit məni: 

"Adam kişi olar" demirəm, zatən çoxdan yadırğamısan.

"Adamın qeyrəti olar" demirəm, zatən uzun müddətdir unutmusan.

"Böyük hörmət sahibi, elimizin dərin və möhtəşəm insanı olan Mirkərim ağanın nəvəsisən, özünə olmasa da cəddinə, kökünə, soyuna hörmət elə" də demirəm, zatən artıq maddiyyat gözünü o qədər örtüb ki, heç bir dəyər sahibi deyilsən.

Bir bunu deyirəm ki, sənin kimi əclaf birisi ilə çörək kəsdiyimə görə özümü çox qınayıram və şəxsimə haram bilirəm!

Bu qədər.

Zaman gələr, görüşərik.

Qismət olacaq.

Rüfət Səfərov

Oxunuş sayı 845 dəfə
Şərh vermək üçün giriş edin
Top