Bazar ertəsi, 15 İyun 2020 12:37

Hər kəsin hüququ qorunan dövlət qurmalıyıq

Bu gün səmimi mübarizə aparanları 3 dəstəyə bölmək olar:
1. Ölkədəki sosial problemlərin həllini istəyənlər. Bu düşüncədə olanların yalnız bir istəyi var; sosial problemlər həll olsun, vətəndaş yemək, paltar və ev problemi yaşamasın. Hakimiyyətdə kimin olması bu dəstə üçün fərq etmir. Eyni zamanda heç bir siyasi istək və tələbləri də yoxdur.
2. Hakimiyyətin dəyişilməsini istəyənlər və siyasi iddialarla mübarizə aparanlar. Bu dəstə əksər halda siyasi partiya və təşkilatlarda birləşirlər. İstənilən vasitə ilə hakimiyyət dəyişikliyinə çalışır və Əliyev tayfa rejiminin devrilməsini arzulayırlar. Vətəndaşın sosial durumu və ədalət prinsipləri bu dəstə üçün o qədər də önəmli deyil.
3. Ölkədə demokratik dəyərlərin oturuşmasını istəyən və sağlam cəmiyyət qurmaq tələbilə mübarizə aparanlar. Bu dəstə üçün əsas meyar ölkədə demokratik dəyərlərin formalaşması və sağlam dövlət sisteminin qurulmasıdır. Hakimiyyət sistemə tabe olmalı və sadəcə qanunlar işləməlidir. Dövlət bir nəfərdən asılı qalmamalı və şəxsiyyət pərəstlik təmamən yox olmalıdır.
3-cü dəstənin hədəf və istəkləri məncə ən düzgün olandır. Demokratik ölkə qurarıqsa nə vətəndaşın sosial problemi qalar, nə də ədalətsiz hakimiyyətlə mübarizəyə ehtiyac olar. Hesab edirəm ki, birin və ikinci dəstənin mübarizə hədəfləri Azərbaycanın normal dövlət olmasını təmin edə bilməz. Ən uzağı qurtuluş gününün tarixi dəyişəcək. Yəni Heydər Əliyevin hakimiyyəti qəsb etmə tarixi ləğv edilib, yeni qəsbkarın işğal tarixi qurtuluş günü olacaq, onun heykəlləri ölkənin düzənini pozacaq və sair.
Bütün səyimizi ölkəmizin demokratik inkişafına həsr etməliyik, sağlam və hər bir vətəndaşın ən kiçik hüququ belə qorunan cəmiyyət qurmalıyıq. Sonra kimin ölkəbaşı olması önəmli olmayacaq. Çünki başqa qanun dayanacaq, digər başlar qanun qarşısında təzimdə olacaq.
Düşünürəm ki, belə bir cəmiyyət qurmaq mümkündür və bizdə çox yaxşı alınar.
Sağlam və ədalətli cəmiyyət qurmaq arzusuyla, rədd olsun saxta qurtuluş günü.

Cavid Cabbarlı 

Oxunuş sayı 1433 dəfə
Şərh vermək üçün giriş edin
Top