Çərşənbə axşamı, 21 Aprel 2015 21:00

Gömrük generalı ilə bağlı daha bir ilginc iddia: dərman monopoliyası...

Dövlət Gömrük Komitəsində baş verən özbaşınalıq və qanunsuzluqlarla bağlı yeni məlumatlar ortaya çıxıb.

AzToday.az xəbər verir ki, Gömrük Komitəsinin rəhbərliyində təmsil olunan şəxslər, konkret gömrük generalları Vüsal Novruzovla Səfər Mehdiyev arasında idxal monopoliyasına nəzarət etmək uğrunda gərginlik yaşanır. Belə ki, gömrük rəsmiləşdirilməsi olmadan ölkəyə daxil olan istehlak mallarına hansı generalın nəzarət etməsi məsələsi böyük qalmaqala səbəb olub. 

Gömrük Komitəsində baş verən hadisələrin mətbuata sızmasının səbəbi kimi də Vüsal Novruzovla Səfər Mehdiyev arasında gedən mübarizə əsas gətirilir. Bundan başqa, qadağan olunmuş dərman preparatlarının ölkəyə gətirilməsi bu sahənin Novruzovun nəzarətində olduğu ilə əlaqələndirilir. 

Məlumata görə, Səhiyyə Nazirliyinin icazə vermədiyi dərmanlar gömrük və sərhəd məntəqələrindən heç bir maneə olmadan ölkəyə daxil olur. Bu işə Bakı Baş Gömrük İdarəsinin rəisi Vüsal Novruzov birbaşa nəzarət edir. 

Bildirilir ki, Gömrük Komitəsində aparılan yoxlamalardan sonra üzə çıxan bu məsələ Vüsal Novruzovu çətin vəziyyətdə qoyub.

Məlumata görə, Vüsal Novruzov Azərbaycanda qadağan olunmuş dərman preparatlarının ölkəyə gətirilməsini hakimiyyətin yuxarı eşalonunda təmsil olunan şəxslərin tapşırığı ilə gətirdiyini deyərək vəziyyətdən çıxmağa çalışır.

Qeyd edək ki, ölkə başçısı İlham Əliyev dəfələrlə dərman bazarında yaşanan dözülməz vəziyyətin aradan qaldırılması ilə bağlı tapşırıqlar verib. Belə ki, ölkə başçısı çıxışlarında kimliyindən asılı olmayaraq ölkədə keyfiyyətsiz və bahalı dərman satan şəxslərin qanunla cəzalandırılmasını bildirib. Görünür, bütün bu tapşırıqlar Vüsal Novruzov üçün o qədər də əhəmiyyət daşımır.

Yazıda adı çəkilən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.

Cavad Bədəlov

Oxunuş sayı 1256 dəfə
Şərh vermək üçün giriş edin
Top