Çərşənbə, 22 Aprel 2015 21:00

Hüseynovların milyardlıq sərvəti - Bu qədər mülkü hansı pulla qazanıblar? - SİYAHI

Bir müddət öncə Bakının Sabunçu rayonu Ramana qəsəbəsindəki "Şuşa” şəhərciyində yaşayan Füzuli rayonu Böyük Bəhmənli kəndindən olan məcburi köçkün Elnur Mənsur oğlu İsmayılovun "Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynovun qardaşı Faiq Hüseynovla bağlı prezidentə ünvanladığı şikayət MƏKTUBU-nu dərc etmişdik. 

Bu dəfə Elnur İsmayılov yenidən Arqument.az-a "Azərsu” ASC sədri Qorxmaz Hüseynovun qardaşı, ARDNŞ-nin Qazma işləri trestinin rəis müavini Faiq Hüseynovla bağlı daha ilginc informasiyalar verib. 

Belə ki, məcburi köçkün ASC rəhbərinin məmur qardaşının milyon manatlarla ölçülən obyektləri, villaları və istirahət mərkəzləri ilə bağlı foto-faktlar təqdim edib. 

 E.Hüseynov Arqument.Az-a ünvanladığı müraciətində yazır: ""Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynovun qardaşı Faiq Hüseynovdan cənab Prezidentə müraciət ünvanlamışdım. İndi isə Faiq Hüseynovun  işlədiyi dövrdə özünə yaxın  insanların adına sənədləşdirib tikdirdiyi mülklərin bir hissəsinin siyahısını və fotolarını təqdim edirəm. Qeyd edim ki, bu mülklərin hamısını Faiq Hüseynov şəxsən özü mənə göstərmişdi. Təəssüf ki, dövlətin sərvətini dağıdan Faiq Hüseynov hələ də ARDNŞ-nin Qazma işləri trestinin rəis müavini vəzifəsində işləyir". 

Hüquqları pozulan vətəndaş məmur qardaşının biznes obyektləri barədə də maraqlı anonslar verib: "Onu da qeyd edim ki, bu şəkillərdə əksini tapan faktlar Hüseynovun mülklərinin bir hissəsidir. Faiq Hüseynovun satınalmaları həyata keçirərkən 11 milyon manatı necə mənimsəməsi, (faktlarla. E.H), kef məclislərini kimlərlə harada və necə təşkil etməsi, Pirallahı rayonundakı mülkləri, Aptek və Mebel biznesi, təhsili, dipolomu haqqında da bilgiləri geniş ictimaiyyətə təqdim edəcəm. Ümid edirəm ki, dövlətin əmlakını talan edən bu məmur cəzasız qalmayacaq. Ölkə başçısına ünvanladığım müraciət mütləq nəticəsini verəcək".

Qeyd edək ki, ötən dəfə Elnur Hüseynovun ölkə başçısına ünvanladığı müraciətlə bağlı Faiq Hüseynovdan münasibət öyrənmək istəsək də, cəhdlərimiz nəticəsiz qaldı. Belə ki, məmur haqqında səsləndirilən iddialara münasibət bildirmək əvəzinə, sorğumuza cavab verməkdən yayındı. Ümid edirik ki, bu foto-faktlardan sonra Hüseynov məsələyə münasibəti açıqlayacaq. 

Cavad Bədəlov

Oxunuş sayı 1178 dəfə
Şərh vermək üçün giriş edin
Top