Bazar, 24 Aprel 2016 22:00

Azərbaycan Mətbuat Şurası adlı abidə - Köşə

Mətbuat o qədər böyük və qüdrətli silahdır ki, onu azad etməyincə dövlətlərin aqibəti sığortalanmaz. Çünki mətbuat görən göz, eşidən qulaq, düşünən beyindir. Ona görə də müstəqil mətbuatı istəməyən məmur dövlətin dostu ola bilməz…

Bu fikir Azərbaycan mətbuat kapitanlarından birinə məxsusdu. Düşünürəm ki, yerində və zamanında deyilmiş sözdür.

Azərbaycan mətbuatı ən çətin durumunu yaşayır. Bu, həm də o deməkdir ki, Azərbaycan çətin duruma düşüb. Hesab edirəm ki, səbəbkar hakimiyyətdir. Həm ölkəni, həm mətbuatı, həm də vəsairləri mövcud hakimiyyət çətin duruma salıb.

 Hakimiyyətin təzyiq və təhdidləri qələm sahiblərini məhbəs qədər uzaqlara, rahat yaşayış planları isə mətbuat “kapitan”larını köləlik qədər rəzilliyə sürükləyib. Mən hər zaman və indi də mətbuat nümayəndəsinə hakimiyyətin nəsə verməsinə müxalif olmuşam. Jurnalist niyə hökumətdən ev almalıdır? Yaxud hakimiyyət hansı məqsədlə jurnalistə ev paylamalıdır? Hakimiyyətin bu davranışı mətbuat cəbhəsini faktiki olaraq iki hissəyə bölüb. Bir cəbhədə bütün təzyiq və təhdidlərə sinə gərərək qələmə sarılıb həqiqəti car edən qələm əhli döyüşür, digər tərəfdə isə bahalı maşınlara, şəhərin ən yaxşı yerlərində rahat mənzillərə sahiblənən redaktor ordusu dayanıb. Hakimiyyət cəbhədə döyüşənləri mənəvi və hətta fiziki məhv edir, zindanlara salır, tərəfində dayananları isə rəzilliklə köləsinə çevirib özünə mədhiyyələr dedizdirir. Ziyan çəkən isə MƏTBUATdır, Azərbaycan cəmiyyətidir. Biz Azərbaycanda baş verən çox əhəmiyyətli hadisələri xarici ölkələrin mətbuatından həmin ölkələrə sərf edəcək formada eşidiriksə, (10-cu neft platformasında baş verən yanğın və cəbhədəki vəziyyət dediyim faktı təsdiqləyən hadisələr sırasındadırlar) deməli Azərbaycan mətbuatının fatihəsi oxunub,  məzarının üzərində də “Azərbaycan Mətbuat Şurası” adlı bir abidə ucaldılıb. Hakimiyyətin qana bulaşmış tikəsini udmaq istəməyənlər isə bu abidənin önündə baş əyməli, təzim etməlidirlər. Əks halda yerləri və aqibətləri məlumdur.

Amma və lakin 2 aprel döyüşü Azərbaycan cəmiyyətinə və xüsusən mətbuatına qarşı olan düşüncələri dəyişdi. Bu mənada mətbuatı cəmiyyətə bənzətmək ən ədalətli və insaflı seçim olardı. Azərbaycan cəmiyyəti məhrumiyyətlərə, sosial çətinliklərə baxmayaraq birləşə biləcəyini və işğalçıya qarşı hər şeyi gözə alıb silaha sarılacağını nümayiş etdirdi. Ən yaşlı kişisindən tutmuş ən körpə uşağına qədər hamı səngərdə döyüşən əsgərə dəstək oldu və savaşa hazır olduğunu göstərdi. Bu hal həm də hakimiyyətə bir mesaj idi. Hakimiyyət bütün gücü ilə xalqın mübarizə əzmini qırmağa çalışdığı halda, xalq birləşə biləcəyini və haqqı uğrunda mübariz olduğunu ortaya qoydu. Unutmayın ki, mətbuat da bu xalqın nümayəndələrindən formalaşıb…

Valeh Bayramlı

Xeber.İnfo

Oxunuş sayı 1034 dəfə
Şərh vermək üçün giriş edin
Top