Cümə axşamı, 02 Mart 2017 21:00

Möhsün Zeynalov: “Azərbaycan polisi qürur mənbəyi olmaqla yanaşı, işgəncə və zorakılıq halları da mövcuddur”

Xeber.İnfo Azərbaycan polisinin davranışını əks etdirən bir neçə sualla paytaxtın müxtəlif yerlərində ayrı-ayrı şəxslərdən sorğu keçirib. Məqsəd polis haqqında deyilən bəzi məlumatlara ictimaiyyətin münasibətini öyrənmək olub. Məsələn, son zamanlar polis bölmələrində vətəndaşlara qarşı işgəncə faktlarının artdığı iddia olunur. Polisdə işgəncə varmı? Polisdə xoşunuza gəlməyən nədir? Polisin mitinqi dağıtmasına necə baxırsınız? – kimi suallarla vətəndaşlara müraciət olunub.

Asəf Dadaşov adlı müəllim Azərbaycan polisinə güvəndiyini və həm də neqativ halların başa verə biləcəyini düşündüyünü dedi: “Mən ömrümün 34 ilini müəllimlik sənətinə sərf eləmişəm. Həm sovet dövrünü, həm də müstəqillik zamanını yaşamışam və yaşayıram. Həqiqətən Azərbaycan polisinə güvənirəm. Polisdə işləyən kifayət qədər cəsarətli, vicdanlı oğullar var. Bir müddət əvvəl Bakıda bir bina yandı. Bir polis nəfəri canının bahasına binada olan azyaşlıları xilas elədi. Allah rəhmət eləsin. Yüzlərlə belə fakt sadalamaq olar. Polis nəfərləri qəhrəmanlıq etməklə xalqın qürur mənbəyi ola biliblər. Lakin qeyd edim ki, hər sahədə olduğu kimi polislərin arasında da bəzi vicdansızlar çıxır. Heç zaman belə neqativ halları ümumi polis adına yapışdırmağa razı olmaram. Polisin mitinqlərə müdaxiləsini kəsikin qınayıram. Mən özüm mitinqə gedib helə halların şahidi olmamışam. Lakin mətbuat vasitəsilə polisin vətəndaşa qarşı zorakılıq etdiyini görmüşəm. Ümid edirəm ki, sivil dünyaya qoşulmağı qarşıya məqsəd qoyan dövlətin polisi bundan sonra vətəndaşla normal davranacaq”.

Ailəsini əl qabarı ilə dolandıran, 21 il pinəçiliklə məşğul olan Yusif Əlmərdanov da polisdən razılıqla danışdı: “Bax gördüyünüz bu pinəçi dükanında çalışıram. Bura mənə atamdan qalıb. Hər gün azı 5, 6 nəfər gəlib ayaqqabı tikdirir. Halal zəhmətimlə ailəmi dolandırıram. Son zamanlar hər yerdə olduğu kimi bizdə də vəziyyət bir az zəifləyib. Məsələn əvvəl nə deyirdimsə razılaşırdılar. Amma indi bir cüt ayaqqabı tikmək üçün 5 manat istəyəndə deyirlər 4 manata tik və sair. Polisə gəldikdə, sahə müvəkkilindən çox razıyam. İncitmir, məndən heç nə istəmir. Amma eşitmişəm ki, polis bölmələrində bəzi işgəncə halları da olur. Ölkəmiz demokratiyalaşmaq istəyir. Mitinq və aksiyalar hər bir vətəndaşın borcudur. Polis mitinqlərdə vətəndaşların hüquqlarını pozursa, bununla razı ola bilmərəm. Axı vətəndaş nə tələb edir? Deyir ki, iş yeri olsun balama bir tikə çörək aparım. Polis balasına çörək aparmaq istəyən vətəndaşa işgəncə verməklə daşıdığı ada hörmətsizlik edir”.

“Mən kasıb adamam, ancaq çalışıram ki, evimə bir tikə çörək aparım. Heç savadım da yoxdur. Sizin suallara cavab verə bilmərəm. Gedin, savadlı adamlardan soruşun, başınıza dönüm. Bax ee, o tərəfdən bir qalustuqlu gəlir, o hər şeyi sizə danışar” – deyib, bizdən uzaqlaşdı, Həsən Quliyev adlı şəxs.

Polis nəfəri Möhsün Zeynalov Azərbaycan polisinin vicdanla xidmət etdiyini xüsusi vurğuladı: “Heç şübhəsiz deyə bilərəm ki, polis hər birimizin qürur mənbəyidir. Azərbaycan polisi bu zirvəyə zəhməti və dürüstlüyü ilə yüksəlib. Lakin polis işçisi kimi deyil, vətəndaş olaraq deyə bilərəm ki, polis bölmələrində işgəncə halları var, polisin vətəndaşa qarşı zorakı davranışı müşahidə olunur. Belə hallar təəssüfvericidir. Mətubatdan və sadə vətəndaşlarda bunu dəfələr eşidir ki, polis rəisləri və polis nəfərləri vətəndaşla necə rəftar etdiklərini bilmirlər. Bir neçə dəfə mənim polis əməkdaşları yanımda vətəndaşlara qarşı qeyri-etik davarnib. Həmişə belə hallara

dözməyib etiraz edirdim. Mitinq və aksiyalarda da vətəndaşa qarşı zorakılıq halları baş verir. Əslində belə hallar hər polis nəfərinin özündən daha çox asılıdır. Məsələn, rəis vətəndaşları dağıtmaq üçün tapşırıq verir. Polis nəfəri zor tətbiq etmədən də bunu edə bilər. Düzdür, bütün halda “polis zorakılıq edir, işgəncə verir” deyirlər. Daha dəhşətli odur ki, polis nəfərlərinin zorakı davranışı rəislər və yüksəkçinli şəxslər tərəfindən təqdir olunur. Beləliklə polis zorakılığı və işgəncəsi rəvac tapır. Bir daha qeyd edirəm, qürurlana biləcək qədər vicdanlı polislərimiz də var, hətta belələri daha çoxdur”.

Dispeçir Fuad Əsədov da sorğumuza qoşulub sualları həvəslə cavablandırdı: “Polisdə işgəncə olması haqqında mən də eşitmişəm. Amma deyə bilmərəm polisdə işgəncə var və hansı formada işgəncə verilir. Mənim işim elədir ki, hər cür adam görürəm. Elə vaxt olur, şəhərdə polis əlindən tərpənmək olmur. Amma lazım olanda, yəni tixacda və sair vaxtlarda bir polis tapmaq olmur ki, sözünü deyəsən. Bir dəfə mitinqə getdik. Bahalaşma ilə bağlı hansısa müxalifət partiyası mitinq edirdi. Bizi meydana buraxmadılar. Bir nəfər hündür danışdı və haqqını tələb etməyə başladı. Onu hamının gözü qarşısında döyə-döyə basdılar maşına. Bir, iki nəfəri də elə orda dubinkanın altına saldılar. Biz də qorxumuzdan səsimizi çıxartmayıb, qayıtdıq. Bax belə hallar olur. Amma yaxşı polislər də var. Lap elə biri mənim dostumdur. Arada dərdləşirik. Deyir ki, ay Fuad camaatın arasında qorxa-qorxa çıxıram. Elə bilirəm hamı məni söyür, bir iş tapsam çıxardım. Bu qədər haqsızlıq olmaz axı. Hər gün qorxu ilə işə gedirəm ki, rəis çağırıb kimisə zorla bölməyə gətirməyi, yaxud haqsız olaraq kiminsə üzünə durmağı tapşıracaq. Bax belə polislər görəndə bir qədər sevinirəm”.

A.Abdullayev

Oxunuş sayı 4533 dəfə
Şərh vermək üçün giriş edin
Top