Bazar ertəsi, 08 Sentyabr 2014 21:00

“Hökumətdə Azərbaycan səhiyyəsinə qarşı inamsızlıq var”

Vəfa İbrahimova: “Yüksəkçinli məmur başağrısına görə xarici klinikalara müraciət edirsə, Azərbaycan səhiyyəsi iflasa uğrayıb deməkdir” 

“Hər il Azərbaycanda müalicə məqsədi ilə xaricə üz tutan insanların sayı artır. Lakin müasir tibbi avadanlıqlarla təchiz edilən xəstəxa və mərkəzlərin sayının artması bu tendensiyanı zəiflətməli idi” – bu sözləri “İctimai Səhiyyə İnstitutu”nun sədr müavini Vəfa İbrahimova Azərbaycan hökumətinin səhiyyə siyasətini şərh edərkən “Doğru xəbər”-ə  bildirib.

Onun sözlərinə görə, vətəndaşların əksər hissəsi hesab edir ki, bu təzadın arxasında günü-gündən tənəzzülə uğrayan səhiyyə sistemi, bu sistemin yarıtmaz fəaliyyəti dayanır: “Problemin əsas səbəbi ümumilikdə səhiyyə sistemi deyil, həm də peşəkar tibbi kadrların çatışmazlığıdır. Mən bunu səhiyyə sistemindən daha çox ilk növbədə tibbi kadrların hazırlanmasında, uzun illər bu sahədə görülən tədbirlərdə axtarardım. Hesab edirəm ki, müasir dünyada tibbi ixtiraların tətbiqi sahəsində yol verdiyimiz gecikmələr də səhiyyə turizminin meydana çıxmasına səbəb olur.  Azərbaycandan orta təbəqəyə qədər olan insanlaırn bir hissəsi müalicə məqsədi ilə İrana, bir qismi də Türkiyəyə pənah aparır. Nəticədə kifayət qədər böyük vəsait bu ölkələrə daşınır. Maddi baxımdan bir qədər imkanlı şəxslər isə Almaniya və İsrailə üz tutur”.

V.İbrahimova hesab edir ki, səhiyyədə olan problemləri bir gündə həll etmək mümkün deyil: “Bu problemlər uzun müddət üst- üstə yığılan neqativ halların nəticəsidir. Rəsmi qurumlar da dolayısı ilə problemin ciddiliyini bildiriblər. Əmək və Əhalinin Sosial müdafiəsi naziri açıqlama verdi ki, Azərbaycanda tam texniki təchizatlı klinikaların bolluguna baxmayaraq, hər il nə qədər əlili dövlət hesabına xaricə reabilitasiyaya göndəririk və buna dövlətin küllü miqdarda vəsaiti xərclənir. Düşünürəm ki, hökumətdə Azərbaycan səhiyyəsinə qarşı inamsızlıq var. Hökuməti təmsil edən yüksəkçinli məmurlar başağrısına görə xarici klinikalara müraciət edirlər. Hətta səhiyyə nazirinin xaricdə müalicə aldığı barədə mütəmadi xəbərlər dolaşır”.

Ekspert ölüm hallarının artmasına da toxundu: “Son zamanlar həkimlər tərəfindən çox ciddi səhvlərə də şahid oluruq. Xüsusən hamilə anaların ölüm halları daha çox narahatedici məqamdır. Hesab edirəm ki, bu kimi hallar personalın işinə olan biganəliyi və səriştəsizliyi səbəbindən baş verir. Artıq hec kimə sirr deyil ki, səhiyyə sistemində də korrupsiya halları adiləşib, verilən rüşvətə sadə camaat “halallıq”, “hörmət” adı qoyub. Yəni dogum evlərinə işə qəbul şəffaf şəkildə aparılmasa, burada nəyəsə zamin durmaq mümkün deyil. Əslində  hec bir sadə həkimi gunahlandırmaq fikrində deyiləm. Cünki həkim özü də yararsız tibb sisteminin qurbanıdır. Bilirik ki, adi həkimin aylıq maaşı 170-180 manat civarındadır. O, ailəsinə dolanışıq aparmaq ücün gözünü xəstənin əlinə dikib. Sistem kökündən dəyişməlidir”. 

Cavad Bədəlov

Oxunuş sayı 1527 dəfə
Şərh vermək üçün giriş edin
Top