Şənbə, 24 Yanvar 2015 21:00

Oğuz Rayon Mərkəzi Xəstəxanasında özbaşınalıq davam edir

Dövlətə məxsus tibb ocaqlarında tibbi xidmətin pulsuz olmasına baxmayaraq, təəssüf ki, bir sıra mərkəzi xəstəxanalardakı səhiyyə xidmətlərində bəzi xoşagəlməz hallar yaşanır. Söhbət Oğuz Rayon Mərkəzi Rayon Xəstəxanasından gedir. Belə ki, sözügedən tibb müəssisəsində olan qanunsuzluqlar vətəndaşları cana yığıb. 

Bu barədə daxil olan məlumatlarda bildirilir ki, rayon mərkəzi xəstəxanasının bəzi həkimləri bütün xəstələrdən nəsə tələb edirlər. İmkanı olmayan xəstələr isə baxımsızlıqdan əziyyət çəkir. Rayon mərkəzi xəstəxanasında baş verən bütün özbaşınalıqlar və bəzi həkimlərin vəzifə səlahiyyətlərindən sui-istifadə etmələri insanları narazı salan əsas amillərdəndir. Əldə etdiyimiz məlumata görə, bəzi qurumların bilavasitə məlumatları olmalarına baxmayaraq, problemlərin həlli üçün faktiki olaraq heç bir addım atılmır. Bütün bunlar isə bir sıra həkimlərin əl-qolunu daha da açır. Oğuz Rayon Mərkəzi Xəstəxanasında olan xoşagəlməz hallar bunlarla bitmir. Belə ki, bəzi həkimlər rayon mərkəzi xəstəxanasında müalicə olunan xəstələrə dövlət büdcəsindən ayrılan dərman preparatları və qida məhsulları vermirlər. Bir sıra xəstələrdən özləri üçün evdən yemək gətirmələri və xəstəxananın yaxınlığında olan aptekdən dərman almaları tələb olunur. Beləliklə də, dövlət büdcəsindən xəstələr üçün ayrılan dərman preparatları və ərzaq məhsulları bir xəstəxananın rəhbərliyi tərəfindən mənimsəilir. Şikayətçilərin sözlərinə görə, hazırda rayonda fəaliyyət göstərən dövlət xəstəxanasında vəziyyət hədddindən artıq bərbaddır. Xəstələr üçün heç bir şərait yaradılmır. Xəstəxanada istilik sistemi iflic haldadır. Qışın oğlan çağında xəstələr soyuqdan donurlar. Baş həkim və digər həkimlərin otağında qızdırıcı var. Lakin otaqlarda istilikdən əsər -əlamət yoxdur. Oğuz sakinlər bu durumdan şikayətçidirlər. Tez bir zamanda Oğuz Rayon Mərkəzi Xəstəxanasında baş verən neqativ hallara qarşı təbbirlərin görülməsini istəyirlər. Sözügedən xəstəxananın baş həkimi ilə bağlı ciddi ölçü götürülməsini tələb edirlər.
Sakinlərin bildirdiyinə görə, adıçəkilən tibb ocağında xəstələrə pul mənbəyi kimi yanaşırlar. Həkimlərin əksəriyyəti özlərini xəstəxananın ağası kimi aparırlar.
Pulu olmayan xəstəyə yaxşı xidmət olunmur. Bir sıra həkimlər maddi durumu aşağı olan xəstəni yaxşı qəbul etmirlər verir. Bundan başqa burada palatalar bərbad vəziyyətdədir. 3-4 palata var ki, onlar da xüsusi adamlar üçündür. Xüsusi deyəndə kimin adamı var və kimin pulu varsa onları həmin palata yerləşdirirlər. Lakin sadə və pulu olmayan vətəndaşlara qarşı münasibət heç də yaxşı deyil.
Çox təəssüf ki, dövlətin səhiyyəyə ayırdığı vəsaiti sözügedən xəstəxananın baş həkimi lazımi şəkildə istifadə etmir. Ayrılan vəsaiti öz maraqları naminə xərcləyir. Bu isə vətəndaşların ciddi narazılığına səbəb olur.
Təəssüflər olsun ki, bu gün Oğuz səhiyyəsinin də adı problemli, qalmaqallı durumlarda hallanır. Səhiyyə sistemində baş verən özbaşınalıqlarla bağlı dəfələrlə yazmağımıza baxmayaraq, hələ də mövcud olan problemlər bu gün də qalmaqdadır. Əldə edilən məlumatlarda o da qeyd olunur ki, Oğuz rayon Mərkəzi Xəstəxanasında sağlamlıq haqqında arayış almaq üçün 5-10 manatdan keçmək lazımdır. Xəstəxananın baş həkimi Sunay Balakişiyevin göstərişinə əsasən belə bir qiymət müəyyənləşdirilib. Məlumatda iddia edilir ki, arayışa görə alınan pulun yarısı birbaşa baş həkimə çatır. Hətta o da bildirilir ki, rayonda hərbi xidmətdən yayınmaq istəyənlər üçün də istənilən şərait yaradılıb. Belə ki, Sunay Balakişiyevin hətta gənclərə heç də kiçik olmayan məbləğ müqabilində xəstəlik kağızı, hətta ruhi-əsəb xəstəsi (dəlilik) olması haqqında da sənəd verilir. İddia edilir ki, məhz bu səbəbdən rayonda son bir ildə hərbi xidmətdən yayınanların sayı çoxalıb.

İlqar Sadıqov

Oxunuş sayı 2205 dəfə
Şərh vermək üçün giriş edin
Top