Şənbə, 10 Dekabr 2016 21:00

Səhiyyə əzrayıl rolunda - Rafiq Cəlilov yazır

 Səhiyyədəki çatışmamazlıqlar haqqında çox deyilib, çox yazılsa da, nədənsə səlahiyyət sahibləri bütün bu deyilən və yazılandan nəticə çıxartmırlar. Əslində dünyanın ən bərbad səhiyyə sistemi məhz Azərbaycandadır. Təbii ki, Avropada müalicə alan “səhiyyə səlahiyyətliləri” bütün bunları inkar etməyə çalışacaqlar və bu yalanı demək üçün onların vicdanları azca da olsa ağramaz. Bəlkə də onlarda artıq “vicdan” deyilən bir hiss yoxdur.

 Səhv diaqnoz 

 Həkimlərdə belə bir deyim var: DÜZGÜN DİAQNOZ! Əslində bu deyimin arxasında böyük tibbi araşdırmalar durur. Məhz səhv qoyulmuş bir diaqnoza görə bu gün iki azyaşlı uşaq anası ölümlə üz-üzədir. Hadisə vaqe olur AzərSuTikinti xəstəxanasında. 1965-ci il təvəllüdlü Hüseynova Dilşad Dadaş qızı düz bağırsağındakı ağrılarla həmin xəstəxanaya müraciət edir. Həkim Hüseynov Mirbəşir heç bir analiz götürmədən 15 avqust 2016-cı il tarixdə xəstəni “düz bağırsağın çatı, babasil” diaqnozu ilə əməliyyat edir və 17 avqust 2016-cı ildə xəstəni evə buraxır. Bir müddətdən sonra düz bağırsağında ağrıların artdığını görən xəstə yenidən həkimə müraciət edir və onu bu dəfə “xəstəlik uzun sürən xəstəlikdir, narahat olmayın” vədi ilə aldadıb, ona ağrıkəsici dərmanlar yazırlar. Bu hal 3 ay davam edir, xəstənin yaxşılaşmadığını görən AzərSuTikinti xəstəxanasından xəstəni 14.XI. 2016-cı il tarixdə “Diaqnoz” tibb mərkəzinə müayinəyə göndərirlər. “Diaqnoz” tibb mərkəzində edilən endoskopik müayinədən sonra xəstədə “xərçəngin əlamətləri” aşkarlanır və xəstə Milli Onkologiya Mərkəzinə göndərilir. Milli Onkologiya Mərkəzində 16 və 20 noyabr tarixli müayinə aktlarına əsasən xəstənin düz bağırsağında “bədxassəli şiş” aşkarlanır və xəstə dərhal xəstəxanaya yerləşdirilir. Milli Onkologiya Mərkəzində xəstənin yaxınlarına “bunu əməliyyat edən şəxs canidir” desələr də, nədənsə həmin şəxs barəsində hüquq-mühafizə orqanları qarşısında vəsatət qaldırmırlar. Görünəni odur ki, belə “canilərin” işi elə Milli Onkologiya Mərkəzinə də sərf edir. Axı hər bir əlavə xəstə əlavə gəlir mənbəyidir…

 …İndi isə gəlin bu hadisəyə Azərbaycan gerçəkliklərindən baxaq. AzərSuTikinti xəstəxanasındakı səriştəsizlik və səhlənkarlıq, ən əsası isə “tez əməliyyat edib, pul qazanmaq istəyi” böyük bir bədbəxtliyin başlanmasına səbəb olur. Xəstəxanada düz bağırsaqdakı bədxassəli şiş, “babasil” adı ilə əməliyyatla “götürülür”, təbii ki, bədxassəli şişə bıçaq dəyən kimi o artır və dözülməz ağrılar verir. Məhz bu cür ağrıları azaltmaq məqsədi ilə xəstəyə “ağrı kəsicilər” təyin edilir. 3 ay müddətində xəstəni “nəyi var” soyandan sonra, onu “Diaqnoz” tibb mərkəzinə göndərirlər. Təbii ki,  “Diaqnoz” tibb mərkəzində endoskopik müayinəyə görə də xəstə elə də az olmayan məbləğ ödəmək zorunda qalır. Sonra xəstə Milli Onkologiya Mərkəzinə göndərilir, təbii ki, bu mərkəzdə də Azərbaycan reallığı hökm sürür və bütün müayinələrə görə elə də az olmayan məbləğ ödənilir. Sonda isə məlum olur ki, iki azyaşlı körpəsi olan xəstə ümüdsizdür, ilkin olaraq səhv qoyulmuş diaqnoz bir ailəni müflis etməklə yanaşı, məhv etmək qabiliyyətində imiş. Doğurdanmı bir neçə həkim ailəsini dolandırmaq üçün bir ailəni məhv etmək lazımmış? Bəs bu cinayətdə əli olanlara “gözün üstə qaşın var” deyən tapılacaqmı?

 P.S. Azərbaycan səhiyyəsinin bu cür bərbad və pul həris olması ucbatından minlərlə ailə müflis, və ən əsası bədbəxt edilib, bu barədə növbəti araşdırma yazımda…

 

Oxunuş sayı 1882 dəfə
Şərh vermək üçün giriş edin
Top