Cümə axşamı, 15 İyun 2017 22:00

“Azərbaycan səhiyyəsi korrupsiya yuvasına çevrilib”- Vəfa İbrahimova

Azərbaycan səhiyyəsi iflic vəziyyətini yaşayır. Həkim səhlənkarlığından tutmuş dərmanların keyfiyyətsizliyinə qədər xeyli problem var. Statistik məlumatlara görə hər il həkimlərin məsuliyyətsizliyi və səhiyyə ilə bağlı digər səbəblərə görə ölənlərin sayı artır. Hətta Azərbaycan səhiyyəsi rekordlara imza atır desək də yanılmarıq. Buna misal olaraq, xəstənin sağlam ayağının amputasiyasını göstərmək olar. Bu barədə hətta dünya mətbuatı məlumatlıdır.

Vəfa İbrahimova Mövzu ilə bağlı suallarımızı cavablandıran “İctimai Səhiyyə   İnstitutu”nun sədr müavini Vəfa İbrahimova Azərbaycan səhiyyəsinin  korrupsiya mənbəyinə çevrildiyini deyir: “Azərbaycanda ümumilikdə maaşlar çox aşağıdır. Dövlət heç bir halda vətəndaşına sahib çıxmır. Düşünürəm ki, bir neçə sahədə dövlətin xüsusi marağı olmalıdır. Onlardan biri bəlkə də birincisi səhiyyə sahəsidir. Çünki, söhbət vətəndaşın sağlamlığından gedir. İnsanlar sağlam olmasalar dövlətin dayanıqlığı necə təmin ola bilər? Həkimlərin maaşı orta hesabla 250-300 manat həcmindədir. Bu da təqribən 125-170 dollar deməkdir. Bir insan bu qədər cüzi maaşla necə dolana bilər? Amma bir paradoksal vəziyyət var. 250-300 manat maaş alan həkimlərin əksəriyyəti bahalı maşınlarla işə gəlirlər. Bu da o deməkdir ki, Azərbaycan dövləti həkimə simvolik maaş verir. Həkimlərin əsas gəlir mənbəyi xəstələrin cibləridir. Məhz ona görə də səhiyyədə keyfiyyət və inamsızlıq çox aşığıdır”.

V.İbrahimova xəstələrin qonşu ölkələrə üz tutduqlarını deyir: “Azərbaycan vətəndaşları faktiki olaraq ya İrana, ya da Gürcüstana gedirlər. Nisbətən imkanı olanlar isə Türkiyədə müalicə olunmağa üstünlük verirlər. Hakimiyyətdə olanlar isə Avropa ölkələrinə üz tuturlar. Bu barədə kifayət qədər fakt tapmaq olar. Bu axın ölkə səhiyyəsinin hansı vəziyyətdə olduğunu göstərir. Bizdə olan məlumatlara görə regionlarda yaşayan insanlar banklardan yüksək faizlə kreditə pul götürüb müalicə üçün İrana gedirlər. Bunun əsas iki səbəbi var. Birincisi, Azərbaycanda bütün mənada səhiyyə iflic vəziyyətdədir. Hətta xəstəliyə verilən diaqnoz da yanlış olur. Bu da xəstənin inamsızlığını yaradır. Məsələn, kiminsə müalicə etməklə sağalması mümkün olan bir yeri ağrıyırsa, o xəstəyə ağır diaqnoz qoyub əməliyyata salırlar ki, xəstədən çox pul alsınlar, və sair. İkinci səbəb isə dərmanların keyfiyyətsizliyidir. Xəstə Azərbaycandakı apteklərdən aldığı dərmanların təsirini görmür. Sadə dərman peraparaları xəstəni sağaltmır. Qonşu ölkələrdən alınan peraparatlar isə daha tez və lazımi təsirini göstərir. Hesab edirəm ki, bu faktlar Azərbaycan səhiyyəsinin çox bərbad vəziyyətdə olduğunu deməyə əsas verir”. 

Oxunuş sayı 1679 dəfə
Şərh vermək üçün giriş edin
Top