Cümə axşamı, 25 May 2017 22:00

Onkoloji Klinikanın dərmanları niyə özəl aptekdə satılır? - MÜRACİƏT

 “Mən Səhiyyə Nazirliyinə və digər müvafiq qurumlara müraciət edirəm ki, Milli Onkologiya Mərkəzində və Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikasında nələr baş verdiyini araşdırsınlar. Bu iki səhiyyə ocağında insanları heç kimdən çəkinmədən soyurlar. Ən yüksək səviyyədə xəstələrdən pul tələb olunur, dövlətin verdiyi dərman pereparatları və hətta əməliyyat üçün nəzərdə tutulan vəsaitlərin alınması xüsusi apteklərdən tələb olunur. Heç başqa apteklərdən tapmaq da mümkün deyil”. Bu sözlər onkoloji xəstəlikdən əziyyət çəkən bir şəxsin xeberinfo.de-a ünvanladığı məktubda yer alır.

Mənbə şahid olduğu hadisələri qeyd edir: “Həm Milli Onkologiya Mərkəzində, həm də Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikasında açıq alver gedir. Bu iki müəssisə dövlət xəstəxanaları olsalar da insanları soymaqla məşğuldur. Daha maraqlı fakt odur ki, onkoloji xəstə başqa özəl tibb müəssisəsində müalicə ala bilməz. Mütləq adını qeyd etdiyim yerlərdə dərdinə əlac axtarmalıdır. Mənə özəl klinikaların birində onkoloji xəstə olduğumu, lakin bunun müalicəsinin və əməliyyatının ancaq  Milli Onkologiya Mərkəzində və Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikasında mümkün olduğunu dedilər. Əvvəl Milli Onkologiya Mərkəzinə getdim. Həkimin (lazım olsa adını deyərəm) otağına girən kimi, məndən 20 AZN tələb etdi. Mən də ödədim. Sonra analizə göndərdi. 200 AZN-dən çox pulum çıxdı. Dedilər ki, dərhal əməliyyat olmalısan, 2000 (iki min) ödə əməliyyat edək. Mənim bu qədər pulum yoxdur, deyəndə “özün bilərsən, qərar sənindir, biz səni əməliyyat etməkdə borclu deyilik” cavabını aldım. Bir tanış vasitəsilə Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikasına getdim. Müayinə olunduqdan sonra (hamısı baha qiymətlə və bəzi analizləri özəl klinikalarda verməyi tələb etdilər) əməliyyat göstərişi verildi. Amma Milli Onkologiya Mərkəzində deyilən qiymətin yarısına razılaşdıq. Bu zaman qədər, hardasa vəziyyətlə barışırdım. Əməliyyatdan bir gün əvvəl sizə təqdim etdiyim reseptləri verdilər ki, bunlar alınmalıdır. Xüsusi qeyd etdilər ki, bunları ancaq “Yasmin” aptekindən almalısınız. Digər apteklərdən soruşdum. Dedilər ki, bunlar satılmır. Xəstəxanalara əməliyyat üçün verilir. Nəhayət 300 AZN-ə yaxın pul ödədikdən sonra dərman pereparatlarını və əməliyyat vəsaitlərini aldm. Bir sual məni düşündürdüyü üçün bu müraciəti edirəm. Dövlət büdcəsindən ayrılan vəsait hesabına Onkoloji Klinikaya verilən dərman pereparatları və əməliyyat vəsaitləri bir aptekə neçə gedib çıxıb? Niyə bu ləvazimatlar digər apteklərdə yoxdur? Xahiş edirəm Səhiyyə Nazirliyi və digər müvafiq qurumlar bu məsələni araşdırsınlar və ictimaiyyətə açıqlama versinlər”. 

Oxunuş sayı 1490 dəfə
Şərh vermək üçün giriş edin
Top