Çərşənbə, 24 Sentyabr 2014 21:00

“Dövlət vətəndaşını müdafiə etmək əvəzinə, onu təqib edir, həbsə atır”

Sənan Hüseynov: “Dövlət vətəndaşını müdafiə etmək əvəzinə, onu təqib edir, həbsə atır”

“Azərbaycanda insan hüquqlarının qorunması ilə bağlı vəziyyət getdikcə gərginləşir. Qanunsuz həbslər, siyasi məhbus problemi və cəmiyyətdə aktiv insanlara qarşı təzyiqlər paytaxtla yanaşı, bölgələri də əhatə edir”. Ölkədə repressiyaların artdığını iddia edən ictimai-siyasi fəal Sənan Hüseynov deyir ki, hakimiyyət bununla bağlı Avropa Şurası qarşında götürdüyü öhdəlikləri yerinə yetirməyi bir yana, üstəlik siyasi məhbus məsələsi daha da ağırlaşıb: “Əgər 2013-cü ildə ölkədə 84 nəfər siyasi məhbus vardısa, bu gün onların sayı 100 nəfərdən çoxdur. Bu gün həbsdə olan vicdan məhbuslarından 12 nəfəri jurnalist və bloggerdir. Onlar Tofiq Yaqublu, Əvəz Zeynallı, Pərviz Həşimli, Fərəməz Allahverdiyev, Əbdül Əbilov, Sərdar Əlibəyli, Nicat Əliyev, Fuad Hüseynov, Araz Quliyev, Hilal Məmmədov, Rəşad Ramazanov, Seymur Həzi bu gün də məhbus həyatı yaşayır. Hüquq müdafiəçiləri Anar Məmmədli, Qurban Məmmədov, Həsən Hüsyenli, İntiqam Əliyev, Leyla Yunus, Arif Yunus saxta ittihamlarla həbsdə saxlanılır. Siyasi fəallar, Müsavat başqanının müşaviri Yadigar Sadıqov və REAL Hərəkatının sədri İlqar Məmmədov azadlıqdan məhrum edilib. 8 nəfər «NİDA»çı gənc qurama ittihamlarla həbsxanaya atılıb. Hazırkı rejim inanclı insanlara qarşı da dözümsüzlük nümayiş etdirir. Adları vicdan məhbusları siyahısında olan Taleh Bağırov və Mövsüm Səmədov hakimiyyətin ən yuxarı eşalonunda təmsil olunanlar barədə tənqidi fikirlərinə görə həbs olunublar. Bu şəxslərə qarşı həm istintaq, həm də məhkəmə istintaqı zamanı güclü fiziki və psixoloji təzyiqlər olub. Ölkədə baş verənlər hakimiyyətin repressiya siyasətini davam etdirdiyini göstərir. Hakimiyyət bu yolla müxalif fikri, alternativ düşüncəni boğmağa çalışır. İnsan hüquqlarnın müdafiəsi ilə məşğul olan vətəndaş cəmiyyəti nümayəndələrini bu fəaliyyətdən çəkindirmək istəyir. İcra orqanlarının göstərişləri ilə işləyən məhkəmələr vasitəsi ilə hakimiyyət alternativ fikir səsləndirən hər kəsi həbs edə bilər. Hazırda baş verənlər repressiya dalğasının davam etdiyinin göstəricisidir. Bir sözlə cəmiyyətimiz yenidən siyasi hakimiyyətin total repressiyası ilə üz-üzədir və artıq hüquq müdafiəçiləri və vəkillər belə həbs olunur. İctimai təşkilatlar isə fəaliyyətlərini dayandırmağa məcbur edilərək basqı altında saxlanılır. Hakimiyyət ölkədə demokratiya tərəfdarlarının və demokratik təsisatların axırına çıxmaq istəyir”.

Sənan Hüseynovun sözlərinə görə, təzyiqlər təkcə siyası fəal, jurnalistlərə qarşı deyil, həm də onların ailə üzvlərinə qarşı olur: “Müsavat partiyasının təmsilşisi Tofiq Yaqublunun qızı Nigar Yaqublunun həbsi, Azərbaycan Xalq Cəbhəsi Partiyasının mətbuat katibi Natiq Adilovun qardaşı Murad Adilovun həbsi buna sübutdur. Bu zaman hətta qadın və azyaşlılara da məhəl qoyulmur. Oqtay Güləliyevin hələ 18 yaşı belə tamam olmayan oğlu Əliyə qarşı irəli sürülən ittihamlar da bu qəbildəndir. Bu ittihamın irəli sürülməsində əsas məqsəd onun atası, hüquq müdafiəçisi Oqtay Güləliyevi fəaliyyətindən, hüquq müdafiə işindən çəkindirməkdir. Belə ki, Oqtay Güləliyevin oğlu Əliyə qarşı irəli sürülən ittiham əsassız və uydurmadır. Bu ittihamın gündəmə gətirilməsində yeganə məqsəd onun atası, hüquq müdafiəçisi Oqtay Güləliyevi fəaliyyətindən çəkindirmək, hüququ pozulmuş şəxslərin müdafiəsindən kənarlaşdırmaqdır. Amma nəzərə almırlar ki, Oqtay Güləliyev öz hüquqları uğrunda deyil, hüquqları pozulan və müdafiəsiz qalan digər Azərbaycan vətəndaşlarının hüquqlarının müdafiəsi, bərpası uğrunda mübarizə aparır. Əslində bu vəzifəni hüquq müdafiəçisi deyil, prokurorluq, məhkəmə və polis orqanları həyata keçirməlidir. Dövlət həmin işi gördüyünə görə, hüquq müdafiəçisinə təşəkkür etmək əvəzinə, onu cəzalandırmaq üçün ən ağlasığmaz addımlar atması başadüşülən deyil. Bu da göstərir ki, dövlət vətəndaşını müdafiə etmək əvəzinə, onu təqib edir, həbsə atır, hərəkətlərini maksimum məhdudlaşdırır.

Oxunuş sayı 1724 dəfə
Şərh vermək üçün giriş edin
Top