Şənbə, 16 Dekabr 2017 21:00

Hakimiyyətə kim lazımdır – alim, yoxsa “yaltaqoloq”?

Azərbaycanda elmin, təhsilin, elmi işçinin, təhsil verənin hansı vəziyyətdə olduğu hamıya məlumdur.  Mövcud hakimiyyət müəllimi seçki saxtakarına, elmi işçini dilənçiyə çevirdi.   Hansısa kəşflərdən, dünyaya səs salan elmi əsərlərdən xəbər yoxdur. Görünən təkcə budur ki, xeyli sayda məmur elm adamına çevrilib, xeyli sayda vəzifəli şəxsin adından saysız-hesabsız kitablar, məqalələr dərc olunub. Yəni, elm pilləkənində addımlamaq üçün də hökumətin qılıncının altından keçmək, şərin şəninə tərif söyləmək lazımdı.

Dekabrın 15-də AMEA, Təhsil Nazirliyi və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə Azərbaycan gənc alimlərinin I qurultayı keçirilib. Tədbirdə gənc alimlər Azərbaycan Prezidenti İlham Əliyevə müraciət ünvanlayıblar.  İlk baxışdan elə görünə bilər bilər ki, gənc alimlər ölkə başçısına şikayətlərini çatdırıb, elm sahəsində yaranmış problemlərdən danışıb, ölkədəki neqativ vəziyyətə etiraz ediblər.

Amma təəssüflər olsun ki, bu müraciətdən ancaq yaltaqlıq tökülüb. Özünü “gənc alim” adlandıranlar  ölkədəki analoqsuz inkişafdan, İlham Əliyevin elm sahəsinə atalıq qayğısından, neft kapitalının insan kapitalına çevrilməsindən  danışıblar.

Göründüyü kimi gənc alimlər elmdən başqa hər şeydən danışıblar, elmin ağır vəziyyətini inkişaf  kimi qələmə veriblər. Əslində, elm admalarının bu səviyyəyə düşməsi hakimiyyətin fəaliyyətinin nəticəsidir. Hakimiyyət bir daha göstərdi ki, ən yaxşı elmi işçi yaltaqlığı bacarandı, ədalətsizliyi, hüquqsuzluğu, savadsızlığı uğur kimi qiymətləndirərdi.

Biz Azərbaycanda geoloqların, bioloqların, psixoloqların, kardioloqların, politoloqların və digər sahələr üzrə alimlərin yetişməsini istəyirdik. Azərbaycan hakimiyyəti isə yalnız “yaltoqoloq” yetişdirməkdə maraqlı olduğunu göstərdi.  Bəli, bu hakimiyyətə alim yox,  köəlilik elminə yeyələnmiş,  qürurunu tapdlamış adamlar lazımdı.

Dünyada alimlər möhtəşəm ixtiralarla gündəmə gəlir, dünya elminə verdiyi töhfələrlə üzə çıxır, bizdə isə  özünü alim adlandıranlar  ən yaxşı tərifi ixtira etməklə məşğul olurlar.

Alimlərin məlum qurultayındakı, məlum müraciəti oxuduqdan sonra,  Azərbaycan elminə bir daha başsağlığı vermək zərurəti yaranır

Oxunuş sayı 1418 dəfə
Şərh vermək üçün giriş edin
Top