Şənbə, 27 Yanvar 2018 21:00

"Azərbaycanlılar təhsil ala bilmir, ermənilərin iyirmiyə qədər məktəbi var" - Yazardan ölkə başçısına müraciət

Yazar Elçin Aslangil Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya müraciət ünvanlayıb.

Yazarın bu müraciəti Türkiyədə yaşayan azyaşlı azərbaycanlılarla bağlıdır: "Əziz və hörmətli, cənab prezident İlham Əliyev və vitse-prezident Mehriban xanım Əliyeva, hazırda yaşadığım Türkiyənin İstanbul şəhərinin təkcə Qaziosmanpaşa, Sultanqazidə adını belə yazmağı bacarmayan 6 və 17 yaş arası  mindən (1000) çox azərbaycanlı var. Bu çox ciddi problemdir. İstanbulda yaşayan soydaşlarımızın bir çoxunun (yəni yüzdə doxsanının) "ikamət izni" (oturum izni) olmadığı üçün öz övladlarını Türkiyə məktəblərində oxuda bilmirlər". 

E.Aslangil qeyd edir ki, azərbaycanlı uşaqların təhsil ala bilmədiyi ərazilərdə 20-yə qədər ermənidilli məktəb var: "Bu problemin ağrılı tərəfi olsa da, bizlər üçün utancverici tərəfi tamam başqadır. Belə ki, təkcə İstanbul şəhərində iyirmiyə yaxın ermənidilli məktəb var. Bəs nə üçün rəsmi olaraq Azərbaycandilli məktəb heç bir dənə də olsun yoxdur? Əgər İstanbulda yaşayan soydaşlarımızın "qaçaq" statusu ilə yaşadıqlarını nəzərə alsaq, belə məktəb "ölüm, qalım" məsələsidir və həyati əhəmiyyət kəsb edir. Müəyyən ziyalılar tərəfindən qurulan bildiyim qədəri ilə iki və ya üç Azərbaycandilli özəl məktəb var. Ancaq bu məktəblərin heç biri Azərbaycan Respublikasının təhsil nazirliyinə tabe deyil və verdikləri təhsil yetərsizdir". 

"Cənab prezident və birinci xanım, Nizamilər, Lütfüzadələr, Hüseyin Cavidlər, Axundovlar, Topçubaşovlar, Əliağa Şıxlinskilər yetişdirən bir xalqın, xüsusilə hər zaman öyündüyümüz - "Azərbaycan xalqının yüzdə doxsan səkkizi oxuyub yazmağı bacarır" kimi  həqiqətlərinin gözünün içinə indi biz necə baxaq? Müəyyən çətinliklərdən dolayı deyərdim ki, bəlkə də, iki üç min soydaşımızın təhsilsiz olması həqiqətin gözüdür əslində, kor gözü. Bəhs etdiyim göz gəlcəyimizi işıqlandıra bilməyəcək təəssüf ki. Fəqət gec deyil, güc deyil, nə üç deyil, nə də beş deyil, sizlər bu məsələyə əncam çəksəniz", - yazar bildirir. 

Onun sözlərinə görə, bu məsələdə dövlətin qayğısı və dəstəyi olduqca vacibdir: "Bu gün İstanbulda yaşayan bir neçə ziyalı soydaşlarımızla bərabər bu problemə dair, bir xeyli baş sındırmalı olduq və başa düşdük ki, başımızı əzsək belə, arxamızda dövlətin dəstəyi olmadan heç nə edə bilməyəcəyik. Problemin acılı tərəflərindən biri də, soydaşlarımızın  qız uşaqlarını təhsildən yayındıraraq on üç, on dörd yaşlarında zorla ərə verməsidir. Sanki başlarından edirlər. Bu, məncə, gələcəyimiz üçün həyəcan təbilidir. Körpə fidanlarımız təhsil almaq əvəzinə tikiş müəsissələrində valideyinləri tərəfindən zorla əməyə cəlb edilir,  özü də 10-12 saatlıq ağır şərtlər altında...".

"Burada qaçaq kimi yaşayanların heç biri bu ölkədə qalıcı deyil və gec-tez Azərbaycana qayıdacaqlar. Bu, çox ciddi problemdir, cənab prezident və hörmətli birinci xanım. Sizdən xahişim, ricam, yalvarışım bu qaranlıq məsələni işıqlandırmağınızdır", - deyə Aslangil vurğulayır.

Oxunuş sayı 1965 dəfə
Şərh vermək üçün giriş edin
Top