Cümə axşamı, 03 May 2018 22:00

“Siz kimsiniz ki, 30 ilin müəllimini bir dəqiqəyə işdən çıxarırsınız?” - Ekspert

Bir neçə gündür mediada və sosial şəbəkələrdə 189-190 saylı orta məktəbin 1-ci sinif şagirdinin müəllimi tərəfindən döyülməsi müzakirə olunur. 
 
Daha sonra Təhsil Nazirliyi şəxsən nazir Ceyhun Bayramovun rəhbərliyi ilə məktəbdə araşdırma apararaq ittiham olunan müəllimin işdən kənarlaşdırılmasına qərar verib.
 
Sözügedən qərar isə bir çox valideynlər tərəfindən müsbət qarşılanaraq yeni nazirin məsələyə operativ yanaşması təqdirəlayiq hal kimi qiymətləndirildi.
 
Dünən isə ATV-də "Bizimləsən" verilişində məlum olayla bağlı yeni görüntülər yayıldı. Həmin kadrlarda məktəbli qızın valideyni tərəfindən dəfələrlə şiddətə məruz qaldığı görünürdü. İttiham olunan Səyyarə müəllimə isə efirə qoşularaq uşağı döymədiyini etiraf edib.
 
Məlum videodan sonra sosial şəbəkələrdə müəllimi haqsız yerə işdən qovduğuna görə nazir Ceyhun Bayramov və sözügedən qurumla bağlı ağır ittihamlar səsləndirilir.
 
Maraqlıdır ki, nə Təhsil Nazirliyi, nə də Bakı Şəhər Təhsil idarəsi başverənlərə reaksiya bildirmək istədi. 
 
"Qafqazinfo" bu məqamda tanınmış təhsil eksperti Kamran Əsədovun fikirlərini öyrənib. Ekspert açıqlamasında nazir Ceyhun Bayramovu sərt tənqid edib:
 
"Əmək Məcəlləsində işçinin işə götürülməsi və işdən azad edilməsinin əsasları var. Mən elə başa düşürəm nazirliyin təhsildən xəbəri olmadığı qədər, qanunlardan da elə bir xəbəri yoxdur. Heç bir nazir öz kefi ilə müəllimi işdən çıxara bilməz.
 
Azərbaycanda 4400 təhsil müəssisəsi var və orada 151 min müəllim çalışır. Onların hər biri həmkarlar təşkilatının üzvüdür. Müəllimi işdən azad etməmişdən öncə nazirin özü belə həmkarlar ittifaqından razılıq almalıdır. Bir neçə istisna hallar var ki, müəllim özü müraciət edəndə və s. Müəllim hətta ağır cinayət üstündə tutulsa belə, məhkəmənin qərarı olmadan günahsız sayılır. 
 
Bu dəfə nə etdilər? Sosial şəbəkələrdə özlərinə müsbət imic formalaşdırmaq üçün araşdırma tam aparılmamış cumdular müəllimin üstünə. Qəhrəman obrazını insanları düşmən kimi göstərməklə yaratmaq olmaz. Maraqlıdır ki, Azərbaycanda indiyə kimi baş verən ən bədbəxt hadisələrdə belə nazirin özünün hadisə yerində olduğunu görməmişik. Bu, məsələnin alqışlanan, yaxşı tərəfidir. Ancaq çox tələsilmiş və vaxtından öncə verilmiş bir qərar oldu. Birinci olaraq prosesin necə baş verməsi araşdırılmalıdır. İkincisi isə müəllimi birbaşa işdən azad etmək olmaz. Əmək məcəlləsində digər töhmət, şiddətli töhmət, xəbərdarlıq kimi cəzalandırma yöntəmləri var. 
 
Nazirlikdə işləyənlərin əksəriyyətindən iş stajı böyük olan müəllimi bir qələmlə silmək doğru deyil. Bəli, uşağı döymək olmaz. Ancaq mənə maraqlı gələn odur ki, bunlar necə araşdırıblar. Adicə kamera görüntülərinə baxanda məlum oldu ki, valideyn sosial şəbəkələrdə məşhurlaşmaq üçün bu addımı atıb. 
 
Təhsil Nazirliyi yalnız və yalnız sosial şəbəkələr üçün işləyir. Təəssüf ki, nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsi işləmir, araşdırmalar ictimaiyyətə açıq aparılmır, məktəblər ictimaiyyətin üzünə bağlıdır. Özlərinə müsbət imic yaratmaq üçün ancaq sosial şəbəkələrdə nəsə edirlər. Məsələn 5 min manat tapan uşaq özü mükafatdan imtina etmişdi, bunlar ona mükafat verib.
 
Bu gün təhsildə kifayət qədər problemlər var. Nazir əmək məcəlləsinin tələblərini pozub, mən düşünürəm ki, elə nazirin özünə töhmət verilməlidir. Bu məsələdə iştirak edən hamı töhmət almalıdır. Siz kimsiz ki, 30 ilin müəllimini bir dəqiqənin içində işdən çıxarırsız?"
 
Ekspert məktəbdəki kameraların ictimaiyyətə açıq olmasının zəruriliyini vurğulayıb:
 
"İctimaiyyət bu kimi hadisələrdə nazirliyin reaksiyasını gözləmədən həmin görüntüləri əldə etməlidir. Əgər dünən ATV kanalında o görüntülər yayımlanmasaydı, bu gün Azərbaycan müəllimin Təhsil Nazirliyinin fəaliyyətsizliyinə görə aşağı düşən nüfuzu daha da batacaqdı. Cinayət məcəlləsində döyməyə görə sadəcə cərimə cəzası nəzərdə tutulduğu halda, bunlar hansı qanunvericiliyə istinad edib müəllimi işdən azad ediblər? Vallah bu, ayıbdır. Təhsilə ayıbdır, müəllimliyə ayıbdır. Mən gözləyirəm ki, bu məsələdə iştirak edən hər bir məsul şəxsə töhmət veriləcək".
 
Həmin kadrları bir daha təqdim edirik:
Oxunuş sayı 1773 dəfə
Şərh vermək üçün giriş edin
Top