Bazar, 11 Dekabr 2016 21:00

“Pulları verdiyim MTN polkovniki özünü asdı” - həbs edilən polkovnikdən yeni ifadə...

Həbs edilən polkovnikin arvadı məhkəməyə gətirilib. Onlarla vətəndaşa qarşı dələduzluq etməkdə təqsirləndirilən və ümumilikdə 670 min manat mənimsədiyi deyilən polkovnikin arvadından pulların aqibəti soruşulub. O isə ərinin evə ayda 500 manat əmək haqqı gətirdiyini, digər pullardan xəbərinin olmadığını deyib.

Musavat.com xəbər verir ki, “Azərbaycan Dəmir Yolları” QSC-nin Bakı Dəmir Yolu Qovşağı Mülki Müdafiə Qərargahının sabiq rəisi, polkovnik Əlövsət Məhərrəmovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşmaq üzrədir. 

Baş tutan sonuncu məhkəmə prosesində Əlövsət Məhərrəmovun həyat yoldaşı Mehriban Abdullayeva ifadə verib. O, zərərçəkmişlərdən Validə Məmmədovanın tələbi əsasında məhkəməyə şahid kimi gətirilib.  

Oğlunu işə düzəltmək üçün Əlövsət Məhərrəmova 6250 manat verən Validə Məmmədova bu tələbini belə əsaslandırıb ki, pulu sabiq rəisə verməsindən arvadının da xəbəri olub. Hakim Rahib Salmanov bildirib ki, zərərçəkmişin tələbi ilə məhkəməyə gətirilən Mehriban Abdullayeva ilk olaraq elə zərərçəkmişin suallarını cavablandırmalıdır.

Əvvəlcə Mehriban Abdullayeva məhkəmədə deyib ki, Əlövsət Məhərrəmovla rəsmi nigahları yoxdur. Onunla imam nigahlarından bir övladları var. Hakim bildirib ki, rəsmi nigahları olmadığından Mehriban Abdullayeva Əlövsət Məhərrəmovun yaxın qohumu sayılmır. Buna görə də məhkəmədə məcburən ifadə verməli, sualları cavablandırmalıdır. 

Polkovnikin arvadı ilk olaraq Validə Məmmədovanın suallarını cavablandırıb: “Mehriban, Nəsimi polisində mənə dedin ki, Əlövsət tərəzinin bir gözünə pulu, bir gözünə də səni qoyur. Bu pulları haradan almışdı?”

Mehriban Abdullayeva: “Mən elə söz deməmişəm”.

Validə Məmmədova: “Bəs pullar hanı?”

Mehriban Abdullayeva: “Mənim xəbərim yoxdur”.

Validə Məmmədova: “Sən onun belə bir əməl tutduğunu bilirdin. Niyə onu müdafiə edirdin?”.

Mehriban Abdullayeva: “O, mənim uşaqlarımın atasıdır”. 

Hakim Rahib Salmanov: “Siz ərinizin polkovnik olduğunu, vətəndaşlardan işə düzəltmək adı ilə pul aldığını bilirdiniz?”

Mehriban Abdullayeva: “Onun işlərinə qarışmırdım”.

Validə Məmmədova: “Cənab hakim, bu da ərinin yanında işləyib. Ərinin əməllərindən də xəbəri olub. Yalan danışır”.

Mehriban Abdullayeva əvvəlcə ərinin yanında işləməsini inkar etsə də, hakimin təkrar sualından sonra bir neçə il əvvəl Dəmiryolu Xəstəxanasında işlədiyini təsdiqləyib. Hakim şahidə yalan danışmaması ilə bağlı xəbərdarlıq edib.   

Validə Məmmədova: “Mən Əlövsətin evinə getdim. Arvadı Mehribanla görüşdüm. Ərinin məndən pul aldığını dedim. Mehriban mənə dedi ki, əri iş yerində olan kameraları evə gətirib. Görüntülərə baxıb, məsələni aydınlaşdıracaq, mənim pulumu qaytaracaq”. 

Mehriban Abdullayeva: “Mən elə söz deməmişəm. Mən ona demişəm ki, evdə bahalı qablar, qızıl var, onları satım, bir də televizoru verim. 600 manat verdim. Televizoru da istəmədi”. 

Əlövsət Məhərrəmovun vəkili Günay Hacıyeva şahiddən ərinin nə qədər  maaş alması haqda soruşub.

Mehriban Abdullayeva: “500 manat maaş alırdı. Evə də onu gətirirdi. Əlavə pullardan xəbərim yoxdur”.

Zərərçəkmiş Validə Məmmədova: “Mehriban, sənin 6250 manatın yoxdur? Mənim pulumu verin, çıxım gedim də”.

Mehriban Abdullayeva: “Aylıq 350 manata kolbasa sexində işləyirəm. Əlövsət də həbsdədir. Ona və uşaqlarıma baxıram. Uşaqlarımın atasıdır. Deyirəm ki, bir gün çıxıb gələcək. Haradan alım sənə o qədər pulu verim?”

Prokuror təqsirləndirilən Əlövsət Məhərrəmovdan zərərçəkmişlərdən aldığı 670 min manata qədər pulun harada olmasını soruşub.

Əlövsət Məhərrəmovun bu suala cavabı belə olub: “Pulları verdiyim MTN polkovniki özünü asdı”.

Özünü asan şəxsin kimliyi haqda suala isə “MTN polkovniki İlqar” deyə cavab verib. 

Xatırladaq ki, “MTN əməliyyatı” zamanı MTN-nin Antiterror Mərkəzinin sabiq rəis müavini, polkovnik İlqar Əliyev də həbs edilənlər arasında idi. O, ötən il dekabrın 20-də saxlanıldığı Bakı İstintaq Təcridxanasında özünü asaraq, intihar edib.

Məhkəmə zalında olan zərərçəkmişlər isə Əlövsət Məhərrəmovun bu dediklərinə inanmayıblar. Zalda olan zərərçəkmişlər “İndi də təzə yalan tapıb. Bilir ki, adam ölüb, gedib. Ondan heç kim pul ala bilməyəcək. Neçə aydır ki, bunu demirdi. İndi deyir ki, pulu ona vermişəm. Quranla bizi aldadan adam hər yalanı danışar” - deyə onun bu çıxışına reaksiya veriblər.

Növbəti məhkəmə prosesi dekabrın 23-nə təyin edilib. 

Qeyd edək ki, Ə.Məhərrəmovun vətəndaşları aldatması halları 2014-cü ilin sonlarında edilən çoxsaylı şikayətlərdən sonra məlum olub. Ə.Məhərrəmov ötən ilin fevralında həbs edilib. Onun barəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi açılıb. Zərərçəkmişlərin hamısı deyir ki, Ə.Məhərrəmov özünü Fövqəladə Hallar Nazirliyinin (FHN) polkovniki kimi təqdim edərək, onları işə düəltmək adı ilə aldadıb.

Oxunuş sayı 2016 dəfə
Şərh vermək üçün giriş edin
Top