Çərşənbə axşamı, 13 Dekabr 2016 21:00

OPEK-in Vyana qərarı Bakıya necə təsir edəcək?

 “Hazırda bir sıra enerji agentlikləri, banklar OPEK və qeyri-OPEK ölkələrinin keçirilən görüşlərindən sonra neftin qiymətləri ilə bağlı öz proqnozlarına korrektələr ediblər və orta qiyməti 60-65-ə qədər artırıblar. Əvvəllər bu, 50-57 arasında dəyişirdi”

Bu sözləri Axar.az-a açıqlamasında Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban deyib. 

Ekspertin sözlərinə görə, proqnozların özünü nə dərəcədə doğruldacağını indidən söyləmək çətindir:

“Çünki OPEK və qeyri-OPEK ölkələri arasında olan uzlaşma məcburi xarakter daşımır. Yəni qeyri-OPEK ölkələrinin gələn il üzrə hasilatı o cür azaltmaları ilə bağlı hər hansı bir məcburi qayda mexanizmi yoxdur. Qazaxıstan hasilatı 20 min barrel azaltmaq öhdəliyi götürüb. Bu, ilk baxışdan belə görünə bilər ki, Qazaxıstanda neft hasilatı dayanacaq. Ancaq gələn il bu ölkədə neft hasilatı 2016-cı illə müqayisədə əslində 6,5-7 milyon artacaq. Çünki noyabr göstəricisi ilə bağlı azalma qeydə alınıb. Rusiyada hasilat 4 milyon ton artacaq. Həmçinin İranda da artım olacaq. Adı çəkilən ölkələrdə faktiki olaraq 2016-cı illə müqayisədə hasilat azalmayacaq. Səudiyyə kimi neft ölkələrində isə hasilatın azalması baş verəcək. Ona görə də bazarda olan gündəlik 2,5 milyon barrel izafi neftin təqribən ən yaxşı halda 1 milyonu yığıla bilər, 1,5 milyon barreli isə çox güman ki, qalacaq. Bu isə bir müddət neftin qiymətini ancaq süni şəkildə artıracaq. Bundan sonra neftin qiyməti yenidən aşağı düşəcək. Buna görə də neftin qiymətində yüksək artımlar gözlənilməsə də, reallıqda qiymətlər 50-dən yuxarı olacaq. Bu artımların nə qədər olacağını isə qarşıdakı proseslərlə müəyyələşəcək”.

Azərbaycana gəlincə, İ.Şabanın sözlərinə görə, bizdə hasilatın azalması təbii yolla, yəni obyektiv səbəblərdən dolayı baş verir:

“Çünki 35 min barrel azalma onsuz da hökumətin proqnozunda var idi. Sadəcə, Azərbaycan öz mövqeyini nümayiş etdirir ki, neftin qiymətinin artmasında maraqlı olan ölkələrin yanındadır. Ona görə də bu yöndə addımlar atır. Digər tərəfdən, Azərbaycanda hasilatın azalmasının təbii ki, iqtisadiyyata təsirləri var. Çünki xam neftin gətirdiyi gəlir bu gün ölkənin ixracatında 75 faizdən yuxarı bir hissəni təşkil edir. Hesablamalarıma görə, bu azalmanın qarşısını almaq üçün neftin qiyməti minimum 23 faiz artmalıdır ki, 2017-ci ildə 35 min barrellik azalma ötən ilki qədər gəlir gətirsin”.

Qeyd edək ki, OPEK üzvü olmayan ölkələr dekabrın 10-da Vyanada gündəlik neft hasilatının ümumən 600 min barrel azaldılması ilə bağlı razılığa gəliblər. Azərbaycan isə neft hasilatını 35 min barrel, hazırkı hasilatının 5,5 faizi qədər azaldacaq. Yanvar ayında qüvvəyə minəcək sazişə daha 10 ölkə qoşulub. Liviya və Nigeriya istehsalı azaltmaq barədə heç bir öhdəlik qəbul etməyib.

Gələn ilin birinci yarısı üçün nəzərdə tutulan sazişin müddəti isə uzadıla bilər.

OPEK-ə üzv ölkələr bundan öncə noyabrın 30-da gündəlik neft hasilatını 1,2 milyon barrel azaldaraq 32,5 milyon barrelə çatdırmaq barədə razılığa gəliblər.

Oxunuş sayı 1334 dəfə
Şərh vermək üçün giriş edin
Top