Bazar ertəsi, 23 Yanvar 2017 21:00

...Atamı zalımlar apardı

Uzun müddətdir məmləkətmizdə Allah sözünə baxan, haqq-ədalət uğrunda mübarizə aparan insanlara qarşı qərəzli mövqe sərgilənməkdədir. Ölkəmizdə dindarların həbs dalğası həndəsi silsilə şəklində davam edir.  

Telekanallarımızda mənəvi dəyərlərimizin təbliğinə icazə verilmədiyi halda tez-tez dindarlarımızın evindən polislərin “tapdığı” ən müasir silahlarla dolu cəbbəxanalar reklam edilir.

Təbii, bütün günü şou verilişləri ilə xalqın beynini yuyan telekanallara inanclı kəsimin həyat tərzi çox əcaib görünə bilər. Amma biz demokratik ölkədə yaşayırıqsa, o zaman niyə görə, insanlar inancına görə bu qədər basqıya məruz qalmalıdı?

 

Bu basqılardan ən ağır zərbə alan azyaşlılardır, Hüseyn kimi...

Hüseynin 6 yaşı var. Birinci sinifdə oxuyur. Anası deyir ki, bütün  şagirdlər ilk dəfə “ana” sözünü yazır, Hüseyn isə “ata” yazıb. Hüseyn hər gün atasının yolunu gözləyir. 6 yaşlı uşaq hər döyülən qapının arxasında atasının dayandığını zənn edir, elə baxır, elə baxır... Atası isə bir ildir həbs edilib. Səbəbi...?

Səbəbi o qədər möhtəşəmdi. Hüseynin atası Allahı sevdiyi üçün həbs edilib. Özü də şərlənərək həbs edilib.Atasının geri dönəcəyi o ilahi anı səbirsizliklə gözləyən Hüseyn hər axşam anasına eyni sualı verir: Ana atam nə zaman gələcək, atamı niyə apardılar? Ən dəhşətlisi Hüseynin öz cavabıdır: Atamı zalımlar apardı...

Qarabağın Azadlığı Uğrunda İslami Müqavimət Hərəkatı şərlənərək həbs edilən məhbus ailələrini ziyarət etmək layhiəsi çərçivəsində ilahiyyatçı Fərhad Mirzənin evində olub. Qeyd edək ki, layhiənin əsas məqsədi cəmiyyətin diqqətini, saxta ittihamlarla günahsız həbs edilən məhbus ailələrinə yönəltmək, onlara mənəvi dayaq olmaq və hamını bu ailələrin problemləri ilə yaxından tanış etməkdir.

Polislər evə partlayıcı maddə gətirib...

İlahiyyatçı Fərhad Mirzə artıq bir ildən çoxdur ki, həbsdədir.

2015-ci ilin dekabrın 7-də həyətə basqın edən polislər 3 körpə balasının gözləri önündə Fərhad Mirzənin evini alt-üst edib, ilahiyyatçını maşına basıb aparıblar.

Məhbusun xanımı Vüsalə Muradova o günü xatırladıqca dəhşətə gəldim. Axı, bu uşaqların günahı nədir ki, onların uşaq sevincini gözlərində yaşa döndərdilər?

“Dekabrın yeddisi idi. Həyət süpürürdüm. Fərhad xəstəxanadan gəlib evdə yatmışdı. Fərhad hepatit C-dən müalicə olunur. Həmin gün analizlərini verib gəlmişdi. Qəfil avtomobillər doluşdu evimizin qarşısına. Polislər, mülkigeyimlilər töküldülər həyətə. Soruşdular ki, evdədi Fərhad, dedim ki, evdə yatıb. Cumdular əlimdən telefonumu aldılar, hamama, tualetə, zirzəmiyə hər yerə basqın etdilər. Bunların hamısı uşaqların gözləri önündə baş verdi. Sonra bizə bir “klok” göstərib dedilər ki, bu sizin şifonerin başından çıxdı, içində də partlayıcı maddə var. Sonra polislər Fərhadı oturdub həmin “kloku” da verdilər əlinə və yanlarında gətirdikləri iki nəfərə dedilər ki, siz şahidsiniz, bu “klok” Fərhad Mirzənin evindən çıxdı onlar da dedilər “bəli”.

İlahiyyatçının xanımı deyir ki, o günü polislərin o “çevikliyini”, “canfəşanlığını”na mat qalıb: “Əgər bu polislər bizim həyətə cumduqları şəkildə Ermənistana hücum etsəydilər 5 kəndi alardılar. Axı bu həngaməyə nə ehtiyac var idi? Elə Fərhadı çağırsaydılar özü geəcəkdi”.

Məhbus Fərhad Mirzənin evində 3 uşaq böyüyür. 3 uşaq heç bir günahı olmayan atanın sığalına, sevgisinə, bir xoş baxışına həsrət böyüyürlər.

Qızları Zeynəb və Fatimədən ataları haqqında nəsə soruşa bilmədim. Bu məsum qızların gözlərinə baxmağa cəsarətim də çatmadı...

Divarda isə Zeynəbin 20 Yanvara həsr etdiyi rəsmə baxıram. Qanın içində uzanmış balaca qızcığaz, onu öldürən əlisilahl və üstünə hücum çəkən tank. Bütün bunlar 1990-cı ilin 20 yanvar günü baş vermişdi. O zaman etiraz edən dinc əhalini əlisilahlılar qanına qəltan etdi. Aradan 27 il keçib. Bu gün müstəqil ölkədə doğulan zeynəblərin, hüseynlərin, fatimələrin evinə basqın edən əlisilahlılar 20 yanvar qırğınını törədənlərdən nəyi ilə fərqlənir? Yenə də əlisilahlı, evində yatmış, dinc, inanclı şəxsə hücum edir. Azyaşlı övladlarının gözləri qarşısında üstünə böhtan atır və evini ələk-vələk edib özünü də maşına basıb aparırlar.

Bu məqamda Fərhad Mirzə evə zəng edir. Gəlişiimizə sevinən ailəni bu zəng də bir yandan sevindirir. Fərhad Mirzə qonaqlarla da hal-əhval tutur, Qarabağın Azadlığı Uğrunda İslami Müqavimət Hərəkatının sədri Rövşən Əhmədli ilə salamlaşır, qonaqlara gəlişinə görə təşəkkür edir. Oğlu Hüseynlə söhbətləşir. Bu təsadüf bizim də ürəyimizcə olur.

Standart ittihamlar, standart cəza

Vüsalə Muradova məhkəmənin ədalətli qərar çıxaracağına əmin deyil: “Məhkəmənin ədalətli qərar çıxaracağına ümidim yoxdur. İki məhkəmədə olmuşam. Prokuror o qədər danışır ki, heç kəsə ağzını açmağa imkan vermir. Üstəlik, nə dediyini eşitmirik, çünki mikrafonların səsi çıxmır. Biz dəfələrlə tələb etsək də, mikrafonun səsini artırmırlar. Prokurorun nə dediyi bəlli deyil, sadəcə olaraq bilirik ki, bu ölkədə dindarları standart ittihamlarla, standart maddələrlə cəzalandırırlar. Odur ki, Fərhadın da cəzası və “günahı” bəllidir. Bircə ümidim Allahadır. İnanıram ki, Allah haqsız yerə həbs olunan bütün məhbusların qapısını açacaq”.

Qeyd edək ki, Fərhad Mirzə "Müsəlman Birliyi Hərəkatı"nın İdarə Heyətinin üzvü idi. O, Nardaran hadisələrində təqsirləndirilir və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Bu günlərdə Ağır Cinayətlər Məhkəməsində “Nardaran işi”nin məhkəmə prosesinin gedişatı göstərdi ki, Vüsalə Muradova inamsızlığında haqlıdır. 2015-ci ilin noyabrın 26-da Bakının Nardaran qəsəbəsində xüsusi əməliyyatla həbs edilən "Müsəlman Birliyi Hərəkatı"nın lideri Tale Bağırzadəyə ömürlük həbs cəzasını istəyən məhkəmə sistemindən ədalət gözləməyin özü ədalətsizlikdir

Hüseyn polisləri görəndə əlləri əsir

Bunu da Vüsalə xanım deyir. Gözünün qabağında baş verənlər bu uşağın körpə, məsum qəlbini yaralayıb: “İndi 6 yaşlı Hüseyn polisləri görəndə dişlərini qıcayır, əlləri əsir. Deyir onlar zalımdı, atamı polislər apardı.

Amma müşahidə etdiyim bir detalı da nəzərnizə çatdırmaq istəyirəm əziz oxucularım. Bu, son illər cəmiyyətin şərlənərək həbs edilən dindarlara qarşı dəyişən  müsbət münasibətidir və sevindirci haldır. Telekanalların “terrorçu”, “xalq düşməni” kimi təqdim etdiyi Tale Bağırzadələri dəstəkləyənlər getdikcə artmaqdadır. Əslində  bu haqsızlıqlar insanların bəsirət gözlərini açır və onlar ağı qaradan seçməkdə ötən illərdəki qədər çətinlik çəkmirlər.

Elə Fərhad Mirzəgildə olanda da söhbət zamanı Vüsalə xanımın cəmiyyətin bu ailəyə olan münasibəti ilə bağlı söylədiyi fikirləri dinləyəndə də bir daha bunun şahidi oldum: “Ətrafda nə uşaqlarımı, nə məni narahat edəcək bir münasibət olmayıb bizə qarşı. Məktəbdə də, elə qonşularla da münasibətdə çox mülayim ünsiyyət gördük bu belə də davam edir. İnsanlar yalanlara, deyilənlərə deyil, gördüklərinə inanırlar”.

Bu arada bir məqama diqqət çəkməyi vacib bildim. Vüsalə xanımla söhbət zamanı bu qadının zəkasına, imanına, vətən sevgisinə, azadlıq eşqinə heyran qaldım. 3 azyaşlı uşağının, ailənin bütün ağırlığını çiyinlərində daşıyan bu qadın hər an şükür edir: “Allah bizi sevdiyi üçün bu imtahanla sınağa çəkir. Təki Allah bizi bu imtahanlardan üzüağ çıxarsın! Uşaqlar əvəllər həyatdan küsmüşdülər, özüm də qəfil zərbədən səntirləmişdim, getdikcə hər şey qaydasına düşdü.

Mən ailə quranda bilirdim kiminlə ailə qururam. Fərhada görə çəkdiyimiz əziyyətlər də bizə şirindi. Fərhad ayağını qoyduğu yerə mən başımı qoyaram.

Zindanda dünyasını dəyişən İmam Museyi Kazım Ağanın tabutu çox ağır olur. Açıb görürlər ki, Ağa öləndə də zəncirlərini əlindən qolundan açmayıblar. Biz bu yolun acısını, ağrısını bilə-bilə düşdük bu yola. Hacı Talenin bir yaxşı sözü var deyir ki, biz dindarıq, dinimizi, Allahı sevirik, amma hələ bu yolda Fatimeyi Zəhra kimi qabırğalarımız sınmayıb. Fərhadı təqib edəndə incidəndə həmişə deyirdi ki, günəşə nə qədər palçıq atsalar da yapışmaz. Bu bizim yolumuzdur, sonacan getməliyik”.

Binə kəndindən ayrılırıq... Bu nəcib ailəni ziyarət etdiyimizə görə mənəvi bir yüngüllük hiss etsək də Azərbaycanda belə ailələrin çoxluğu, günü-gündən artması içimizi dərin bir narahatlıqla doldurur...

Arxamızca baxan uşaqların gözləri sanki bizə “bəs atamızı nə vaxt gətirəcəksiz” deyirdi...

Darıxmayın balalar, hər qaranlıq gecənin mütləq bir işıqlı səhəri var...

Oxunuş sayı 2390 dəfə
Şərh vermək üçün giriş edin
Top