Çərşənbə, 30 Mart 2016 08:23

Dünyada bahalaşan ABŞ valyutası Azərbaycanda niyə dəyər itirir?

Dollara nə olur?- ORTADA OYUN OLMA EHTİMALI VAR

Dünyanın son günlər müzakirə etdiyi ən mühüm məsələlərindən biri dolların sürətlə bahalaşmasıdır. FED-in son açıqlamaları, uçot dərəcələrini artırma barədə xəbərdarlıqlar etməsi, habelə bəzi qərarların yaxın vaxtlar üçün açıqlanacağı xəbərləri dolları sürətli şəkildə dəyərə mindirməyə başlayıb. 
Son iki gündə dollar Yaponiya ieni üzərində 0,4 faizlik dəyər qazanıb. Avroya nisbətdə də vəziyyət eynidir və son günlər 1 dollar 1.1 avroya bərabər olub. 

Dünyada baş verənlərə rəğmən, Azərbaycanda isə bunun tərsi müşahidə edilir. Belə ki, Azərbaycan Mərkəzi Bankı martın 30-a olan valyuta məzənnəsini açıqlayıb. Və həmin məlumata əsasən bu gün üçün 1 dollar 1,55 manat səviyyəsində müəyyən edilib. Halbuki dünən bu məzənnə 1 dollar=1,5737 manat təşkil edirdi. 

Dolların Azərbaycanda sürətlə bahalaşmasına səbəb nə ola bilər? Ekspertlərin bununla bağlı çeşidli mülahizələri var. Onların bir qismi hesab edir ki, AMB-nin son açıqlaması məntiqli görünmür və bu real tələb-təklifə uyğun deyil. Onlar hesab edirlər ki, Mərkəzi Bank dolların dəyərdən düşməsini inzibati yollarla həyata keçirir. Ki, bunun da nəticələri həmişə ağır olub. 

Bəzi ekspertlərin qənaəti isə başqadır. Onlar hesab edirlər ki, dolların Azərbaycanda dəyərdən düşməsi heç də manata olan inamdan irəli gəlmir. Əksinə, son dövrlər sahibkarlar, hətta iri iş adamları ölkəni tərk etməyə başlayıblar. Onlar bizneslərini gücləndirmək üçün sabit ölkə axtarışındadırlar. 

Xaricdən mal və məhsulların gətirilməsində isə sürətli azalma müşahidə olunur. Bunu artıq Dövlət Gömrük Komitəsi də təsdiqləyir. Dövriyyə aşağı düşdükcə ölkədən çıxarılan dolların da həcmi azalmağa başlayır. Ki, bu da tələb və təklif arasındakı balansın pozulması deməkdir. Yəni, əslində, tələbat yüksəkdir, lakin sabit manat olmadan təkliflər azalmaq üzrədir. Belə olan halda, pozulmuş balansı manatı gücləndirməklə aradan qaldırmaq mümkün deyil. Ekspertlərə görə, AMB bu yolu tutub ki, bu da zərərlidir. 

Elə bu səbəbdəndir ki, bəzi məqamlarda dolların manat qarşısında dəyərdən düşməsi ortada oyunun olması düşüncəsinə gətirib çıxarıb. Bəzilərinin qənaətinə görə, hazırkı vəziyyət AMB-nin öz oyunudur və yaxın günlərdə dolların bahalaşacağını yaxşı bildiyindən belə bir varianta gedib. Sabah dollar bahalaşanda da əlində arqument olacaq ki, proses bütün dünyada baş verir. 

Qeyd edək ki, dolların bayram günlərində ucuzlaşma xəbəri də yayılmışdı. Məlum olmuşdu ki, Novruz Bayramı ilə əlaqədar olaraq Azərbaycana gələn turistlərin sayı gözləniləndən iki dəfə çox olub. Bu isə toplam 60-80 milyon dollar arasında pulun ölkəyə daxil olması anlamını daşayıb. Bayramla əlaqədar bankların işləməməsi isə xarici vətəndaşların pullarını dəyişmək üçün «qara bazara» üz tutmalarına səbəb olub. Orada 1 dolların 1,45 manata satıldığı qeyd olunurdu. 
Oxunuş sayı 1325 dəfə
Şərh vermək üçün giriş edin
Top