Cümə axşamı, 17 May 2018 22:00

Diqqətlər yenidən SOCAR Türkiyədə!

Niyə?!

 SOCAR Türkiyənin Azərbaycanla bağlı ictimai, mədəni layihələrə ayırdığı vəsaitin bölünməsi uğrunda savaş yenidən qızışıb

 Son iki ilə qədər SOCAR Türkiyə barəsində tənqidi və ifşaedici yazılar demək olar ki, hər həftə xəbər saytlarının manşetində olurdu. Son illər ölkədə baş verən siyasi məzmunlu olaylar (Eldar Mahmudov çetesinin ifşası, referendum və prezident seçkiləri) fonunda Azərbaycanı Türkiyədə təmsil edən ən böyük qurumumuz sanki unuduldu. Lakin bir neçə müddətdir ki, SOCAR Türkiyə və qurumun idarə heyətinin sədri Arif Əliyev yenidən gündəmə gəldi – özü də çox ciddi ittihamlarla. Adam külli miqdarda “yeyintidə”, korrupsiya və maliyyə fırıldaqlarında ittiham olunurdu. Maraqlıdır ki, nə şirkət, nə də adı şəkilən şəxs bu xəbərləri yalanlamadı.

Yayılan xəbər ilk baxışdan adi, hansısa iri çaplı məmurun ifşasına yönələn informasiya kimi görünə bilər. Lakin məsələnin çox ciddi və görünməyən tərəfləri var. Arif Əliyevin əleyhinə verilən yazıların araxasında SOCAR Türkiyə büdcəsindən Azərbaycan adına xərclənən ictimai-siyasi və xeyriyyə məqsədli vəsaitlərin bölünməsi uğrunda mübarizə var. Bu mübarizənin başlanğıc, daha doğrusu, qızışma tarixi 2010-cu ilə, Həsən Zeynalovun Azərbaycanın İstanbul şəhərindəki baş konsulu vəzifəsinə təyin olunmasına gedib çıxır. Həmin illərdə SOCAR Türkiyənin büdcəsindən Azərbaycanla bağlı müxtəlif tədbirlərin təşkilinə külli miqdarda vəsait xərclənirdi. Bu tədbirlərin təşkilati işləri Prezident Administrasiyasının ozamankı siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanova bağlı idi. Həmin tədbirlərin keçirilməsi adı altında SOCAR Türkiyənin büdcəsindən külli miqdarda vəsait yuyularaq Arif Əliyev və Elnur Aslanov arasında bölündüyü iddia olunurdu. PA-da ictimai-siyasi işlərin təşkilindən sorumlu olan Əli Həsənovun adamları və İstanbuldakı Azərbaycan adına tədbirlərin təşkilinə məsul baş konsul Həsən Zeynalov bu bölgüdən kənarda saxlanılırdı və təbii ki, bu da onların ciddi narazılığına səbəb olurdu. Sözügedən maliyyənin bölünməsi uğrunda ciddi savaş başlanmışdı.

İki qrup – Fətullah Gülənin “Hizmət” hərəkatına bağlılıqları iddia olunan Arif Əliyev-Elnur Aslanov tandemi ilə Əli Həsənov-Həsən Zeynalov ittifaqı arasında ciddi informasiya savaşı gedirdi. Həsən Zeynalov A.Əliyev-E.Aslanov qruplaşmasının İstanbul fəaliyyəti barədə materialları Bakıya ötürür, öz səlahiyyətlərindən istifadə edən ictimai-siyasi məsələlər şöbəsinin müdiri həm bu informasiyaları, həm də öz əlavələrini şərhlərlə birgə müxalifətli-iqtidarlı qəzetlərində tirajlatdırırdı.

Müharibə təkcə media müstəvisində deyil, hakimiyyət dəftərxanası üzərindən də aparılırdı. İstanbuldakı baş konsul PA-dakı müttəfiqinin tövsiyələrinə uyğun olaraq diplomatik kanalla Azərbaycan XİN-ə narazılıq dolu şikayət mətubları yollayaraq A.Əliyev və E.Aslanovun Türkiyədəki əməllərindən şikayət edirdi. Onlar əsasən, nurçuluq ideologiyasına xidmət etməkdə günahlandırılırdılar. Ancaq baş konsulun bütün məktubları XİN-in arxivlərinə göndərilir, heç bir tədbir görülmürdü.

Belə olan halda, H.Zeynalov həmin məktubları PA-ya və dövlət başçısına ünavnalamağa başlayır. Bu dəfə qınaq obyektləri arasında XİN rəhbəri Elmar Məmmədyarov da var idi ki, o da fətullahçılara xidmət etməkdə günahlandırılırdı. Bu məktuba aidiyyəti üzrə XİN-ə göndərildikdən sonra Azərbaycan xarici siyasət idarəsinin rəhbərliyi Həsən Zeynalova xəbərçiliyinə görə soyuq münasibət göstərməyə, hətta onu sıxışdırmağa başlamışdılar.

2013-ün sonundan etibarən Türkiyədə baş verən olaylar Həsənov-Zeynalov qruplaşmasının xeyrinə işlədi və bildiyimiz kimi, ölkədəki fətullahçıların əksəriyyəti görəvdən uzaqlaşdırıldı. SOCAR Türkiyə barədə ümumi xarakterli tənqidi yazılar arada bir getsə də, bu materiallar davamlı yayılmırdı – ta Türkiyədə Global Meida Group tərəfindən iri media layihələri başlanıncaya qədər. SOCAR Türkiyənin ictimai-siyasi sektora külli miqdarda investisiya yatırdığından və proseslərin ondan xəbərsiz icra edildiyinə dözə bilməyən qüvvələr yenidən aktivləşib. Bu dəfə onlara Arif Əliyevin SOCAR-dakı rəqibləri müttəfiqlik edir.

Aldığımız məəlumata görə, Arif Əliyev SOCAR-dakı rəqiblərini zəiflətmək üçün ictimai-siyasi işin təşkilinə məsul olan şəxslə anlaşmaya getməyə, ayrılan vəsaiti onunla (onun adamları ilə) bölməyə hazırlaşır. Tam razılaşmanın əldə edilib-edilməməsi barədə əlimizdə yetərli informasiya olmadığından hələ ki, bölüşmürük. Bu məsələ ilə bağlı araşdırmalarımız davam edir.(Xural.com)

Oxunuş sayı 1316 dəfə
Şərh vermək üçün giriş edin
Top