Çərşənbə, 02 Yanvar 2019 07:26

"Azərbaycan ÜDM-nin artım tempinə görə sonuncudur" - Qubad İbadoğlu

"Azərbaycan ümumi daxili məhsulun (ÜDM) artım tempinə görə Müstəqil Dövlətlər Birliyi (MDB) məkanında sonuncudur".
 
Bunu iqtisadçı Qubad İbadoğlu "Facebook" hesabında yazıb.
 
Ekspert MDB Statistika Komitəsinə istinadla bildirir ki, 2018-ci ilin yanvar-oktyabr aylarında Tacikistanda ÜDM 7 faiz, Türkmənistanda 6,2 faiz, Ermənistanda 6 faiz, Özbəkistanda 5,2 faiz, Moldovada 4,5 faiz, Qazaxıstanda 4,1 faiz, Belarusda 3,5 faiz, Ukraynada 2,2 faiz, Qırğızıstanda 2 faiz, Rusiyada 1,5 faiz, Azərbaycanda 0,8 faiz artıb.
 
Q. İbadoğlu yazır ki, 2018-ci ildə Azərbaycanda ÜDM-in 1,8-2 faizlik artımı proqnozlaşdırılmışdı: "Lakin gözləntilər özünü doğrultmadı. Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin 10 ayında ölkədə ÜDM 0,8 faiz, o cümlədən qeyri-neft ÜDM-i 1 faiz artıb. Halbuki 2017-ci ilin eyni dövründə qeyri-neft ÜDM-i 2,1 faiz irəli getmişdi. Əhalinin hər nəfərinə düşən ÜDM isə bu ilin 10 ayında ötən ilin eyni dövrü ilə müqayisədə manatla 0,1 faiz azalıb”.
 
Dövlət Statistika Komitəsinin son rəsmi hesabatına görə, 2018-ci ilin yanvar-noyabr aylarında ölkənin ümumi daxili məhsulu 1 faiz artaraq 72 milyard 432,1 milyon manata çatıb. Əvvəlki ilin 11 ayına nisbətən iqtisadiyyatın qeyri-neft sektorunda 1,3 faiz, neft sektorunda 0,3 faiz artım qeydə alınıb, əhalinin hər nəfərinə düşən ÜDM 7378,5 manata bərabər olub.
Oxunuş sayı 971 dəfə
Şərh vermək üçün giriş edin
Top