Çərşənbə, 02 Yanvar 2019 23:33

Pambıq avantürası heyvandarlığa ağır zərbə oldu

Kənd təsərrüfatı mütəxəssisi Vahid Məhərrəmov pambıqçılığın inkişaf etdirilməsi kampaniyasının heyvandarlığın ağır vəziyyətə salınması ilə nəticələndiyi haqqında fikirlərini fb səhifəsində paylaşıb.

Hakimiyyətin apardığı yarıtmaz aqrar siyasət heyvandarlığı sıradan çıxarır. Belə ki, 2018-ci ilin yanvar-noyabr ayları ərzində Azərbaycana 63,6 milyon ABŞ dolları dəyərində 43,2 min ton ət və ət əlavələri idxal olunub. Bu o deməkdir ki, ötən ilin eyni dövrü ilə müqayisədə ət idxalı dəyər ifadəsində 9,5%, fiziki çəkidə isə 16,3% artıb. 2015-ci ilin 11 ayı ilə müqayisədə isə ət idxalı dəyər ifadəsində 3,7 dəfə, fiziki çəkidə isə 4,3 dəfə artmışdır. Bundan əlavə, rəsmi məlumata əsasən, bu ilin 11 ayı ərzində ölkəyə 51,9 milyon dollar dəyərində kəsim üçün diri heyvan idxal olunub. Bu göstəricilər onu deməyə əsas verir ki, hakimiyyətin yarıtmaz pambıq siyasəti qısa müddət ərzində heyvandarlığa on milyonlarla dollar ziyan vurmuşdur.

Onu da qeyd etməliyəm ki, pambıqçılıqda da vəziyyət ürəkaçan deyil. İlham Əliyev bir il əvvəl hər hektardan 40 sentner pambıq əldə olunacağını vəd etsə də, sonradan bu göstəricini 2 dəfə aşağı endirmişdir. Üç ay əvvəl qeyd etmişdir ki, “hər hektardan orta məhsuldarlıq azı 20 sentnerə çatdırılmalıdır”. Lakin bu günə olan məlumata görə 132,5 min hektar pambıq sahəsindən pambıq qəbulu məntəqələrinə 229,2 min ton məhsul təhvil verilib. Bu isə o deməkdir ki, ölkə üzrə hər hektardan orta məhsuldarlıq 17,2 sentnerə bərabərdir. Pambıqçılıqda məhsuldarlığın bu qədər aşağı olması onu deməyə əsas verir ki, keçən il olduğu kimi bu il də, bir çox rayonlarda pambıq əkini ilə məşğul olan fermerlər, kəndlilər ciddi ziyana məruz qalmışlar.

Oxunuş sayı 977 dəfə
Şərh vermək üçün giriş edin
Top