Cümə, 01 Mart 2019 14:58

İqbal Ağazadəyə qarşı 160 min manatlıq dələduzluq edən şəxs ifadə verdi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Ümid Partiyasının sədri, keçmiş deputat İqbal Ağazadəyə qarşı dələduzluq etməkdə təqsirləndirilən Sərməs Tağıyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib. Hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə dövtlət ittihamçısı ittiham aktını elan edib. Elan olunmuş ittiham üzrə S.Tağıyev özünü təqsirli bildiyini deyib. Daha sonra o, sərbəst ifadə verib. Qeyd edib ki, zərərçəkmiş İ.Ağazadəni xalası oğlu vasitəsi ilə tanıyıb. S.Tağıyev söyləyib ki, özünə məxsus evləri olub, bunların da sənədlərini hazırlamaq üçün İ.Ağazadədən ümumilikdə 160 min manat pul alıb: "İqbal müəllim təklif etdi ki, evlərin sənədlərini hazırlayım. Sənədlər hazır olandan sonra evlər satılacaqdı. Mənə 160 min manat pul verdi". Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadəsini təsdiq etdiyini, əməlindən peşman olduğunu bildirib. O, İ.Ağazadədən aldığı 160 min manatı geri qaytardığını vurğulayıb. İclasda elan olunub ki, zərərçəkmiş İ.Ağazadə məhkəməyə gəlməyib, o, təqsirləndirilən şəxsdən şikayətçi deyil. Məhkəmənin növbəti iclası martın 14-nə təyin edilib. İttiham aktına əsasən, S.Tağıyev İ.Ağazadənin etibarından sui-istifadə edərək onun 165 min manat pulunu dələduzluq yolu ilə ələ keçirib. Ona qarşı Cinayət Məcəlləsin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Xatırladaq ki, S.Tağıyev dahan əvvəl də eyni maddə ilə mühakimə olunub. O, 5 avqust 2015-ci il tarixdə Ramin Hüseynlinin adına ipoteka fondundan 70 min manat kredit götürməyə kömək edəcəyini vəd verib və 4 min manat pul alıb. Bundan başqa, S.Tağıyev 18 avqust 2015-ci il tarixdə İbrahim Cəbiyevə ipoteka fondundan 50 min manat kredit götürəcəyini vəd edərək, Abşeron rayonu Xırdalan şəhəri Dövlət Əmlak Agentliyinin inzibati binasında yerləşən ev alqı-satqı ofisində 10 min manat pul alıb. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S.Tağıyev 8 il müddətinə azadlıqdan məhrum edilib. O, apellyasiya şikayəti verib və cəzasının yüngülləşdirilməsini istəyib. Sumqayıt Apellyasiya Məhkəməsinin qərarı ilə S.Tağıyevin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib, o, azadlığa buraxılıb.(report)

Oxunuş sayı 4263 dəfə
Şərh vermək üçün giriş edin
Top