Çərşənbə, 04 May 2016 22:00

"Qumarxanalar kralı" Ağdamlı İqbalın arxasında kim dayanır?

Ağdamlı İqbalın polisdə çalışan Fərid Mirələmovla mütəmadi görüşməsi müəmmalara yol açıb 

Ötən günlərdə xəbər vermişdik ki, Bakıda əksər qumarxanaların işlədicisi kimi ad çıxarmış və bu sahədə «kral» ləqəbi almış Ağdamlı İqbal bir müddət əvvəl bağlanmış lotoxanalarının profilini dəyişməyə başlayıb. 

Jam.az xəbər verir ki, sözügedən şəxs artıq əvvəlki kimi obyektlərindən lotoxana kimi deyil, kazino kimi istifadə edəcək. Bunun üçün isə o, Türkiyədən özünə kazino qurğuları gətizdirir. 

Bu ənada, apardığımız araşdırmalar zamanı məlum olub ki, Ağdamlı İqbalın deputatlardan birinin oğluyla çox yaxın münasibətləri var. Həmin deputat oğlu isə polisdə işləyir və bir xeyli əvvəl adı qalmaqallı məsələyə qarışmışdı. 

Məlumatlı mənbələrin bildirdiyinə görə, deputatın Dəmir Yolu Polisində zabit kimi çalışan oğlu Fərid Mirələmovla Ağdamlı İqbal mütəmadi görüşürlər. Həmin görüş isə «Tri Karona» deyilən ərazidəki «Park Klub» adlanan məkanda baş tutur. Həmin məkanın zirzəmisində isə elə sözügedən şəxsin qumarxanası fəaliyyət göstərir. 

Elə bu səbəbdəndir ki, Fərid Mirələmovla Ağdamlı İqbalın mütəmadi olaraq görüşməsi müəmmalara yol açıb. Belə ki, polis orqanlarında çalışan birinin qeyri-qanuni işlərlə məşğul olan və fəaliyyət növünə görə cinayət məsuliyyəti daşıdığı adamla əlaqə qurması kifayət qədər qaranlıqdır. 

Bəzi iddialara görə, Ağdamlı İqbalın qumar biznesində uğur qazanmasında deputat oğlunun mühüm rolu olub. Bunun nə dərəcə doğru olduğu barədə dəqiq nəsə demək çətindir. Lakin qəribə olan odur ki, Fərid Mirələmov görüşdüyü adamın cinayət məsuliyyəti daşıdığının fərqinə vardığı halda, onunla bağlı hər hansı bir tədbirin görülməsi üçün zəmin yaratmayıb. Yəni ən azından özünün səlahiyyətində olmasa belə, müvafiq dövlət qurumlarını məlumatlandırmaq onun vəzifə borcu hesab edilir. Ən azından, DİN-in ayrı-ayrı qurumlarına məlumat verib, qeyri-qanuni fəaliyyət növüylə məşğul olan şəxsin zərərsizləşdirilməsinə nail ola bilərdi. Elə müəmma da odur ki, deputatın polis oğlu niyə bu addımı atmayıb. 

Bu yaxınlarda Ağdamlı İqbalın obyektində oğurluq hadisəsi də yaşanıb. Belə ki, «qumar kralı»nın Bakıdakı məkanlarından birinə qumar oynamaq üçün gəlmiş müştərinin maşınından 30 min manat pul götürülüb. Lakin hadisənin qumarxanada baş verməsi səbəbindən bununla bağlı polisə heç bir müraciət edilməyib. 

Yazıda adları keçən şəxslərin də mövqeyini dərc etməyə hazırıq. 

Oxunuş sayı 2430 dəfə
Şərh vermək üçün giriş edin
Top