Çərşənbə axşamı, 10 May 2016 22:00

Son 2-3 ayda bankların durumu necədir?- Ekspert şərh etdi

"Ötən ilin yanvarından - birinci devalvasiya öncəsi dövrdən indiyədək Azərbaycanın bank sektorunun xarici aktivləri 1.9 milyard dollar (47.5%) artaraq 4 milyard dollardan 5.9 milyard dollara yüksəlib. Əvəzində bankların xarici öhdəlikləri 1.4 milyard dollar (22.3%) azalaraq 6.3 milyard dollardan 4.9 milyard dollara enib".

 Bunu iqtisadçı ekspert, REAL Hərəkatının İdarə Heyətinin üzvü Rövşən Ağayev feysbukda yazıb.

 Onun sözlərinə görə, bankların xarici aktivlərinə onların hesablarındakı xarici valyuta ilə nağd vəsaitlər, bankların xarici banklara olan hesablarında saxladığı xarici valyuta və qiymətli metallar formasında vəsaitlər, yerli bankların xarici şirkət və bankların səhmlərinin alınmasına yönəltdiyi vəsait, xaricə verdikləri kreditlər və s. daxildir: "Bankların xarici öhdəliklərinə xaricdən aldıqları kreditlər, əcnəbilərin xarici valyuta ilə depozitləri və hesablardakı xarici valyuta ilə nağd qalıqları və s. (məs, qiymətli metallar formasında saxlancları) daxildir. Bu statistikada diqqətçəkən bir məqam var: son 2-3 ayda xarici valyutaların orta hesabla 7-8% ucuzlaşdığı dövrdə bankların xarici valyuta aktivlərini artırması manat ekvivalenində onlar üçün itki deməkdir. Belə şəraitdə bank sektorunun xarici aktivlərində ən azından kəskin artımı (48%) maraqlı görünür".

 "Birinci devalvasiyadan əvvəl banklarımızın xarici öhdəlikləri xarici aktivlərindən 2.5 milyard dollar çox idi. İndi isə əksinə aktivlər öhdəliklərdən 1.3 milyard dollar çoxdu.

Xarici öhdəliklərin sürətlə azalmasının isə 2 mümkün səbəbi ola bilər: 

1) banklar mümkün qədər əvvəlki dövrdə götürdükləri xarici borc yükünü azaltmağa çalışırlar; 

2) kredit reytinqinin pisləşməsi, real sektorun kreditlərə tələbatının kəskin azalması bakların xarici borclanma imkanlarını məhdudlaşdırıb", - deyə o bildirib.

Oxunuş sayı 1280 dəfə
Şərh vermək üçün giriş edin
Top